Aşurbəyovların aqibəti Hadisə

Aşurbəyovların aqibəti

XX əsrin əvvəli Azərbaycanda neft maqnatları təkcə sənaye ilə məşğul deyildilər, həm də ölkənin ziyalı insanları olaraq ictimai siyasi həyatda da fəallıq göstərirdilər. Aşurbəyovlar belə ictimai fəal ailələrdən biridir. Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, əfşar türk tayfasındandır. Bu tayfa haqqında məlumatlar VIII əsrə gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır. O, 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Bu nəslin ən tanınmış xanım nümayəndələrindən biri Nabat xanım Qoça bəy qızı Aşurbəyovadır. O, Hacı İmamverdi bəy Aşurxan oğlunun nəvəsidir. Öz səxavəti və xeyirxahlığı ilə məşhur olan bu əsilzadə xanım varlı Bakı taciri Hacı Musarza Rzayevin həyat yoldaşıdır. Onların Hacı Abbasqulu Rzayev adlı bir oğulları, Əşrəf (Züleyxa) və Gülbəstə adlı qızları olub. Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə sahib imiş. Bu xeyirxah müsəlman qadını Bakıya su kəmərinin çəkilməsində də bilavasitə iştirakçılardan biri olub. Nabat xanımın həyatında gördüyü ən böyük iş Bakı şəhərində tikdirdiyi Təzə Pir məscididir. Nabat xanım Aşurbəyovanın xeyriyyəçilik missiyası bununla bitmir. Deyilənlərə görə, olduqca xeyirxah olan Nabat xanım həftənin cümə günləri yaşadığı mənzilin qapılarını taybatay açıq qoyarmış. Bu isə ona işarə idi ki, yoxsullar həmin gün bu xanımın açdığı süfrəsində qonaq ola, öz dərdlərini ona danışa, bir sözlə, Nabat xanımın göstərdiyi mərhəmətin sayəsində işlərinə əlac tapa bilərdilər. Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik Göy məscidi isə Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyov tikdirir. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi. Onun özü isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olub. Şahidlərin xatirələrinə əsasən, Əjdər bəyin bircə sözü istənilən vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş. Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur Qara bəy oğlu Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur. O, Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. Deyilənlərə görə, son dərəcə səxavətli və genişqəlbli bu insan öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi düşüncəli bir insan idi və övladlarına-Əli bəy və Bala bəyə gözəl təhsil vermişdi. Teymur bəyin oğlu üçün inşa etdirdiyi malikanə paytaxtın ən gözəl memarlıq nümunələrindən biri sayılır. Hazırda Qoqol küçəsi 28 ünvanında yerləşən imarətin çox maraqlı tikiliş tarixçəsi var. Belə ki, Teymur bəy iş məqsədi ilə tez-tez Tifləsə gedirdi. Növbəti belə səfərlərinin birində tiflisli xalça və əntiq əşyaların satışı ilə məşğul olan Sultanovlar ailəsinin qızı İsmət xanımı görür. Teymur bəy qızı çox bəyənir və onu oğlu Bala bəy üçün istəyir. Bakıya geri dönən Teymur bəy oğlunu Tiflisə oxumağa göndərir və Bala bəy də burada İsmət xanımla tanış olur. Teymur bəy 1904-cü ildə oğlu Tiflisdə təhsilini tamamlayanadək gələcək gəlini üçün sözügedən malikanəni inşa etdirir. O dövrün bir çox binaları kimi, bu imarətin də layihəsi memar, mühəndis İosif Vikentyeviç Qoslavskiyə (1865-1904) məxsus idi. Aşurbəyovlar malikanəsində ailənin bütün üzvləri yaşayırdı. Binanın birinci mərtəbəsində ailəyə məxsus kontora var idi. Bundan əlavə birinci mərtəbədə bir gürcü həkim ailəsi də yaşayırdı. Binanın hər mərtəbəsində bir neçə otaqdan ibarət mənzillər vardı. İkinci mərtəbədə 12 otaqlı mənzildə Bala bəy və İsmət xanım yaşayırdılar. Onların qızı məşhur azərbaycanlı tarixçi Sara xanım Aşurbəyova məhz bu evdə dünyaya göz açıb. Eyni mərtəbədə 5 otaqlı mənzildə Bala bəyin köməkçisi estoniyalı Lem yaşayırdı. Yeri gəlmişkən onu qeyd edək ki, 1918-ci ildə Bakıda vəziyyət gərgin olanda