Ombudsmanların XII Bakı Beynəlxalq konfransı keçirilir Hadisə

Ombudsmanların XII Bakı Beynəlxalq konfransı keçirilir

Əli Həsənov: "Beynəlxalq təşkilatlar fəaliyyətlərini belə davam etdirsə, ölkələr o təşkilatlardan çıxacaq"

Dünən Bakıda "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı işə başlayıb.
APA-nın xəbərinə görə, UNESCO-nun dəstəyi ilə keçirilən üç günlük konfransda Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan çox Ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.
Tədbirdə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, hər il Bakıda ənənəvi olaraq keçirilən konfransın məqsədi qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, insan hüquqlarının qorunması sahəsində əldə olunmuş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir. Ombudsman Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılmış islahatlar və əldə edilmiş nailiyyətlərdən danışıb. O, dünyada beynəlxalq sənədlərin qəbul olunmasına baxmayaraq, hələ də bu sahədə müəyyən problemlərin mövcud olduğunu qeyd edib: "Qadın hüquqlarının tam təmin olunmasında hələ də problemlər qalmaqdadır. Qadınlara qarşı məişət zorakılığı, iqtisadi, siyasi sferada qadınların az yer tutması kimi vacib məsələlərdəndir. Konfrans bu sahədə qarşılıqlı fikir mübadiləsinin aparılması beynəlxalq əməkdaşlığın inkişafına öz töhfələrinə verəcək".
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məlumat verib. O vurğulayıb ki, qadın hüquqlarının qorunması Azərbaycan üçün yeni bir məslə deyil. Ə.Həsənovun sözlərinə görə, Azərbaycan qadınlarının hüquqlarının qorunması üçün ölkədə müvafiq qanunlar qəbul edilib: "Son 10 ildə xanımların müxtəlif strukturlarda yerləşdirilməsi üçün addımlar atılır. Azərbaycanın80-dən artıq rayon və şəhərlərində icra strukturlarında başçıların müavinlərindən biri mütləq şəkildə qadın təyin olunub. Qadınlar dövlət və hökumət strukturlarında təmsil olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi bazanın mövcud olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz rolu ilə seçilib və hazırda idarəçilikdə geniş təmsil olunur.
Əli Həsənov deyib ki, dünyada haqsızlıqlar, ədalətsizliklər baş alıb gedir: "Nə qədər dünya ictimaiyyəti bu haqsızlığa, ədalətsizliyə göz yumacaq, belə hallar davam edəcək və artacaq".
Onun sözlərinə görə, 30-40 il əvvəl konflikt zonalarının, dünyada mövcud olan qaçqın və məcburi köçkünlərin sayı indikindən 2-3 dəfə az olub.
Ə.Həsənov qeyd edib ki, bu gün dünyada qaçqınların sayı 40 milyonu keçib: "Son 30-40 ildə dünyada yeni terminologiya - məcburi köçkün adı yaranıb. Bu, son 30-40 ilin məhsuldur. Biz nədən danışırıq? Guya dünya inkişaf, sivilizasiya, insan hüquqlarının qorunması, demokratik inkişaf yüksək səviyyəyə qalxır. Budurmu demokratik inkişaf, insan hüquqlarının qorunması? İlbəil qaçqınların, konflikt zonalarının sayı artır, hər gün 10 minlərlə insan həlak olur. Görün necə şərait yaranıb ki, artıq insan ölümünə insanlar çox rahat, sadə reaksiya verir. Eşidilir və adi bir informasiya kimi qəbul edilir. Budurmu dünyanın demokratik və hüquqi inkişaf yolu? Əgər budursa, hansı gələcəkdən danışırıq?"
Ə.Həsənov qeyd edib ki, beynəlxalq təşkilatlar öz işlərini belə davam etdirsə, sabah ölkələr o təşkilatlardakı üzvlükdən çıxacaqlar: "Mən neynirəm ora hər il müəyyən üzvlük haqqını ödəyim, amma o, qəbul etdiyi qərarı yerinə yetirməsin? O zaman təşkilat mənim nəyimə lazımdır? Sərhədlərimizin tanınması, ərazi bütövlüyümüzün qorunması ilə bağlı qətnamələri niyə icra etmirsiz?"
Beynəlxalq qurumların nümayəndələrinə səslənən Ə.Həsənov onları inciməməyə çağırıb: "Real həqiqətləri deyirik, tənqidi danışıq tamam başqadır. Tənqidə keçsək, buna çoxu dözməz. Biz olanları, faktları, mövcud vəziyyəti deyirik. Bizim günahımız nədir? Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara hörmətlə yanaşır və onu icra edir. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasında 155 ölkənin səsini, etibarını qazanıbsa, bu o deməkdir ki, ölkəmiz dünya ölkələri ilə əməkdaşlıq yolundadır. Bəs onda bizə qarşı vəziyyət niyə belədir? Bizim enerji resurslarımızdan hamı istifadə etmək istəyir, təbii resurslardan bəhrələnmək istəyir, amma əvəzində heç nə vermək istəmirlər. Belə olmur axı. Təcavüzkarın adına təcavüzkar demək lazımdır".
Ə.Həsənov vurğulayıb ki, bu gün Ermənistan heç kimə lazım deyil. Onun sözlərinə görə, Ermənistan inkişaf etməyən, dünya ölkələrində heç əhəmiyyətə malik olmayan, öz sözü olmayan, müstəqil siyasəti olmayan bir ölkədir: "Təcavüzkar, şovinist, millətpərəst, separatçı - bu ölkənin adı budur. Kimə lazımdır belə bir ölkə? Biz hesab edirik ki, bu gün Azərbaycan öz qonşuları üçün Ermənistandan 100 dəfə çox lazımlıdır. Azərbaycan kimi tolerant ölkə yoxdur. Belə bir xalqa nə üçün bu cür yanaşılır? Necə inanaq ki, dünya ədalətli dünyadır, haqq-ədalət dünyasıdır?"
Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, sülhün, təhlükəsizliyin, insanların təhlükəsiz yaşaması üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması əsasdır. Onun sözlərinə görə, Milli Məclis özünün həm tarixi, həm də müstəqilliyi bərpa etdikdən sonrakı fəaliyyəti zamanı insan hüquqlarının qorunması məsələsini gündəlik istiqamətlər kimi ortaya qoyub: "Lakin heç də demək olmaz ki, ölkədə qadın və qızlar onlar üçün müəyyən edilmiş hüquqlardan tam mənasında istifadə edir, təhlükəsiz yaşayırlar. Ən azı onlar öz yaxın ailə üzvlərinin təzyiqlərinə məruz qalmırlar. Hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi Qadınlara və qızlara qarşı məişət zorakılığının aradan qaldırılması istiqamətində qanunun bu istiqamətdə çox böyük əhəmiyyəti var".
Tədbirin davamında UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, BMT-nin Rezident əlaqələndiricisi Antonius Bruk, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsi rəhbərinin müavini Afərin Şərifzadə, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard dünyada qadın hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, konfransda ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 18 may-18 iyun tarixlərində respublikada ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq. İyunun 20-dək davam edəcək konfransın yekununda "Bakı Bəyannaməsi" qəbul ediləcək.