Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib Hadisə

Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

Aprelin 15-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsahibələrin mayın 27–də və iyunun 13-də keçirilməsi planlaşdırılır. Elan üzrə 5 dövlət orqanında mövcud olan 57 vakant vəzifə üzrə 59 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 174 müsahibənin keçirilməsi planlaşdırılır. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Hesablama Palatasının icmal-analitik şöbəsinin icmal büdcənin təhlili sektorunda məsləhətçi (1 vakant yer üzrə 19 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) məşğulluq mərkəzindən mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - direktor (1 vakant yer üzrə 13 nəfər) vəzifələri olub.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçən namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilər. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır. Namizədlər müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmalıdırlar.