Repressiya qurbanı - Mədinə xanım Vəkilova Hadisə

Repressiya qurbanı - Mədinə xanım Vəkilova

I yazı

... 1936-ci ilin həmin soyuq, küləksiz 8 dekabr axşamı qızı Güləndamla kinoya getmişdi. "Vətən" kinoteatrında "On beş yaşlı kapitan" filminə baxdılar. Zala keçəndə və film qurtarıb evə qayıdarkən bir cavan oğlan açıq-açığına onları təqib edirdi. Mədinə xanım sövq-təbii onun ətrafında nəsə bir fəlakətin dolaşdığını hiss edərək yaman narahat olmuşdu. Yanılmamışdı. Həmin gecə onların Proletar küçəsindəki 55 saylı mənzillərin qapısı vaxtsız döyüldü.....
Mədinə xanım XDİK DTİ məxfi siyasi şöbəsi 4-cü bölməsinin operativ əməliyyat müvəkkili Plotonovun tərtib elədiyi və MSŞ rəisi, DT kapitanı Gerasimovun 1936-cı il dekabrın 7-də təsdiqlədiyi arayışa əsasən, "qeyri-leqal əksinqilabi Müsavat təşkilatının üzvü" ittihamı ilə dekabrın 8-dən 9-na keçən gecə həbs edildi.
Dekabrın 30-da isə 7 il əvvələ aid məlumatlara əsaslanaraq ikinci bir oxşar arayış tərtib edildi: "Müsavat MK-nın üstü açılan 4-cü qeyri-leqal tərkibi və onun fəallarına açılan 12288 saylı istintaq-həbs işi üzrə Nuxa (indiki Şəki -red.) şəhərində 1902-ci il təvəlüdlü, hazırda Quba rayon xəstəxanasında həkim işləyən Qədimov Abbasın adı keçir. Qədimov Abbas Müsavat təşkilatının üzvüdür, 1930-cu ildə Nuxadan Mədinə xanım Qiyasbəyovanın yanına gələrək ona məlumat verib ki, o, qeyri-leqal əksinqilabi üsyançı təşkilata yardım alınması məqsədi ilə onun vasitəsi ilə müsavatçılarla əlaqəyə girsin. Bütün bu göstərilənlərə əsasən, Qədimov Abbası həbs etməyi və AzSSR CM 72/73-cü maddələri üzrə məsuliyyətə cəlb etməyi zəruri sayıram".

