“Belə platformalar hərbi-texniki əməkdaşlığın inkişafına imkan yaradır” Gündəm

“Belə platformalar hərbi-texniki əməkdaşlığın inkişafına imkan yaradır”

“Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX-in Qafqaz regionunun müdafiə sənayesi və daxili təhlükəsizlik sahəsində ən böyük ixtisaslaşmış tədbirlərindən biri kimi ölkəmizin beynəlxalq hərbi-texniki əməkdaşlığında xüsusi rolu var. Bu sərgi artıq təkcə silah və hərbi texnikanın nümayiş etdirildiyi məkan deyil, dövlətlər, hərbi nümayəndə heyətləri və müdafiə sənayesi şirkətləri arasında birbaşa əlaqələrin qurulduğu mühüm platformaya çevrilib”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.

Komitə sədrinin sözlərinə görə, ADEX 2026-da 29 ölkədən 270-dən çox şirkətin və 33 ölkədən 45 xarici nümayəndə heyətinin iştirakı bunun göstəricisidir: “ADEX çərçivəsində yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi, təcrübə mübadiləsi, müqavilə və razılaşmaların əldə olunması, eləcə də məhsulların regional bazarın tələblərinə uyğun təkmilləşdirilməsi üçün geniş imkanlar yaranır. Bu baxımdan ADEX-i Azərbaycanın müdafiə sənayesi potensialını beynəlxalq ictimaiyyətə təqdim edən və ölkəmizi regionda hərbi-texniki əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevirən strateji platforma kimi qiymətləndirmək olar. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yerli müdafiə sənayesinin istehsal imkanlarını və texnoloji səviyyəsini daha da artırmaqla yanaşı, ixrac coğrafiyasını genişləndirməkdir. Bu prosesdə ADEX kimi beynəlxalq sərgilərin əhəmiyyəti böyükdür. Çünki belə platformalar Azərbaycan məhsullarının potensial alıcılara və tərəfdaşlara təqdim edilməsinə, yeni əlaqələrin qurulmasına və hərbi-texniki əməkdaşlığın inkişafına imkan yaradır”.

A.Nağıyev vurğulayıb ki, eyni zamanda, ixrac prosesində beynəlxalq öhdəliklərə, ixrac nəzarəti rejimlərinə və tətbiq olunan hüquqi tələblərə ciddi riayət olunması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm şərtdir: “Qarşıdakı mərhələdə məqsəd yalnız istehsal həcmini artırmaq deyil, daha yüksək texnologiyaya əsaslanan, rəqabətqabiliyyətli və beynəlxalq bazarlarda tələbat görən müdafiə məhsullarının çeşidini genişləndirmək olmalıdır”.

Röya İsrafilova