Hitlerin Azərbaycan röyası Hadisə

Hitlerin Azərbaycan röyası

Almanlar kağız üzərində müəssisələri də bölmüşdülər

Hitler Almaniyasının keçmiş SSRİ üzərinə hücumundan 73 il ötür. 1941-ci il martın 27-də almanlar artıq kağız üzərində Azərbaycanın hətta müəssisələrini də bölmüşdülər.
Tarixçi-alim Əzizağa Ələkbərov bildirir ki, almanların "Kontinental" cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və satılması ilə məşğul olacağı göstərişi verilmişdi. Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irq"dən rəhbərlər də təyin edilmişdi. Almanlara ucuz işçi qüvvəsi hesabına maya dəyəri aşağı məhsullardan alınacaq yüksək gəliri son qəpiyinə kimi Almaniyaya çatdırmaq tapşırılmışdı. Almaniya Azərbaycanı müstəqil görmək istəmirdi. Bu mənada mühacirətdəki soydaşlarımızın SSRİ dağılacağı təqdirdə Azərbaycanı azad görmək istəklərinə mənfi nöqteyi-nəzərdən yanaşmamalıyıq. Təbii ki, Azərbaycanı müstəqil görmək, onun uğrunda mübarizə aparmaq onların amalı idi".
700 mindən çox azərbaycanlı müharibəyə səfərbər olunmuşdu. Bundan 400 mindən çoxu müharibədən qayıtmamışdı. O zaman xaricə müharicət edənlərin əsas qənaəti bu idi ki, faşizm bu müharibədə qalib gələrsə, Azərbaycan təzədən müstəqilliyini qazana bilər. Ancaq Hitlerin işğal planında Azərbaycan, xüsusən də Bakı nefti xüsusi yer tuturdu. Ümumən ötən yüzilin əvvəllərindən Bakı neftinə dünyanın iri dövlətləri böyük maraqla yanaşmışdılar. SSRİ-nin neft sənayesi naziri Baybakov deyirdi: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdi".
Heft başlıca amil idi, bu səbəbdən Hitler Bakıya can atırdı.
Müharibə vaxtı Azərbaycan 402-ci, 223-cü, 416-cı, 271-ci və 77-ci diviziyalarla sözün həqiqi mənasında böyük hünər, rəşadət göstərmişdilər. Bunlar milli diviziyalar kimi müharibənin sonuna kimi xalqımızın döyüşkənliyinin ifadəsinə çevrildi: "Bakıdakı diviziyalarda 21259 nəfər döyüşçü vardı. Bunlar tam hazır vəziyyətdə idilər, Hitlerin Qafqaza, Bakıya hücum planı gerçəkləşərsə, tamamilə səfərbər vəziyyətdə idilər. O zaman Bakının 18 rayonunda 61780 nəfəri birləşdirən 20 rota təşkil olunmuşdu. Bunlar Qafqaz cəbhəsindəki təhlükə ilə birbaşa bağlı idi. 1941-45-ci illərdə Azərbaycanda ümumi icbari hərbi təlim xətti ilə 51254 döyüşçü hazırlanmışdı. 291421 çağırışçı 9 növ hərbi peşəyə (avtomatçı, pulemyotçu, minomyotçu, snayper, tank əlyehinə döyüşçü) yiyələnmişdi. Bakı möhkəmləndirilmiş şəhərə çevrilmişdi. Şəhərə tanklarını girə bilməməsi üçün 16841 maneə yaradılmışdı. 97 kilometr uzunluğunda dərin xəndəklər qazılmışdı. Bu və başqa çətin işləri birbaşa əhali özü görürdü. On minlərlə kişi və qadın bu kimi işlərdə iştirak etmişdi".
Bakıda bu dövrdə 130 növ müxtəlif silah, hərbi sursat istehsal ("Katyuşa" raketi, pulemyot, qırıcı təyyarə hissələrinin yığılması və s.) olunurdu: "Əgər müharibə dövründə SSRİ üzrə 110 milyon ton neft istehsal olunmuşdusa, bunun 75 milyon tonu (75 faiz) Azərbaycanın payına düşürdü. Təkcə 1941-ci ildə Azərbaycan neftçiləri 23,5 milyon ton neft hasil etmişdilər. Azərbaycanda o vaxta kimi belə bir göstərici olmamışdı. Müharibə dövründə Azərbaycanda 22 mln. ton benzin (85 faiz) və neft məhsulları istehsal olunmuşdu. Müharibədə Azərbaycandan 11 mindən çox qadın (şəfqət bacısı, döyüşçü və b.) iştirak etmişdi.
