Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr Hadisə

Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılmış iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələrin yaradılması ilə bağlı görülən işlər dövlət quruculuğunun əsas istiqamətlərindən biri idi. Olduqca çətin bir dönəmdə az qala yoxdan dövlət yaratmaq, onu var etmək üçün əzmkarlıq göstərmək, beləliklə də zamanın bütün çətinliklərinə sinə gərmək iqtisadi problemlərin də həllini tələb edirdi.
Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. Dos. Xosrov Kərimov bu fikirdədir. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və başqa əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, hesab edirdilər ki, bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür. Eyni zamanda AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. O zaman neft hasilatı və onun ixracında çətin vəziyyət hökm sürürdü. Elektrik enerjisi istehsalı kəskin azalmış, dəmir yolu və dəniz nəqliyyatı pis işləyirdi, maşınqayırma və metal emalı müəssisələrinin məhsul buraxılışı kəskin ixtisar olunmuşdu. Azərbaycan qəzalarında yerləşən mis mədənləri, pambıqtəmizləmə zavodları, ipək fabrikləri, habelə digər emal müəssisələri fəaliyyətini dayandırmışdı. Xəzər dənizində balıq ovu dəfələrlə azalmış, əkin sahələri ixtisar olunmuş, su təsərrüfatı sistemi dağılmış, taxılçılığa, maldarlığa, bağçılığa-meyvəçiliyə ciddi ziyan dəymişdi.
Mərhum prof. Q.Əbdülsəlimzadənin araşdırmasında bildirilir, Azərbaycan Xalq Cümhuriyyətinin cəmiyyətdə iqtisadi əsasını təşkil edən mülkiyyət — əmlak münasibətlərinin dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi, aqrar-torpaq islahatlarına dair müxtəlif variantların hazırlanaraq parlamentdə geniş müzakirəsi, sənaye sahələrinin inkişafına dair xətti, maliyyə-pul-valyuta siyasəti, inflyasiya prosesləri ilə bağlı tədbirləri, ölkənin xarici iqtisadi-ticarət əlaqələrini genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinin güzəranını yaxşılaşdırmaq, təhsil, səhiyyə, habelə digər sahələrdəki fədakar və düşünülmüş fəaliyyəti əsil Milli Hökumət qayğılarının danılmaz ifadəsi idi. Milli Hökumətin dünya təsərrüfat həyatının acılı-şirinli təcrübəsinə əsaslanaraq konkret Azərbaycan reallıqlarını, eyni zamanda daxili-xarici təsir qüvvələrini nəzərə almağa çalışan iqtisadi tədbirlərinin həyata keçirilməsi gedişində təkamül yolunun seçilməsi ciddi addım idi.
M.Ə.Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində yazırdı: "Əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı… Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi".
X.Kərimovun fikrincə, "Müsavat" fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi. AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları, Rusiya ilə və qonşu respublikalarla iqtisadi əməkdaşlıq şərtləri, iqtisadi fikir və təcrübəni öyrənmək baxımından diqqətəlayiqdir.
Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti məktəblər açıldı. Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar - "Bakı bonları" buraxıldı (o vaxtadək "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.
Mürəkkəb daxili və ziddiyyətli xarici və ziyyət şəraitində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ölkənin təsərrüfat həyatının müxtəlif sahələrinin bərpa olunub canlanması, habelə bu təməldə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, onun sosial qayğılarının həlinə çalışmışdı. Bütün çətinliklərə baxmayaraq ilk növbədə milli iqtisadiyyatın aparıcı sahəsi sayılan neft sənayesi böhran vəziyyətindən çıxarılaraq onun məhsullarının qonşu ölkələrə və dünya bazarına ixracına nail olunmuşdu. Azərbaycan parlamentində neft istehsalı, satışı, onun üzərində nəzarətlə bağlı dəfələrlə hökumətin məlumatları dinlənilmiş, bu sahənin işinin yaxşılaşdırımasına dair bir sıra qanunverici sənədlər qəbul edilmişdi.
