Ali məktəblər üçün yazılmış “Azərbaycan tarixi” Hadisə

Ali məktəblər üçün yazılmış “Azərbaycan tarixi”

Dərsliklərin vəziyyəti: problemlər və çıxış yolları

Öncədən qeyd etmək lazımdır ki, hazırlanan yazıda əsas məqsəd indiyə kimi nəşr olunmuş “Azərbaycan tarixi” dərsliklərini təhlil etmək deyil, hələlik dərsliklərə ümumi bir baxışdır. Ola bilsin yaxın zamanlarda həmin dərsliklərin hər birini ayrıca təhlil etmək lazım gələcəkdir. Çünki bu, olduqca vacib bir məsələdir.

Bu gün Respublikamızda fəaliyyət göstərən Universitetlərin humanitar və qeyri-humanitar fakültələrində təhsil alan tələbələr üçün nəzərdə tutularaq yazılmış (bəzi hallarda yazgeniş oxucu üçün də nəzərdə tutulur) “Azərbaycan tarixi” dərsliklərinin vəziyyəti heç də ürək açan deyil (bəzi “Azərbaycan tarixi” dərsliklərini çıxmaq şərti ilə).

Mən, prinsipcə Ali məktəblər üçün “Azərbaycan tarixi” dərsliklərin yazılmasının əleyhinə deyiləm. Əksinə, tarixmizin ayrı-ayrı problemləri haqqında, real tarixi faktlara söykənərək, elmi-tədqiqat əsərlərin, eləcə də dərsliklərin yazıması olduqca vacibdir. Bu sahədə çalışan tarixçi alimlərimiz barəsində ürək dolusu ilə danışmaq mümkündür.

Fikrimizcə, Vətən Tarixinin ayrı-ayrı dövrlərinin təhrif olunmadan yazılması hər bir tarixçinin birinci dərəcəli vəzifəsi olmalıdır. Şübhəsiz, bu vəzifə dərslik yazan tarixçi alimlərimizə də aid olunmalıdır.

Dərsliklərin doğru-dürüst, tarixi faktları təhrif etmədən yazılması, bu zaman tariximizin ayrı-ayrı dövrlərini tədqiq edən tarixçi alimlərin rəyinin nəzərə alınması və nəhayət, həmin dərsliklərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi əmri ilə təsdiq edildikdən sonra çap olunması olduqca vacibdir.

Bu günə qədər Ali məktəblər üçün yazılaraq nəşr olunan “Azərbaycan tarixi” dərsliklərini, əsasən iki qrupa bölmək olar: birinci qrup, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi əmri ilə təsdiq edilmiş dərsliklər; ikinci qrup, ayrı-ayrı Universitetlərin Elmi Şuralarının qərarı ilə çap olunmuş dərsliklər.

Birincidə, əgər birinci tərəf müəllifdirsə (və ya müəllif kollektivi), ikinci tərəf rəy verən və deməli məsul olan Dövlət Müəssisəsidir (Təhsil Nazirliyi).

İkincidə, yenə iki tərəf var. Onlardan biri yenə dərsliyin müəllifi (və ya müəllif kollektivi), digər tərəf isə Universitetlərin Elmi Şuralarıdır.

“Azərbaycan tarixi” dərsliyini yazan hər bir müəllif və ya müəllif kollektivi yalnız tələbələri deyil, tariximiz haqqında doğru-dürüst məlumat əldə etmək istəyən geniş oxucu kütləsini də nəzərə almalıdır.

Hörmətli tarixçilərin yazdıqları kitabların üzərinə “Ali məktəblərin tələbələri üçün nəzərdə tutulub” yazmaqla işini bitmiş hesab etməməlidir. Yadda saxlamaq lazımdır ki, hər bir oxucu kitabın içində yazılarla maraqlanır. Ona görə də tarixmizlə bağlı yazılan hər bir kitaba görə müəllif və ya müəllif kollektivi ilə yanaşı, həmin kitabın çapı üçün razılıq verən Təhsil Naziriliyinin müvafiq orqanı, Universitetlərin Elmi Şuraları və fikrimizcə, Nəşriyyatlar da məsuliyyət daşmalıdır. Əgər başqa cür yanaşma varsa, buyursunlar, desinlər, yazsınlar.

Ali məktəblərin tələbələri üçün yazılan “Azərbaycan tarixi” dərsliklərinə (bir qismini çıxmaq şərti ilə) nəzər yetirsək, görərik ki, tariximizin bəzi məqamları ya təhrif olunmuş formada, ya da bir-birlərindən tamamilə fərqli formada şərh olunur.

