Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü Hadisə

Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü

Bu gün dünyada hərbi-siyasi durum arzuolunan səviyyədə deyil. Bunun səbəbi qlobal hərbi-siyasi layihələrdən doğan ağır nəticələrdir. Bu faktorlar bütün dünya dövlətlərini təzyiq altında saxlayır və onun milli təhlükəsizliyinə təhdid yaradır. Belə olduğu halda, hər bir ölkənin güc strukturlarının, eyni zamanda, polisin üzərinə ağır yük düşür. Ona görə də hüquq-mühafizə orqanlarının peşəkarlığı, diqqətli və ayıq olması, həmçinin müasir texnologiyalarla təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan geosiyasi maraqların kəsişdiyi çətin bölgədə yerləşir. Buna görə də xarici və daxili təhdidlərin qarşısının alınması, asayişin qorunması kimi çətin vəzifədə polisin məsuliyyəti daha ağırdır.
Bu gün Azərbaycan Polisi əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib, şəxsi heyətin peşəkarlığı artıb, maddi-texniki təminatla bağlı durum arzuolunan səviyyədədir və bu proses davam edir. Dövlət başçısı səviyyəsində polisə ali diqqət və qayğı var.
Prezident İlham Əliyev bildiirb ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik...".
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq-mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, asayişin qorunması və dövlət proqramlarının icrası təmin edilib: "Ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb".
Qeyd edək ki, bu il Azərbaycan polisinin yaranmasının 100 ili tamam olur. 1998-ci ildən iyulun 2-si ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

AXC dövrü
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Behbud xan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olub.
Amma polisin tarixi daha qədimlərə gedib çıxır.
Rusiya ilə İran arasında gedən müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanan Türkmənçay sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiyaya birləşdirilib. Məhz həmin vaxtlardan ölkəmizdə polis rəsmi orqan kimi fəaliyyətə başlayıb. İlk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. O vaxt polis idarələri quberniya rəhbərliyinə tabe olub. O dövrün polisi xırda cinayət hadisələrinə baxmaqla məhkəmə funksiyalarını da yerinə yetirib. Belə vəziyyət 1918-ci ilin aprelinədək davam edib...
AXC dövründə Bakı ilə yanaşı, qəzalar da DİN-ə tabe olub, mərkəzləşdirilmiş qaydada xidmət üzrə vaxtaşırı hesabat verən polis idarələri mövcud idi. Bunu 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti DİN-nin dəftərxanasına daxili işlər nazirinin adına göndərilən qubernatorların və qəza rəislərinin hesabatlarında görmək olar.
AXC dövründə polis beynəlxalq təcrübədən də yararlanırdı. İngilislərin klassik polis işi təcrübəsi Bakıda müstəqil Azərbaycan polisinin idarəçiliyi və fəaliyyətinə müsbət mənada təsir göstərib. Çünki Böyük Britaniya polis sisteminin tarixi daha qədim idi və daha sivil formada inkişaf etmişdi.
İlk müstəqil polisimiz dövlət suverenliyimiz və ərazi bütövlüyümüzün qorunmasında Azərbaycan ordusu ilə erməni-daşnak, gürcü-menşevik, rus-şovinist birləşmələrinin və bolşeviklərin milli dövlətçiliyimiz əleyhinə yönəlmiş qəsbkarlığına və təcavüzkarlığına qarşı mübarizədə də iştirak ediblər. Məsələn, 1918-ci ilin payızında Britaniya generalı Uilliam Montqomer Tomsonun başçılıq etdiyi ingilis qoşunları ilə birlikdə Bakıya daxil olan avantürist və ermənipərəst hərbçi, polkovnik Lazar Biçexarovun gizli, separat niyyətlərinin üstü açılmışdı.
O zaman Azərbaycan polisi cinayətkarlığa qarşı ciddi mübarizə aparırdı. AXC-nin daxili işlər naziri Behbud xan Cavanşir o zaman buraxılan rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetinin 1 noyabr 1918-ci il tarixli nömrəsində çıxan müsahibəsində deyirdi: "...Tutulan cinayətkarların arasında bütün siniflərin və silklərin nümayəndələri, hətta mollalar da var. Artıq cinayətkar aləmin demək olar ki, 90 faizi hüquq-mühafizə orqanlarının əlindədir. Adam öldürən bir neçə bəy də tutulub. Hərbi vəziyyət elan edilənədək baş verən cinayətlər mülki qaydada, hərbi vəziyyət zamanı törədilənlər isə hərbi məhkəmə vasitəsilə araşdırılacaq".
O zaman polis həm də qanunvericilik bazasının, normativ-hüquqi aktların möhkəmlənməsində də təşəbbüskarlıq göstərib. Azərbaycan parlamentinin 1919-cu il fevralın 4-də keçirilən iclasında çıxış edən daxili işlər naziri Xəlil bəy Xasməmmədov deyirdi: "...Qanunlarımız dəqiq, həm də möhkəm və yerinə yetirilən olmalıdır. Onlar dəqiq olmayanda yerlərdə qanunsuz fəaliyyət üçün imkan yaranır...".
AXC DİN-i xalqın demokratik azadlıqlarını təmin etmək üçün də çox iş görür və buna qarşı yönəlmiş hər hansı qəsdin qarşını qətiyyətlə alırdı. Eyni zamanda demokratiyadan sui-istifadə edənlərə qarşı da tədbirlər görülürdü.
Daxili işlər naziri Mustafa bəy Vəkilovun 1920-ci ilin martında bütün vətəndaşlara, siyasi partiyalara və təşkilatlara müraciətində deyilirdi ki, dövlət əleyhinə hər cür cəhdlərin, qanunsuz tətil, mitinq və çıxışların qarşısı qətiyyətlə alınacaq.
Azərbaycan hökuməti DİN-in fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onun maliyyə xərclərini səmərəli yöndə nizamlayırdı. Məsələn, 1919-cu ilin sonuunda DİN-ə sərf olunan maliyyə xərcləri hərbi və ədliyyə nazirliklərinə, habelə dövlət müdafiəsinə sərf edilən xərclərdən yüksək idi.
AXC dövründə Azərbaycan DİN-in tabeliyində aşağıdakı qurumlar olub:
- Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri;
- Bakı şəhər upravasının polisi;
- Bakı xüsusi vergi polisi;
- Xəfiyyə polisi;
- Gəncə, Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və sair qəzaların polis idarələri.
Sovet milisi

