150-dən artıq riyaziyyatçı alimimiz xaricdə işləyir Hadisə

150-dən artıq riyaziyyatçı alimimiz xaricdə işləyir

Tural

AMEA Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələrini qəbul edib. A.Əlizadə fondun Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanına əsasən yaradıldığını xatırladıb. AMEA rəhbəri ölkədə elmin, ictimai fikrin inkişafından danışıb, gənclərlə aparılan işlərin vacibliyini diqqətə çatdırıb. Elmi diasporla işin təşkilinin əhəmiyyətini vurğulayan AMEA rəhbəri xaricdə çox sayda azərbaycanlı alimin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, təkcə riyaziyyat sahəsində onların sayı 150-dən çoxdur. A.Əlizadə bu alimləri Azərbaycanda elmin inkişafına cəlb etməyin zəruri olduğunu söyləyib.
AMEA prezidenti fondun elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması və s. məqsədlərə xidmət etdiyini söyləyib. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev fondun fəaliyyətinin əsas istiqamətlərindən söz açıb. Qeyd edib ki, elmin bütün ölkə ərazisində populyarlaşdırılması, o cümlədən gənclər arasında savadlanma və maariflənmə işlərinin artırılması, xarici ölkələrdəki elmi nailiyyətlərin respublikanın ən ucqar kəndlərinə yayılması fondun fəaliyyətinin əsas istiqamətləri olacaq.
Bilik Fondunun sədri, pedoqogika üzrə fəlsəfə doktoru Oqtay Səmədov qurumun fəaliyyətinin təşkili çərçivəsində indiyə qədər görülmüş işlərdən danışıb. Bildirib ki, fondun struktur bölmələri və ştat cədvəli təsdiq olunmuş, inzibati binası informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmişdir.