Səsi sonra çıxacaq... Hadisə

Səsi sonra çıxacaq...

Arzu Şirinova

Hər gün "İnşaatçılar, Yasamal bazarı, Elmlər, Şəhidlər, Maşın bazarı, Badamdar" və yaxud da digər istiqamətlərə qulaqları dələn çağırışlar eşitməkdən bezmişəm. Özü də bu çağırışlara ara verilmir, cümlə bitməmiş yenisi başlayır. Allaha yalvarıram ki, bircə avtobus tez yola düşsün və əsəbləri tarıma çəkən, insanın beyninə işləyən çağırışlar kəsilsin. Belə çağırışlar əsasən 20 Yanvar metrosu yaxınlığında, Şamaxinka kimi tanınan yerdə və İnşaatçılar metrosu həndəvərində baş verir. Hər gün də sürücülərlə, belə demək mümkünsə, çağırışa görə sürücüdən 20 qəpik pul yığan "kassir"lərin bəzən maraqlı, bəzən də əttökən söhbətlərinin qulaq şahidi oluram. Son iki gündə eşitdiklərimi yazıram ki, siz də "feyziyab" olun.

Əvvəlki gün

Avtobus dayanır və qulaqları dələn səsi eşidirsən. Bu dəfə çığıran orta yaşlı, kök bir kişidir. Sürücüyə iradını bildirir ki, niyə vaxtında gəlməyib. Sürücü də anlatmağa çalışır ki, "probka" olduğu üçün ləngiyib. Və 20 qəpiyi uzadıb deyir:
- Yaxşı çağır.
- Çağırıram da, bundan artıq?
- Əlbəttə artıq. Yaxşı çığırmamasınız ki, hələ də torpaqlar o dığaların (oxu-ermənilərin) əlindədir.
- Bir az da siz çığırın, səsimizə səs verin bəlkə eşidildi.
- Mən vaxtında çığırmışam. Sən hökumətdən yağ, qənd, düyü istəyəndə mən ön cəbhədə vuruşmuşam. Allah üzümə baxdı ki, sağ qaldım. Ölsəydim balalarım onun, bunun qapısında haqqımı tələb eləməkdən bezəcəkdilər.
- Sənin yenə dərdin təzələnib. Ən yaxşısı sür get, vaxt tamamdır.
- Hələ bir dəqiqəm var. Sözün düzünü deyəndə niyə acığın tutur?
Kişi sürücünün bozardığını görüb, başlayır zarafat eləməyə:
- Əşi narahat olma, hamımızın əvəzindən üçlük (ATƏT-in Minsk qrupunun həmsədrlərini nəzərdə tutur-A.Ş.) qışqırır.
- Sənli, mənli o üçlüyə arxayın olmuşuq ki, Qarabağ hələ də ermənilərin əlindədir. Onlar qışqırıb nə deyirlər ki? Sənin halalca haqqını istəmirlər ki, erməniləri müdafiə edirlər. Bura da gələndə yedirib, içirib yola salırıq. Elə ki, ayaqların sərhəddən kənara qoydular başlayırlar ki, müharibə olmamalıdır. Dağlıq Qarabağ sülh yoluyla həll edilməlidir. Hələ bir de görüm neçə otaq ala bildin?
- İki verirdilər, üçə razılaşdırdım.
Vaxt tamam olur və sürücü qapıları bağlayıb yoluna davam eləyir. Ancaq yol boyu elə hey danışır...

Sonrakı gün

Təsadüfən eyni avtobusdayam və eyni sürücüdür. 20 Yanvarda dayanan kimi eyni sözləri, bu dəfə başqa ifada eşidirəm. Bunun səsi yeni efir üzü görən müğənnilərin səsinə oxşayır. 20 qəpiyini alıb təşəkkür edən 28-30 yaşlarında "kasssir" sürücüyə:
- Bu gün sənin növbən deyildi axı?
- Hə qarabalanı əvəz eliyirəm.
- O da kefdi vallah. İki gündən bir harasa gedir. Planı necə danışmısınınz.
- Yarılığına.
- Bəs necə verəcək?
- Orası mənim işim deyil. Dünən "naparnikin" başımı xarab elədi.
- Hiyə?
- Deyir ki, üçlük bizim əvəzimizdən çığırsın ki, bəlkə Qarabağı qaytara bilək.
"Kassir" gülür:
- Üçlük kimdir?
- Tut arağı həvəskarları olan həmsədrləri deyir.
- Sən ona deyə bilmirdin ki, Bayram Səfərov qışqırsa yaxşıdır?
- Hiyə ki, Bayram Səfrov qışqırır, özü də yazıq jurnalistlərə. O gün baxıram ona və fikirləşirəm, gör bizim icmanın rəhbəri kimdir. Danışığını bilməyən, rəftarı olmayan biri gör gəlib harda və hansı postda otrub. Dağıl a dünya. Hələ bir gör nə deyir? Jurnalist sual verir ki, 4,5 milyon manata villa almısan, hardandır bu qədər pul səndə? Cavabı bu olur ki, "yaxşı eləmişəm, başqası ala bilər mən yox?"
- Sən qan-xatasan. Sür get ki, mənim də başım ağrımasın.
Sürücü yenə yolboyu danışır. Yazığın, fağırın biri 1000 manat rüşvət alanda tutub basırlar içəri, adını da qoyurlar "rüşvətxorluğun, korrupsiyanın qarşısını alırıq". Ancaq Bayram Səfərov kimilər bu qədər pula villa alanda cınqırları da çıxmır. Arxada oturan kişi dillənir: "Harahat olma, səsi sonra çıxacıq, özü də pis"...