1920-ci ildə AXC süqut edəndən sonra sovet hakimiyyəti dövlət aparatlarını, o cümlədən, hüquq-mühafizə orqanlarını ləğv edib, əvəzində fəhlə-kəndli hakimiyyəti orqanları yaratmağa başladı. AXC polis orqanlarının yeni, sovet milisi aparatları ilə əvəz edilməsi bir neçə ay çəkdi. Polisin adı da dəyişdirilərək milis adlandırıldı. Pristavlar işdən çıxarıldı, onların yerlərinə komissarlar təyin olundu.
1920-ci ilin mayında praktiki olaraq fəhlə-kəndli milisi yaradıldığının başa çatdığı bildirildi. Onu da əlavə edək ki, AXC dövründə polis sistemində çalışan bir çox milli kadrlar sovet hakimiyyəti illərində milisdə də fəaliyyətlərini davam etdiriblər. 1920-ci ildə ADR-in süqutundan sonra Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov olub.
1922-ci ildə 70 qəza milis rəisindən 93 faizinin heç orta təhsili də olmayıb. Şəxsi heyətin 75 faizi tam savadsız olub. O vaxtdan indiyədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini 20 nəfər tutub.
1920 - 1940-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub, 1937-39-cu illərdə isə onun yalnız rəhbər heyətindən təxminən 320 nəfər repressiyaya məruz qalıb.
1941 - 1945-ci illər müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanıb, böyük əksəriyyəti geri dönməyib.
Müharibədən sonrakı illərdə milisdə çalışan İsrafil Məmmədov, polkovnik Mehdi Quliyev, generallar Xəlil Məmmədov və Səlahəddin Kazımov isə cəbhədən Sovet İttifaqı qəhrəmanı kimi qayıdıblar.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də daxili işlər orqanları inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Yüzlərlə milis əməkdaşı isə yetərincə çətin və mürəkkəb şəraitdə respublikada ictimai asayişin mühafizəsi, arxa cəbhədə əzmlə çalışan insanların təhlükəsizliyinin qorunması üçün böyük şücaət göstəriblər. Asayiş keşikçiləri müharibədən sonrakı illərdə də cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində səylərini əsirgəməyib, üzərlərinə düşən vəzifələri qətiyyətlə, layiqincə yerinə yetiriblər.
Xüsusən 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələ kimi qeyd edilməlidir. O zaman ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi bu amillər sırasında xüsusilə aparıcı mövqeyə malik idi və Azərbaycanın daxili işlər orqanlarında mahiyyətcə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.

