“Adam izini yox, özünü poza bilər” Hadisə

“Adam izini yox, özünü poza bilər”

Elçin Mirzəbəyli: "Kimi qələmin iziylə gedir, kimi qanın... Mən qələmin iziylə gedənlərdənəm"

Müsahibimin peşə fəlaiyyətinin 31 ili tamam olur. Həm bu, həm Cümhuriyyətin 100 illiyi, həm də baba olmağı münasibətilə görüşüb dərdləşdik, danışdıq, növbəti əlamətdar günə qədər ürəyimizi boşaltdıq. Nə dedi, niyə dedi, hamısı söhbətimizdə. Əminəm, mənə nəfəs aldıran, ruhumu təzələyən söhbəti sizin də ürəyinizcə olacaq.
- Qardaş, xoş gördük. Cümhuriyyətin 100 ilinin ilk günündə özünü necə hiss edirsən? Ümumiyyətlə müstəqillik nədir?
- Azərbaycan Xalq Cümhuriyyətinin, Türk və İslam dünyasının Cümhuriyyət günəşinin parladığı o möhtəşəm, şərəfli, qürurverici günün 100-cü ildönümünü yaşamaq, bu tarixi hadisəyə şahidlik etmək böyük xoşbəxtlikdir. Zaman keçəcək, dünyaya milyonlarla Azərbaycan vətəndaşı gələcək və təbii ki, həyatın qanununa uyğun olaraq gedəcəklər də... Amma 100 illiyin sevincini bu gün həyatda olan 10 milyona yaxın Azərbaycan vətəndaşı, ümumilikdə sayı 50 milyonu ötən Azərbaycan türkləri və bütövlükdə 300 milyonluq Türk Dünyası yaşaya bilib. Bunu unutmaq lazım deyil. Onların arasında bu günün mahiyyətini tam mənasında anlaya bilənlərin sayı nə qədərdir, deyə bilmərəm. Arzu edərdim ki, çox olsun... Mənim üçün müstəqilliyin "nə" sualının qarşılığında cavabı yoxdur. Azərbaycan türkcəsinin bütün qanunlarını pozaraq müstəqilliyə "kimdir" sualının qarşılığında cavab axtarardım: Müstəqillik günü "nə" sualına cavab olmaqdan xilas olub fərdi və milli kimliyinə qovuşanların günüdür. Müstəqillik insan şəxsiyyətindən başlayır. Müstəqillik insanı fərddən şəxsiyyətə aparan yoldur. Həm də çox uzun bir yol. Müstəqillik öz vətənində qürurla, ləyaqətlə yaşamaq haqqını qazanmaqdır. Müstəqillik fərdi azadlıqdan milli azadlığa sıçrayışdır. Müstəqillik millət olmanın möhürüdür, vizit kartıdır!
- Mənə elə gəlir ki, biz Azərbaycan deyəndə sondakı can birləşməsini xüsusi vurğulayırıq. Necə ki, Türkiyə bu canı əvvələ qoyub, bizi Can Azərbaycan deyə çağırır. Sizcə, bu təsadüfdürmü?
- Doğrusu, bu barədə düşünməmişdim. Amma burada bir zərurət də var. Türk Dünyasının Cümhuriyyət Günəşi Azərbaycandan doğub. Milli ideyalar Azərbaycandan boy atıb bütün Türk dünyasına. Bu mənada Azərbaycan Türk Dünyasının canıdır, ruhudur. Amma məsələnin başqa bir tərəfi də var. Bu ruhumuza görə türk xalqları arasında ən çox məhrumiyyətlərə biz məruz qalmışıq. Türkçülük məfkurəsini, Türk dünyasının təməlini sökmək istəyənlər bunu Azərbaycandan başlayıblar. Hər kəsdən çox bizim canımız çıxıb. "Can" desinlər, çox gözəl, amma canımızı almasınlar, haqqımızı yeməsinlər, sözlə yox, haqla ovutsunlar bizi. Unutmasınlar ki, dünya türklərini birləşdirən bu CAN-dır, bu RUH-dur. Bu CAN-sız türklərin yaşadığı ərazilər sadəcə torpaq parçası olacaq. İdeyasız, ruhsuz qalacaq.