Milli Hökumətin sosial siyasət sahəsindəki tədbirləri ilk növbədə əhalinini müxtəlif təbəqələrinin — fəhlələrin, qulluqçuların, kəndlilərin, bütövlükdə xalqın maddi həyat-məişət səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdi. Bu məqsədlə yaradılimış Əmək Hazirliyi, Fəhlə məsələləri üzrə Xüsusi Məsləhət Şurası, Baş Əmək Müfəttişliyi, arbitraj orqanları mədən və fabriklərdə işçilərin istehsal-əmək mühafizəsi, əməyin düzgün təşkili, kollektiv müqavilələrin bağlanması, sahibkarlarla işçilər arasında münaqişələrin qarşılıqlı razılaşmalar əsasında aradan qaldırılması, iş gününün müəyyənləşdirilməsi, əmək haqqının artırılması, sosial təminatın formalaşması, əhalininin sağlamlığı kimi məsələlərlə məşğul olub. AXC-nin iqtisadi platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya təcrübəsi əsasında həyata keçirmək nəzərdə tutulurdu.
"Bakinskaya jizn" qəzetində çıxan bir sıra məqalələrdə Zaqafqaziyada bütün gömrük məhdudiyyətlərinin aradan qaldırılması təklifi irəli sürülürdü. "Azərbaycan" qəzetində dərc olunan məqalələrdə isə göstərilirdi ki, 1919-cu ilin iyulunda Azərbaycan və Gürcüstan arasında hərbi müdafiə ittifaqı haqqında müqavilə bağlansa da, bu iki respublika arasında qarşılıqlı iqtisadi əlaqələrdə gömrük hədləri olmalıdır, hökumət əmtəələrin idxal və ixracını tənzimləməlidir. Xüsusən taxıl məhsullarının İrana, Gürcüstana, Ermənistana və Dağıstana nəzarətsiz satılması Azərbaycanın milli iqtisadi mənafeləri, əhalinin tələbatını ödəmək baxımından zərərli sayılırdı. AXC-nin iqtisadi platformasında respublikanın mövcudluğundan əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı idi. Bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. AXC özünün xarici iqtisadi fəaliyyətində daim Azərbaycan hökumətinin başlıca vəzifələrini reallaşdırmaq məqsədini güdürdü. Bu vəzifələrdən biri öz əhalisini zəruri şeylərlə təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi.
Parlamentin Azərbaycan Respublikasının sərhədlərindən kənara xammal ixracının şərtləri haqqında qəbul etdiyi qanun da respublikanın xarici iqtisadi fəaliyyətini öyrənmək baxımından çox qiymətlidir. Bu qanuna görə pambıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərinin 25 faizi əvəzsiz olaraq xəzinənin hesabına köçürülsün. Bu, xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi qaydası ilə dövlətə lazım olan zəruri məhsulları almaq imkanı yaradırdı.
AXC özünün xarici-iqtisadi siyasət sahəsində fəaliyyətini ancaq qanunların işlənib hazırlanması ilə məhdudlaşdırmır, onların həyata keçirilməsi istiqamətində mühüm addımlar atırdı. Məsələn, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq üçün ağır maliyyə vəziyyəti şəraitində 20 milyon manatlıq fond yaradıldı və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar üçün 10 milyon manat həcmində kredit buraxılması qərara alındı. AXC-nin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nəzdində Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi.
AXC qonşuluğa mühüm iqtisadi faktor kimi baxırdı. Demokratik respublikanın xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Azərbaycan və Gürcüstan respublikaları arasında bağlanan müqavilə hüquqi və iqtisadi sənəd kimi diqqəti cəlb edir.
AXC-nin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi də maraq doğurur. Dövlət sektoruna dövlətin iqtisadiyyata təsirinin amili kimi baxılırdı. Mülkiyyət çoxnövlüyü təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə onun qanunvericilik fəaliyyətində deyil, dövlət mülkiyyətinin güclü olmasındadır.
Dövlət milliləşdirmə və əks-milliləşdirmə tədbirlərinin həyata keçirilməsi ilə paralel əmək münasibətlərinin qaydaya salınmasını təmin edirdi. Həmçinin daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üçün iqtisadi-hüquqi qanunların hazırlanmasına, onların yerinə yetirilməsinə böyük əhəmiyyət verirdi. Az vaxtda parlament tərəfindən yalnız maliyyə, vergi, bank-kredit sahələri üzrə 82-dən çox qanun layihəsi işlənib hazırlandı, bir çox qanunlar təsdiq olundu.
Azərbaycan Xalq Cümhuriyyəti özündən keçən insanların fədakarlığı bahasına quruldu. Bu prosesdəki iqtisadi gedişlər zəngin təcrübə mənbəyi olaraq bugünümüzdə və sabahımızda dövlətçilik ənənəmizin gözəl çalarlarından biri kimi öyrənilməyə, yaşadılmağa layiqdir.

Elçin Qaliboğlu

"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda müsabiqəyə təqdim edilir"