Məhkəmə jurnalistin şikayətini qismən təmin edib Hadisə

Məhkəmə jurnalistin şikayətini qismən təmin edib

Dünən Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılıb.
Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prokuror çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini istəyib.
Zərərçəkənin hüquqi varisinin nümayəndəsi Abil Bayramov çıxışında ümumilikdə 166 min 531 manatlıq mülki iddianın tam təmin edilməsini istəyib: "Mülki iddamızın əsaslılığını sübuta yetirən kifayət qədər dəlil-sübutu məhkəməyə təqdim etmişik. Ona görə də, mülki iddiamız tam əsaslıdır. Təmin olunmasını xahiş edirik".
İmdad Əlizadə vəkili ilə razı olduğunu və dəyən maddi zərərə görə 151 min 531 manat və mənəvi zərərə görə 15 min manatın təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsini istəyib.
Seymur Qarayevin vəkili Mirzəmməd Rəhimov isə mülki iddianı qəbul etmədiklərini bildirib.
Təqsirləndirilən şəxs son sözündə yalnız dəfn xərclərini ödəməyə hazır olduğunu deyib.
Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası İmdad Əlizadənin şikayətini qismən təmin edib. Qərara əsasən, təqsirləndirilən Seymur Qarayevdən ümumilikdə 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməlidir .
Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.
Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Mərhum Əli Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, "Avrasiya" Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manat).
Əliəsgər Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.