***

Azərbaycanın ilk qadın pedaqoqlarından biri olan Mədinə xanım Qiyasbəyli 1889-cu il sentyabrın 8-də Qazax qəzasının Salahlı kəndində Mehdi ağa Vəkilovun ailəsində dünya göz açmışdı. Atası bircə qızına yaxşı təhsil vermək istəyirdi. Odur ki, Tiflisə aparıb "Müqəddəs Nina" qızlar məktəbinə qoydu.
Tiflisdə Yermolov küçəsində yerləşən bu təhsil ocağına 8 yaşdan 12 yaşadək qızlar qəbul olunurdu və onlar dövlət hesabına oxuyurdular. Məktəb 7 sinifdən ibarət idi və bundan əlavə 2 hazırlıq sinfi vardı. Xalq Maarif Nazirliyinin proqramı əsasında tam kurs tədris olunurdu.
1904-cü ildə Tiflisdə Müqəddəs Nina təhsil müəssisəsini bitirdikdən sonra Mədinə xanım da gimnaziyada birillik əlavə kursa daxil olmağı qət etdi, atası buna nəinki etiraz elədi, əksinə qızın bu niyyətinə ürəkdən razı oldu. Mədinə xanım 1905-ci il mayın 18-də əlavə kursu da əlavə qiymətlərlə başa vurdu. Pedaqoji şuranın sədri İvan Afanasyeviç Krupennikovun mayın 21-də imzaladığı attestatda bildirilir ki, "Mədinə xanım Vəkilova rus dili və ilahiyyat fənlərini əla qiymətlə imtahan vermiş, rus dili hesab və ilahiyyatın ibitidai tədrisi qaydaları ilə tanış olmuşdur". Bu attestatla ona "ev müəlliməsi" adı verilirdi.
Yerli xalqların təmsilçilərindən də aldığı bu gimnaziya Mədinə xanımın dünyagörüşünün formalaşmasında, onda milli təəssübkeşlik duyğularının güclənməsində böyük rol oynamışdı. Ailə mühitinin də təsiri az deyildi. Atası Mehdi ağa açıqfikirli, millətpərvər adam idi. Qafqaz türklərinin sair millətlərdən geri qalması onu qəlbən ağrıdır, bu yolda əlindən gələni eləməyə çalışırdı. Anası Gülzar xanım Şərifova-Vəkilova savadlı qadın idi.
Mədinə xanımın kənddə qızlar üçün ibitidai məktəb açmaq fikrini atası bəyənmişdi. Lakin onlarca mollası, sofusu və əfəndisi olan bir kənddə qızların məktəbə getməsi fikri yaxşı qarşılanmamışdı. Belə olduqda Mədinə xanım işə qohum ailələrdən başlamışdı. Bu yolla yavaş-yavaş uşaqların sayı artaraq 30 nəfərə çatmışdı. Beləliklə , 1906-cı ilin yanvarında Salahlıda kənd yerində ibitidai qız məktəbi fəaliyyətə başlamışdı.
Məktəbdə türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı əmək və nəğmə dərsləri də keçirilirdi. Türk dilini Əhməd ağa Gülməmmədov, təbiətşünaslığı-təhsilli meşbəyi olan atası Mehdi ağa, qalan fənləri isə özü keçirdi.
Məktəb tez bir zamanda qəzada məşhurlaşıb özünü təsdiq etdirdi. 1906-cı il oktyabrın 15-də bu təhsil ocağı qəza maarif idarəsi tərəfindən rəsmiləşdirildi. Mədinə xanım Salahlı qız məktəbinin müdiri və müəlliməsi təyin edildi.
O zamanın adətinə görə, 13-14 yaşına çatan qızlar ərə verilərdi. Onu da istəyənlər çox idi. Kənd toylarında gecələr sabaha kimi davam edən mağarlarda bəyzadələr bu ideal namizədi oyuna çıxarmaqdan ötrü dəridən-qabıqdan çıxırdılar. Mədinə xanım ağır oturub, batman gəlirdi. Onu rəqsə çıxarmaq o qədər də asan deyildi. Oynayanda da ayrı bir əda ilə oynayar, onun oyununa tamaşa edənlər ayıl-mayıl qalardılar. Mehdi ağa seçmək məsələsində qızına sərbəstlik vermişdi. Odur ki, Mədinə xanım ailə quranda 20 yaşı vardı.
Mədinə xanım dağkəsəmənli Şəhriyar bəyi özü sevib-seçmişdi. Şəhriyar bəy Əskər ağa oğlu Qiyasbəyov bu nəslin hörmətli oğullarından idi.
Şəhriyar bəy atadan erkən yetim qalmışdı. Özü savadsız olsa da, oğlunun oxumasının, yaxşı təhsil almasının tərəfdarı olan və bundan ötrü çalışan anası Güləndam xanımın təkidi ilə ibtidai təhsilini başa vurduqdan sonra Qori Seminariyasına daxil olmuş, buranı 1890-cı ildə bitirmiş, bir ara müəllimlik eləmişdi. İndi isə Qazax qəzası rəisi ştabs-kapitan Reuttun dəftərxanasında dilmanc işləyirdi. Ziyalı və mədəni bir adam kimi bütün qəzada tanınırdı.
Gözünün ağı-qarası bircə qızının taleyinə görə narahatlıq keçirən ata hər halda qızını Şəhriyar bəyin xəstəliyi, onun arabir həkimlərə düşdüyü barədə xəbərdarlıq eləməyi özünə borc sanmışdı. Ancaq bu oğlana qəlbən vurulan Mədinə inanmaq istəməmişdi...
Əmisi doktor Məmmədrza demişdi:
- Ona fikir verdim, üzündə vərəmin əlamətləri var, yazığın 6 il ancaq ömrü qalıb, yaxşı olardı Mədinə bu niyyətindən əl çəkəydi.
Zeynəb xanım qıza əmisinin fikrini çatdıranda halını pozmamışdı:
- Əmidostu, əgər Şəhriyarın bircə il ömrü qalmış olsaydı belə, bəsim idi, fikrimdən dönən deyildim....
1910-cu ildə Salahlının ən dəmdəsgahlı toylarından biri vuruldu. Gözəl Mədinə Dağ Kəsəmənə-Qiyasbəylilərə gəlin köçdü.