- Ömür dediyin...
- Özünü büruzə vermək, təsdiq etmək üçün sənə verilən zamandır.
- Nə varıydı yazmaqda ki, qələmə belə sarıldın? Nəyi yazdın, qardaş və də niyə yazdın?
- Mən qələmə sarılmadım, o sarıldı. Bütün ömrümü qələmdən qaçmağa çalışmışam. Çünki qələm mənim əlimdə qatilə çevrilir. Söz-söz, misra-misra qanımı axıdır, içimi sökür, parçalayır. Yazdığım hər şeir ömrümü alır əlimdən. Ona görə də bacardığım qədər yazmamağa çalışıram. Amma yenə də yazıram. Özümü yazıram, içimdəki İnsanı yazıram... Hisslərimin, düşüncəmin ən dərin qatlarına enib oradakı Elçini tapmağa çalışıram. Dərinə endikcə havasızlıq artır, boğulursan. Şeirlərimin qısa olması da buradan qaynaqlanır. Enirsən, götürə bildiyini götürüb geri qayıdırsan. Orada qalmaq mümkün deyil. Qalsan, boğularsan... Yazdıqlarımsa ortalıqdadır. Elə şeirim var ki, on minlərlə adam əzbərdən deyir. Qarşılaşdıqlarım məndən soruşurlar ki, necə olur ki, sən bizim kimsəyə deyə bilmədiklərimizi, içimizdə ağrıyla, acıyla yaşadıqlarımızı yazırsan? Bu qədər insanın hisslərini necə oxuya bilirsən? Əslində mən kimsənin hisslərini oxumuram. Sadəcə içimdəki və çölümdəki İnsanı yazıram. Hətta Allaha üz tutanda da insandan yazıram. Təsəvvür edirsən, bir anın içərisində milyonların arasında özünə qapılıb milyonların ağrısını, acısını, tənhalığını, kimsəsizliyini hiss etmək necə olur? Bir anın içərisində düşüncən də, duyğuların da ağırlıq altında çökür. Hiss edirsən ki, içində nə isə əriyir, yaxud aşağıya doğru kiçilir, əyilir, əzilir... Bilmirəm necə ifadə edim. Adını nə qoyum: Ruh deyim, enerji deyim... Nə olursa olsun, sonradan o yerlə bir olanı ayağa qaldırmaq çətin olur. Xeyli öncə yazmışam:

Səpələdim göylərə bulud kimi illəri,
Kimsəsiz zirvələrdə yüzillik qar kimiyəm.
Başdan ayağa kimi içim söz qəbirləri –
Başdaşları içində adsız məzar kimiyəm.

- 31-in hikməti nədir? Mübarizəmi, zirvəyə qalxmaq eşqimi?
