Daha bir şəhidimiz dəfn edilib Hadisə

Daha bir şəhidimiz dəfn edilib

İndi bir məzarlıqda üç qəhrəman uyuyur

İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhə xəttində atışma zamanı yaralanan, srağagün dünyasını dəyişən əsgər Anar Vidadi oğlu Qafarzadə ötən gün doğulduğu Biləsuvar rayonunda dəfn edilib.
APA-nın cənub bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü şəhid əsgər doğulduğu Nərimankənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri ilə yanaşı Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Şəhidin dəfnindən əvvəl baş tutan mitinqdə Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Biləsuvar Rayon İcra Hakimiyyətinin birinci müavini Xanlar Məmmədov və digərləri çıxış edərək, Anar Qafarzadənin şücaətindən, şəhidliyin müqəddəsliyindən və düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad olacağhından söz açıblar.
Şəhid dəfn olunduqdan sonra yaylım atəşi açılıb.
Qeyd edək ki, iki gün öncə cəbhədə şəhid olmuş 37 yaşlı gizir Pərvin Əliyev və 28 yaşlı kiçik gizir Rahil Hüseynov da Nərimankənd kəndində torpağa tapşırılıb.