Profeesor Qüdrət Əbdülsəlimzadə bildirir ki, siyasi-ictimai quruluşları, sosial-iqtisadi inkişaf yolları, ideoloji əsasları, dünyada baş verən proseslərə baxışları, mənəvi-əxlaqi dəyərləri müxtəlif olan ABŞ, İngiltərə, Sovet İttifaqının, onun liderlərinin faşist Almaniyasına qarşı birgə mübarizəyə qoşulmaları, humanizm və haqq-ədalət meyarları ilə yanaşı, eyni zamanda Hitlerin dünya ağalığına can atması niyyətlərinə birdəfəlik son qoymaq xəttinin qəti ifadəsi kimi qiymətləndirilməlidir. Kiminsə etiraf edib-etməməsindən asılı olmayaraq, bəşəriyyət tarixində ən dəhşətli və dağıdıcı müharibə sayılan II Dünya müharibəsində faşist Almaniyası üzərində müttəfiq qüvvələrinin birgə çətin qələbəsini təmin etmiş müxtəlif xalqların qəti inam-iradəsinin, öz liderlərinə etibarının, milyonlarla əsgər-zabitinin, arxa cəbhədə gecə-gündüz fədakarlıqla çalışanların nəhayət, Ruzvelt-Çörçil-Stalin üçlüyünün böyük xidmətləri, təşkilatçılıq bacarıqları şübhəsiz, danılmazdır. Arxa cəbhədəki insanların qələbəni yaxınlaşdırmaq naminə gecəli-gündüzlü zəhmət-qeyrət səyləri ana-babalarımızın, yaşlı nəslin, yeniyetmələrin cəbhədə vuruşanları dəzgahlar arxasında, tarlalarda, neft mədənlərində dəyanətlə əvəz etmələri, qız-gəlinlərimizin nişan üzüklərini, sırğalarını, qızıl bəzək əşyalarını könüllü surətdə Müdafiə Fonduna verməsi verməsi, cəbhədəki əzizlərimizin bir daha geri qayıtmayacaqlarını bildirən "qara kağızların" axıtdığı göz yaşları, yetim qalmış uşaqların ürək ağrıdan miskin baxışları, dul qadınların məşəqqətli həyat-dolanacaq tərzi, millətimizin aşkar-gizli niskilləri, şübhəsiz, taleyimizin Tanrı yazısının pozulmaz naxışlarıdır".
Elm və Texnika Sənədləri Arxivinin direktoru Şahsuvar Haşımov 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinin ağır günlərində Azərbaycanda geniş fəaliyyət göstərmiş çoxsaylı hərbi hospitalların alman faşist ordusu ilə döyüşən cəbhəyə hərtərəfli tibbi yardımı haqqında danışır: "Əslində Azərbaycan və ilk növbədə onun paytaxtı Bakı şəhəri yaralılara ən ümdə tibbi yardım göstərməklə onların əksər hissəsini müalicə edərək yenidən döyüşən cəbhəyə qaytaran nəhəng hospital mərkəzinə çevrilmişdi. Bu gün bir çox dünya ölkələri tərəfindən qeyd olunan həmin tarixi qələbənin qazanılmasında Azərbaycanın payı daha çox olub. Bütün Avropanı və Sovetlər Birliyinin əskər strateji və sənaye rayonlarını ələ keçirmiş faşist qüvvələri eyni zamanda Azərbaycanın da taleyini kölgə altında qoyurdu. Faşist hərbi maşınının başlıca istiqamətlərindən biri Bakı neftini ələ keçirmək, müqavimət göstərən yerli əhalini məhv etmək və bununla da Yaxın və Orta Şərqə doğru irəliləmək idi. Buna görə də Bakının strateji əhəmiyyətini nəzərə alan ölkənin Ali Baş Komandanlığı Azərbaycanın və ilk növbədə isə nəhəng ölkənin döyünən ürəyi sayılan Bakının düşmən hücumundan qoruyub saxlanılmasını ön plana çəkmişdi".
Sənədlərdə Böyük Vətən Müharibəsi illərində fədakarlıqla çalışmış həkimlərimiz, minlərlə döyüşçünün həyatını ölümdən xilas etmiş tibb alimlərimiz və texniki tibb işçilərimiz haqqında da ətraflı məlumat verilir: "Yaralı əsgərlərin müalicə aldığı hospitallarda sanki böyük bir səhiyyə ordusu xidmət göstərirdi. Sənədlərdə hospitallar üzrə baş cərrah Mustafa Topçubaşovun misilsiz xidmətləri barədə ürəkaçan sözlərə daha çox rast gəlirik. Topçubaşov hər gün onlarla belə əməliyyatları gecə -gündüz yatmadan, təmənnasız aparırdı. Mərkəzi sinir sisteminin zədələnməsi zamanı Mustafa Topçubaşovun irəli sürdüyü yeni müalicə üsulu, Fuad Əfəndiyevin döş qəfəsinin xəsarət alması zamanı daxilə qanaxmanın qarşısının alınması yollarına aid kəşfi, Mir Qasımovun bədən sümüklərinin çatlaması zamanı müalicə üsulları, Zülfüqar Məmmədovun yaraların müalicəsində Naftalan suyunun tətbiq olunması qaydaları, Umnisə Musabəyovanin başından və gözündən ağır xəsarətlər almış yaralılarla bağlı orijinal müalicə üsulları və sair onlarla belə təkliflər Azərbaycandakı bütün hospitallarda geniş tətbiq olunaraq müsbət nəticələr verirdi. İrəli sürülmüş bu cür dəyərli təkliflərin tətbiq olunması sayəsində hospitallardakı minlərlə döyüşçülərimiz, o cümlədən azərbaycanlı əsgərlərimiz sağalaraq yenidən cəbhəyə qayıtmışdı".

Uğur