- 31-in hikməti... Əslində arxiv sənədlərimə, gəncliyimin fotolarına baxırdım və 1989-cu ildə yazdığım yazılarla və jurnalist vəsiqələri ilə qarşılaşdım. Rayon və respublika əhəmiyyətli qəzet və jurnallarda orta məktəb illərində dərc olunan şeirlərimi istisna etsəm, ilk peşəkar yazım "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunanda 17 yaşım vardı. Yazını ali məktəbə qəbul olunmazdan öncə yazmışdım. Vsevolod Vişnevskinin "Nikbin faciə" əsəri haqqında idi. O zaman - 1984-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində 1 səhifəlik məqalə ilə çıxış etmək, həm də 17 yaşda, imkansızı bacarmaq idi. Oxuduğum ali məktəbdə kimsəni inandıra bilmirdim ki, müəllif mənəm. Rektor qəzet redaksiyası ilə əlaqə saxlayandan sonra inandı. Bütün ömrüm boyu bu münasibətlə qarşılaşmışam. "Azadlıq" marşını təqdim edəndə də, digər yaradıcılıq nümunələrimi aşkara çıxaranda da eyni yanaşmanı görmüşəm. Əgər 1989-cu ildə Ustad Bəxtiyar Vahabzadə AzTV-nin efirindən haqqımda və "Azadlıq" marşı barəsində danışmasaydı, rəhmətlik Nəcəf Nəcəfov marşı müəlliflik hüququmu qorumaqla "Azadlıq" qəzetinin manşetinə verməsəydi, Müsəvvər Əsgəroğlu və digər dəyərli insanlar marşlarımı Xalqı Çalğı Alətləri Orkestri Xorunun və Dövlət Xor Kopellasının ifasında lentə aldırmasaydılar, Fazil Mustafa, Qorxmaz İbrahimli və digər dəyərli milli mücadilə adamları məni on minlərin qarşına çəkib, baxın, "Azadlıq" marşının müəllifi bu gəncdir deməsəydilər, yəqin ki, haqqıma kimlərsə sahiblənmişdi. Yaxşı insanlar hər zaman məni də, yaradıcılığımı da qoruyublar. Bu gün də heç bir təmənna güdmədən, qarşılığını ummadan məni şər-böhtandan, xəbis, qısqanc, riyakar adamların pis niyyətlərindən qoruyan, öz qardaşı, övladı, dostu, əzizi kimi dəstək verən insanlar var. Və bir də qapısı dualarıma açıq olan Tanrı dərgahı var. Məndən sevgisini əsirgəməyən ailəm, doğmalarım, dostlarım var. Eyni ata-ananın övladı olmasaq da, qardaş, bacı bildiyim və bu təyinatı sonunadək haqq edən dəyərlilərim var.
- Yazanlar nəyi səhv yazır ki, bu qədər pozan və pozulan var?
- Bu dünyada kimsənin izini silmək mümkün deyil. Silinirsə, deməli, iz olmayıb. Kimi qələmin iziylə gedir, kimi qanın... Mən qələmin iziylə gedənlərdənəm. Adam izini yox, özünü poza bilər. Başqa kimsə poza bilməz. Cümhuriyyətimizin 100 illiyini qeyd etdik. 98 il öncə Cümhuriyyət qurucularının izlərini pozmağa başladılar. Bütöv bir ideoloji sistem işlədi bunun üzərində, institutlar, araşdırma mərkəzləri, repressiya maşınları, hədə-qorxu, ölüm, sürgün, ağlasığmaz işgəncə və məhrumiyyətlər... Silə bildilərmi? Bilmədilər, bacarmadılar. Ona görə ki, Vətənə, Millətə, Haqqa, İnsanlığa, Bəşəriyyətə, Azadlığa xidmət etmişdilər. Haqqa xidmət edəni kimsə poza bilməz. Pozulursa, deməli, təməlində, bətnində qaranlıq daşıyıb.
- Bəy olmaq soyadladırmı? Rüstəmin də familiyasında bəy vardı, niyə gədəlik elədi?
- Heç bir şey soyadla deyil, bəy olmaq da həmçinin. Zadəganlığın, əsilzadəliyin qanla çox az bağlılığı var. Özünütərbiyə, özünüyetişdirmə, daxili mədəniyyət, düzgün mütaliə çox vacib amillərdir. Soyuma sayğım var, amma adımla tanınmağa üstünlük verirəm. Soyadda bəy, xan, yaxud hansısa digər bir əsilzadəlik ünvanının yer alması insana hər hansı bir üstünlük vermir. Biz feodal dövründə yaşamırıq. Belə şeylərdən asılıb qalanlar özgüvəni olmayanlardır. Tanrı qarşısında da, qanun qarşısında da hər kəs bərabərdir. Rüstəmə gəldikdə isə, bu çox mürəkkəb bir problemdir. Həm də təkcə Rüstəmin özü ilə bağlı olan məsələ deyil. Onun formalaşmasında, öz xalqına qarşı çıxmasında rol oynayan çoxsaylı faktorlar var. Rüstəm İbrahimbəyov da, Əkrəm Əylisli də bizə hələ Dədə Qorqud dastanının Basat boyundan bəlli olan təpəgözlərdir. Öz xalqına, mənsub olduğu mədəniyyətə yuxarıdan aşağı baxan hər kəsin nə zamansa Rüstəm İbrahimbəyov olmaq təhlükəsi var. Yaradıcı insanlar fərqli olurlar, şübhəsiz. Bəziləri yaradıcılıq və intellektual potensialları ilə sevgilərini, insanlıqlarını və təbii ki mənsub olduqları xalqı böyüdürlər, bəziləri isə eqolarını. Rüstəm İbrahimbəyov ikincilərdəndir.