Bütün quberniyada sözükeçər bir adam olan Mehdi ağa oğul əvəzi kürəkəninə arxa durdu. Şəhriyar bəy dövlət qulluğunda irəliləməyə başladı, kollegiya registatoru mülki rütbəsi aldı. Onu irəli çəkib Tovuz mahalında 4-cü sahəyə (Gədəbəy nahiyəsinə), daha sonra - 1914-cü ildən 1-ci sahəyə (Qazax və ona yaxın kəndlər) pristav təyin etdilər. Özünün yaxşı var-dövləti, Qarahasanlı tərəfdə at ilxıları, naxırı-otlağı vardı, üstəlik də arvadı yeganə varis olduğundan qayınatasının var-dövləti onun övladlarına qalacaqdı. Bu baxımdan gözü-könlü tox bir adam kimi, sair qəza məmurlarından fərqli olaraq rüşvətə meylli deyildi. Onun barəsində rəsmi fikir belə idi: "Ciddi işçidir, imkanlı adam olduğundan müstəqildir. Kənardan edilən təsirlərə baxmayaraq rus hakimiyyətinə qəlbən sədaqətlidir".
Mədinə xanım Dağ Kəsəməndə də qızlara məktəb açdı, burada eyni işlərini davam etdirdi. 1911-ci ildə ilki dünyaya göz açdı. Anasının adını qoydu-Gülzar. 1914-cü ildə ikinci qızı dünyaya gəldi- ona da Şəhriyar bəyin mərhum anası Güləndam xanımın adı qoyuldu. Ərinin Gədəbəydəki xidməti ilə əlaqədar olaraq bir müddət oralarda yaşadılar. Mədinə xanım burada da yeniyetmə qızları savadlandırmaq işləri ilə məşğul oldu.
1916-cı ilin iyulunda bəd xəbər gəldi - atası Mehdi ağa yaşayıb-işlədiyi Əksiparada qətlə yetirilmişdi. Bu, Mədinə xanımın həyatda yeniyetmə ikən ölən qardaşlarının, sevimli anasının ölümündən sonra aldığı növbəti ağır itki oldu.
Yenə övlad gözləyirdi. Bu dəfə oğlu oldu - 1916-cı il dekabrın 15-də, atasının ölümündən haradasa 6 ay sonra dünyaya gələn körpəsinin adını Mehdi qoydu. Sevinc və kədər bir-birinə qarışırdı. Vərəm öz işini görmüşdü - Şəhriyar bəy 1917-ci ilin iyununda, ömrünün çiçəklənən bir çağında 28 yaşlı gözəl Mədinəsini üç körpə uşaqla tək qoyub bu dünyanı tərk etdi. Doktorun dediyi müddət düz çıxmışdı.....
Mədinə xanım körpəsi ayaq tutan kimi, qolunu çırmayıb yeni bir qüvvə ilə maarif cəbhəsinə girməyi qərara aldı. Qüvvəsini Tiflisdə sınamaq qərarına gəldi. Bir neçə ay Zaqafqaziya komissarlığında çalışdı. Ancaq az sonra Zaqafqaziya üç yerə parçalandı. Azərbaycan hökuməti Gəncəyə köçdükdə o da Qazağa qayıtdı.
Yenicə istiqlalına qovuşmuş Azərbaycan yalnız maarif nuru ilə pərvəriş tapa bilərdi. Qazax qəzası xalq məktəbləri inspektoru təyin edilən Mədinə xanım qəzada maarif işinin genişləndirilməsi yolunda yerli ziyalılarla çiyin-çiyinə bir ilə yaxın var qüvvəsini əsirgəmədən çalışırdı. Mədinə xanımın siyasi məsələlərlə yaxından maraqlanması bu dövrə təsadüf edirdi. Bir əyalət ziyalısı kimi Qafqazda və Rusiyada gedən prosesləri bacardığı qədər izləyirdi. Siyasi görüşləri etibarı ilə milliyyətçi bir adam olan Mədinə xanım Azərbaycanın istiqlalının qızğın tərəfdarı idi. Ən yaxın qohumlarının bu ümummilli hərəkatın ön sıralarında getməsi, hökumətin ali məqamlarında təmsil olunması da təsirini göstərməyə bilmirdi.
Qüvvəsinin aşıb-daşan, məcrasına sığmayan dövrü idi. Balaca əyalət şəhəri ona dar gəlirdi, xidmətinin bəhrəsi olan ibtidai savadlı qızların gələcək inkişaflarının yolu bağlı idi. Nəsə bir şey eləmək, bu yolu nizamlamaq lazım idi. Qadınları savadlanmazsa, Azərbaycanın ayaq tutub yeriyə bilməyəcəyini dərk edən Mədinə xanım bu işin möhkəm təməlini məhz Bakıda - gənc cümhuriyyətin beyin mərkəzində qurmaq fikrinə düşmüşdü. Məhz belə bir müqəddəs arzu ilə 1919-cu ildə - Qafqazın türk ziyalı elitasının Bakıya cəmləşməkdə olduğu bir dövrdə uşaqlarını da götürüb bu şəhərə gəldi.
Qohumu Gövhər xanım Usubova (general İbrahim bəy Usubovun xanımı) ilə əl-ələ verərək paytaxtın mədəni həyatına qoşuldu. Gövhər xanım yaşadığı Nikolayevsk küçəsi-5 ünvanda türklər üçün savad kursu açmışdı. Buraya 80 nəfərə yaxın qadın-qız cəlb olunmuşdu. Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə Əhmədova, Nəimə Qazıyeva bu kursda tədris işində idilər.
Mədinə xanım bu təşəbbüsdən nümunə götürərək Armyansk küçəsində (Maksim Qorki) yerləşən mənzilində 1920-ci ilin martında belə bir axşam kursu təşkil etdi. Martın 10-da onun rəsmiləşdirilməsinə nail oldu. Mədinə xanımı 2-ci qadın axşam kursunun müəlliməsi təyin etdilər. Qısa bir müddət ərzində buraya savadlanmaq arzusunda olan 20 nəfərə yaxın qadın cəlb edə bilmişdi. Kursda Üzeyir Hacıbəyov, Xədicə xanım Ağayeva, Şəfiqə xanım Əfəndizadə dərs deyirdilər.
Mədinə və Gövhər millət üçün bu faydalı təşəbbüslərində nə qədər maneələri dəf etməli olurdular...

İsmayıl Umudlu,
araşdırmaçı