Lem ailəsi ilə birlikdə Estoniyaya gedir və bir müddət sonra bu ölkənin mədənçilik üzrə naziri olur. Binanın üçüncü mərtəbəsində isə ailə başçısı Teymur bəy xanımı Tutu xanım və böyük oğlu Əli bəylə birgə yaşayıblar. İsmət Aşurbəyova fars, alman, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən yüksək mədəniyyətə malik bir xanım idi. Dövrünün ziyalı xanımları kimi ictimai işlərdə fəal idi və "Müqəddəs Nina" Qadın Xeyriyyə Cəmiyyətində təmsil olunurdu. Bala bəy və İsmət xanım evlərində heyrətamiz dərəcədə işıqlı bayram atmosferi yaratmışdılar və onların beş qızının və oğulları Rişad bəyin xoşbəxt uşaqlığı bu atmosferdə keçmişdi. Gəncliyində gözəl mənzərə rəssamı olan böyük qızları Saranın bədii zövqü də elə bu bayram və yaradıcılıq əhvali-ruhiyyəsi altında təşəkkül tapmışdı. Sara xanım sonralar tanınmış tarixçi, klassikaya çevrilmiş "Şirvanşahlar dövləti" kitabının və Bakının tarixinə dair bir sıra kitabların müəllifi olmuşdur. İsmət xanımın və Bala bəyin gözəlliyin və möhtəşəm əsərlərin duyulması üçün yaratdıqları xoş atmosfer şəhər zadəganlarını Praçeçnaya küçəsindəki evə çəkirdi; məsələn, Aşurbəyovlar yerli sənətkarlara imperator Nikolaya hədiyyə edilmiş 8 funtluq gümüş qabın surətini sifariş vermişdilər. Qab fil sümüyü üzərində qızıl və müxtəlifrəngli minalarla işlənmişdi. Sənətkarlar işin öhdəsindən məharətlə gəlmişdilər. 1900-cü il sərgisində nümayiş olunmuş bu sənət əsəri Parisdə əməlli-başlı gurultu qoparmışdı. Şamilin dağ mühəndisi F.Vəzirovun kolleksiyasında olan qılıncı və gümüş çərçivəli, üstündə ad yazılmış tapançalar kimi və əlbəttə ki, Bakı zərgərlərinin əl işi olan, zümrüd, almaz və yaqutla süslənmiş nəfis diademalar (çutqabağı). 1900-cü ildə dəyəri 2500 rubl olan bu diademalardan bəzisinin qiyməti Parisdəki zəfərdən sonra 25-30 minə qalxmışdı. Əvvəllər yerli varlılar tərəfindən layiqincə dəyər verilməyən Bakı zərgərlik sənəti Parisdəki uğuru sayəsində həmin illər çiçəklənmə dövrünü yaşayırdı. Təəssüf ki, bu dövr çox qısa oldu. Qanlı mart hadisələri Aşurbəyovlardan da yan keçmir. Hadisələrin başladığı il Teymur bəy artıq həyatda deyildi, Əli bəy isə xarici ölkələrin birində növbəti səfərində idi. Binanı boşaltmaq məcburiyyətinda qalan Aşurbəyovlar Sabunçu kəndində yerləşmişdilər. Ailəyə məxsus imarəti talandan Bala bəyin qızlarının müəlliməsi fransız madmuazel Qreylo xilas edib. Sara xanım Aşurbəyova xatirələrində yazır ki, madmuazel Qreylo binanın giriş qapısında Fransa bayrağı asmaqla və özünü fransız əsilzadəsi kimi təqdim etməklə Bala bəyin mənzilini və binanın bir çox hissəsini daşnaklardan qoruya bilmişdi. Ancaq buna baxmayaraq, azğınlaşmış qarətçilər binanın arxa tərəfindən Əli bəyin mənzilinə daxil ola bilmişdilər. Talançılar apara bildiklərini götürür, apara bilmədiklərini isə sındırıb dağıdırdılar. Yalnız 1918-ci ilin sentyabr ayında ADR hökumətinin xüsusi qərarından sonra Aşurbəyovlar öz malikanələrinə yenidən qovuşurlar. Ancaq bu sevinc çox çəkmir. 1920-ci ildə "XI Qızıl Ordu"nun Azərbaycanı işğal etməsi ilə digər Bakı milyonçuları kimi Aşurbəyovlar da sahib olduqları hər şeyi itirirlər. Vəziyyəti düzgün dəyərləndirən Bala bəy ata imarətini, Mərdəkandakı bağı və bir çox digər imarətlərini könüllü şəkildə bolşeviklərə təhvil verir. Bundan sonra o, ailəsi ilə birlikdə İstanbula köçür. Doğma vətəni üçün burnunun ucu göynəyən Bala bəy 1926-cı ildə ömrünün ən böyük səhvini edir. O, Bakıya qayıdır. 