Müstəqillik illəri

1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər isə yaralanıb. Göstərdiyi şücaət və igidliyə görə 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Təkcə onu qeyd etmək kifayətdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaş və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
1991–ci il oktyabr ayının 18–də Azərbaycanın dövlət müstəqilliyi və hüquqi dövlətin qurulduğu elan edildi. Cəmiyyətin bütün sahələrində olduğu kimi, polis orqanlarında da islahatlar aparılmalı, polisin fəaliyyəti məzmunca yeniləşdirilməli idi.
Prezident Heydər Əliyev 1994-cü ilin avqust ayında imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla müvafiq sahədə görüləcək işlərin başlıca istiqamətlərini təyin etdi.
2004-cü ildə isə qəbul edilmiş dövlət proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirildi.
Bu illərdə məhz ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində daxili işlər orqanları və Daxili Qoşunlar üçün 405 sosial obyekt tikilib, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılıb, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlib, nəqliyyat parkı tam yenilənib.
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri olan Daxili Qoşunlar istər döyüş qabiliyyəti, istər maddi-texniki təchizat, istərsə də hərbi-texniki avadanlıqlara görə ən müasir hərbi birləşmələrdən biridir.
Dövlət başçısının tövsiyələri əsasında və İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Milli Fəaliyyət proqramlarına müvafiq olaraq, vətəndaşların məruz qaldıqları hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi məqsədilə 2007-ci ildə "102" Xidməti - Zəng Mərkəzi Sistemi yaradılıb. Hüquq qaydasına riayət edilməsi vəziyyətinin canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə "Təhlükəsiz Şəhər" Avtomatik İdarəetmə sistemi istifadəyə verilib.
Bu gün 112 mindən çox videomüşahidə kamerası ilə respublikada asayişə fasiləsiz nəzarət həyata keçirilir və həmin texniki vasitələrin sayı ilbəil artırılır. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asayişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-dan çox informasiya sistemi istismar olunur.
DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün son illərdə mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları davamlı xarakter daşıyır. Burada məqsəd xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planların hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir.
Daxili işlər orqanlarında peşəkarlığın artırılması və gənc kadrların hazırlığı da mühüm əhəmiyyət kəsb edən məsələlədəndir. BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların, həmçinin xarici ölkələrin təşkil etdiyi forum, müşavirə və treninqlərdə polis əməkdaşları iştirak edir, təcrübə mübadiləsi aparırlar.
Hər il onlarla gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir. Bu gün orta və böyük rəis heyəti vəzifələrində xidmət aparanların demək olar ki, əksəriyyəti ali hüquq təhsili olan əməkdaşlardır.
Azərbaycan cinayətlərin açılma faizinə görə təkcə MDB məkanında yox, Şərqi Avropada birinci yerdədir. Cinayətlərin açılmasında inkişaf etmiş texnologiyalarla yanaşı, kadrların da peşəkarlığını xüsusilə vurğulamaq yerinə düşər. Əgər bu gün ölkəmiz sabitlik adası kimi dünyanın diqqətini cəlb edirsə, böyük dövlətlərin etibarlı tərəfdaşına çevrilirsə, əmin-amanlıq hökm sürursə, deməli, dövlət də, xalq da hədəflərini yaxşı bilir, babalarımızın qoyduğu müqəddəs mirası-böyük və bütöv Azərbaycanı gələcək nəsillərə daha güclü, daha etibarlı ərməğan etmək naminə aydın sabahlara birlikdə, özü də inamla addımlayırıq...

Əli Zülfüqaroğlu