- Səmimiyyət nədir, siyasət nə?
- Baxır hansı müstəvidən yanaşırsan. Əgər siyasətə bu sözün ərəb dilində verdiyi ilkin məna müstəvisindən yanaşırsansa, o zaman səmimiyyət haqqında danışmağa belə dəyməz. Mən yunanca birbaşa "dövlətçilik fəaliyyəti" anlamını verən politika sözünə daha çox üstünlük verirəm. Politikaçılıq bir peşədir. İnsanların məşğul olduğu bir peşə. Peşə isə insanı səmimi, yaxud qeyri-səmimi etmir. Jurnalistikada, ədəbiyyatşünaslıqda, kompüter mühəndisliyində olduğu kimi. Əgər insan xarakter etibarı ilə səmimidirsə, bu onun fəaliyyətinə də yanşayacaq. Səmimiyyət isə bacardığın və ətrafın bundan sui-istifadəsinə yol verməyəcəyin qədər özün kimi görünməkdir.
- Bəs hüzur, dinclik haradadır?
- Əbədi hüzur, dinclik yoxdur. Amma arzuladığın zaman hüzuru, dincliyi öz içində, ətrafında yaratdığı mühitdə tapa bilərsən. Hüzur və dincliyin özündən kənarda axtarışına çıxmaq isə insanı olmazın əzablara, yanlışlıqlara sövq edə, qeyri-sabit, sürüşkən həyat tərzinə, geriyə dönüşü olmayan yola, uçuruma sürükləyə bilər. Bu səbəbdən də bunu dərk etdiyim andan özümdən kənarda hüzur axtarmıram.
- Biz Cümhuriyyəti quran böyük kişiləri sevindirə bildikmi?
- Sevindirməkdə davam edirik və edəcəyik də... Bu uzun, sonu olmayan bir yoldu. Qarşımızda görüləcək işlər var. Amma Cümhuriyyətin qurulduğu gündən bu günkü Azərbaycana baxanda, düşünürəm ki, əziz sələflərimizin ruhu şaddır.
- 100 il. Bir ömrə bərabərdimi? Ya da əksinə. Bir ömrü azadlığı görmək üçün qurban verməyə dəyərmi?
- Cümhuriyyətin 100 ili mənim üçün əbədiyyətə bərabərdir. Şübhə etmirəm ki, bu 100 ildə Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqil, dünyəvi, modern, respublikaçı Azərbaycanın 100 illiyini görmək üçün ömrünü fəda etməyə hazır olan 100 minlərlə insan olub. Amma bu şansı biz qazanmışıq. Qədrini bilək...
- İlknur xoş gəlib
- Xoş günün olsun, bacı. Allah bütün arzu edənlərə nəsib etsin. Mən dünyaya göz açan qız övladlarımızın sevincinin ataları, babaları tərəfindən daha qabarıq şəkildə sərgilənməsinin tərəfdarıyam. Dünyaya gələn hər bir qız övladımız ocağımızın qoruyucusu, gələcəyimizin qurucularıdır. Qızlarımıza yüksək təhsil verməliyik. Çalışmalıyıq ki, bir neçə dil bilsinlər, yüksək mədəniyyət, qətiyyət və iradə sahibi olsunlar. Aciz, məzlum olmasınlar. Biz onları necə yetişdirəcəyiksə onlar da övladlarını elə yetişdirəcəklər. Buna görə də hesab edirəm ki, qızlarımıza sərf olunan zəhmət, verilən dəyər Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.

Nigar İSFƏNDİYAR
Qaynaq: Azadinform.az