1937-ci ildə həbs olunur və Qazaxıstan şəhərlərinin birində həbsxanaya salınır. Uzun illər sonra həbsxana həkiminin dediyinə görə, kameraya fitnəkar yerləşdirirlər və o, Stalini söyməyə başlayır. Hamı susur, Bala bəy isə özünü saxlaya bilməyib "Stalin diktatordur!" deyir. Bu sözlər kifayət edir ki, 1937-ci ildə onu güllələsinlər. Üç il sonra - 1940-cı ildə böyük qardaşı ürəktutmadan vəfat edir. Sara xanım Aşurbəyova xatərələrində yazır: "Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi icazəsi ilə biz İstambula yollandıq. İstambulda pis yaşamırdıq, hətta yunan aşbazımız da vardı. Mən və bacılarım fransız kollecində, qardaşım isə Qalata-sarayda oxuyurduq. Bunlar çox bahalı və nüfuzlu təhsil müəssisələri idi. Biz, altı uşaq məmnun idik. Valideynlərimiz isə vətən həsrəti çəkirdilər. Atam qayıtmaq qərarına gəlir: hər halda Türkiyə qürbətdir. Biz qayıtdıq... Atam sadəlövhlüyünün altını çəkdi - onu 1937-ci ildə güllələdilər. Biz uşaqlar isə bütün ömrümüzü ehtiyac içində, "milyonçu uşaqları" damğası ilə yaşadıq. Yalnız son zamanlar mətbuatda atamın mesenatlıqla məşğul olduğunu, bir çox istedadlı, lakın yoxsul azərbaycanlıların təhsil almasına kömək etdiyini xatırlamağa başladılar. Məndən tez-tez soruşurlar: "Bəs necə oldu ki, Sovet hakimiyyəti dövründə belə böyük nailiyyətlər qazandınız?" Məndə doğma şəhərimin tarixinə həmişə qeyri-adi maraq olub. Mən İçəri şəhərin küçələrini gəzir, qocalarla söhbət edir, qədim yazıları oxuyurdum. Ərəb, türk və fars dillərini öyrənməyim mənə tarixi materiallardan orijinaldan istifadə etməyə kömək edirdi. Mənim ən istəkli arzum - Bakı və Azərbaycan tarixinə dair tarixi əsərlərimin doğma Azərbaycan dilində çap edilməsini görməkdir. Xalqın uzun illər boyu ondan gizlədilmiş öz tarixini bilmək vaxtı çatmışdır. Hətta mənə, 90 yaşlı qadına - bütün düşündüklərimi həyata keçirmək üçün vaxt çatmadı. Özümü bütövlükdə tarixə həsr etdiyimdən, özümü rəssam və musiqiçi kimi göstərə bilmədim. Həyatım fərəhli faktlarla, hadisələrlə zəngin olmasa da, mən həmişə daxili sakitliyimi saxlamışam, işə qurşanmışam. Xasiyətimə görə mən valideynlərimə oxşayıram. Varlı olmalarına baxmayaraq, onlar məzmunsuz həyat keçirməmişlər, həmişə çalışmışlar və bizi də buna öyrətmişlər. Uşaqlıqda bizim oyuncaqlarımız olmayıb. Biz musiqi, əl əməyi və dillərlə məşğul olurduq - Azərbaycan, rus, fransız, ingilis, alman, ərəb, fars və bir qədər də latın dili". Sara xanım Parisdə Azərbaycan dövlət nümayəndəliyi adından çıxış edərkən, öz nitqini "Mariya Stüartın Parislə vidalaşması" şerini fransız dilində oxuyur. O, Şotlandiyaya yollanarkən fransızlar dilə belə gözəl yiyələnməsindən sarsılmışlar, ən çox da bu şeri bilməsindən, belə ki, bu şeri ancaq Parisin seçmə kolleclərində öyrədirdilər. Paris merinin bu şeri haradan bilməsini və
harada təhsil aldığı haqda sualına Sara xanım cavab vermişdi ki, o, Azərbaycan Dövlət Universitetini bitirib. Ailənin kiçik qardaşı Rişad tibb institutunu bitirir. II Dünya müharibəsi zamanı o, hərbi-səhra hospitalında həkim işləyir və 1944-cü ildə Budapeştin alman faşistlərindən azad edilməsi zamanı həlak olur. Bacıları onun ölümünü uzun illər analarından gizlədirlər. İsmət xanım 1954-cü ildə, toyunun 50-ci ildönümü günündə vəfat edir. Sara xanım yaşlı vaxtlarında yazırdı: "Mən 120 məqalə və dörd kitabın müəllifiyəm. "Şirvanşahlar dövləti" kitabına görə üç mükafat almışam - "əməkdar elm xadimi" adı, SSRİ Dövlət mükafatı və "Şöhrət" ordeni. Mənim kitablarımda rəhbərlərə və marksizm-leninizm klassiklərinə istinadlar yoxdur. Mənim kitablarımı açın, orada Lenindən, Stalindən, Bağırovdan, Xruşşovdan, Brejnevdən, Qorbaçovdan sitatlar görməzsiniz. Onların tarixi mənim ürəyimi parçalayıb, məni doğmalarıma həsrət qoyub, bizim gözəl evimizi dağıdıb. Mənim devizim - hakimiyyətlə heç bir kompromisə getməməkdir. Atam Bala bəy də belə idi. O, tarixdə neft sənayeçisi kimi qalıb, onun öhdəsindən nə Nobel qardaşları gələ bilib, nə Bağırov, nə də Stalin".

Ülviyyə Tahirqızı