“Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” Hadisə

“Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub. İnstitutdan bildirilib ki, “Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır. Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilib. Elmi yeniliyi və əhəmiyyəti nəzərə alınaraq, tədqiqat işi çap olunmamışdan qabaq AMEA Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər Bölməsinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasında və Beynəlxalq Türk Akademiyasının (Nur-Sultan) iclaslarında geniş müzakirə olunub.
Kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara, ədəbiyyat tarixlərinə qədərki inkişaf yolu izlənilib təhlil olunub. Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirməsi zamanı Azərbaycan xalqının milli maraqlarından və dövlətçilik meyarlarından çıxış edilərək azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, Azərbaycanda ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları prinsipləri əsas götürülüb. Kitabda Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilib və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılıb.
Həcm etibarilə 450 səhifədən ibarət olan monoqrafiyada Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna dair hər bir mərhələsinin şərhi verilib, elmi cəhətdən və ədəbiyyatdan gələn nümunələrlə əsaslandırılıb. Monoqrafiyada milli ədəbiyyat tariximiz mərhələlər üzrə dövrləşdirilərkən uzun illər ərzində əsas meyar kimi qəbul edilmiş marksist ictimai formasiyalar nəzəriyyəsinin tətbiqindən imtina olunub. Hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin qonşu ölkələrdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmayıb. Ciddi elmi-nəzəri əhəmiyyətə malik olan “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasının elmi redaktoru, AMEA-nın müxbir üzvü Ertəgin Salamzadə, məsul redaktoru filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlidir. Kitab tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələri üçün faydalı mənbə ola bilər.