Çox vaxt “Azərbaycan tarixi” dərslilkləri bir nəfərin “qələmindən” çıxaraq işıq üzü görür. Həmin dərsliklərdə də tanınmış tarixçilərin adları elmi redaktor və rəyçi kimi yazılır. Halbuki həmin redaktor və rəyçilərin çoxunun kitabın içində yazılanlardan xəbəri də olmur.

Fikrimizcə, “Azərbaycan tarixi”nin ta qədim zamanlardan günümüzədək olan dövrünün bir nəfərin qələminin məhsulu olaraq yazılması (dərslik kimi) mümkünsüzdür. Bir nəfər bütün dövrün mütəxəssisi ola bilməz. Ona görə də bəzi müəlliflər tərəfindən yazılmış dərsliklərdə ciddi səhflərə rast gəlmək mümkündür. Nümuna olaraq bir neçə misal gətirim: məsələn, bir dərslikdə yazılır ki, ... mannalar e.ə. II minillikdə Ərəbistan yarımadasında yaşayırmışlar. Sami dilli soylar tərəfindən sıxışdırılan mannalar şimala doğru köç zamanı Urmu – Zaqros bölgələrində qohum soyların dayağına arxalanaraq onları öz ətraflarında birləşdirib Assur və Urartu təcavüzündən yerli soyların torpaqlarını mühafizə etməyə cəhd göstərirlər” və s. (bax: Qəzənfər Rəcəbli. Azərbaycan Tarixi. Bakı: “Elm və təhsil”, 2013, 544 s.S.29).

Mannalıların (və ya müəllif Qəzənfər Rəcəblin yazdığı Manalılar) Ərəbistan yarmadasında yaşaması və sonra Azərbaycan torpaqlarına gəlməsi ilə bağlı indiyə kimi nə mənbələrdə, nə Manna tədqiqatçılarının (məs:, İqrar Əliyev, Solmaz Qaşqay və b.) əsərlərində, nə də ki, yeddi cildlik “Azərbaycan tarixi”nin birinci cildində rast gəlinmir.

“Azərbaycan tarixi” dərsliyinin tarixçi-mütəxəssislər tərəfindən yazılması, eləcə də dərsliklər yazılarkən müəllifin və ya müəlliflərin istifadə etdiyi mənbə və ədəbiyyatların dəqiq ünvanı göstərilərək yazılması yaxşı olardı. Belə olan təqdirdə, tariximizin ayrı-ayrı dövrləri doğru-düzgün yazılar.

Bir çox hallarda “Azərbaycan tarixi” dərsliyini oxuyan tələbə və ya oxucu elə başa düşür ki, ibtidai icma quruluşundan başlamış XXI əsrin müvafiq illərini də özündə əks etdirən dərsliyi elə bir nəfərin əməyi nəticəsində ərsiyə gəlib. Halbuki, bu belə deyil. Düzdür, “Azərbaycan tarixi” dərsliyinin bir qismi müəllif kollektivi tərəfindən yazılmışdır. Buna misal olaraq akademik Ziya Bünyadov və tarix elmlər doktoru, professor Yusif Yusifovun redaktorluğu ilə nəşr olunan “Azərbaycan tarixi” (Ən qədim zamanlardan - XX əsrədək. I cild. Bakı: Azərnəşr, 1994, 687 s.), BDU-nun “Azərbaycan tarixi” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə nəşr olunan “Azərbaycan tarixi” dərsliyini (Azərbaycan tarixi. Dərslik. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2016,412 s. Ən qədim zamanlardan - XXI əsrin ilk onilliklərinədək. Azərbaycan Respublikası Təhsil Nazirinin 26.02.2014-cü il tarixli 241 saylı əmri ilə təsdiq edilmişdir) və s. göstərmək olar. Lakin Ali məktəblər üçün yazılaraq nəşr olunan “Azərbaycan tarixi” dərsliklərinin böyük bir qismi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiqindən keçmədən (həmin dərsliklər ayrı-ayrı Universitetlərin Elmi Şuralarının təsdiqindən keçib) nəşr olunur.

Müasir dövrdə “Azərbaycan tarixi” dərsliklərinin yazılması “qaydaları” da məlumdur. “Azərbaycan tarixi” dərsliyini yazan tarixçi (bir çox hallarda müxtəlif illərdə yazılmış tarixi kitablardan, eləcə də elmi-tədqiqat əsərlərindən köçürülür. Hətta bütöv bir fəslin olduğu kimi, vergül və nöqtəsinə toxunmadan, köçürülmə hallarına da rast gəlinir. Məsələn, Həsən Qəniyevin 2019-cu ildə çap etdirdiyi “Azərbaycan tarixi” dərsliyinin 1-ci fəslinin dörd yarımfəsli İkram Ağasiyevin 2017-ci ildə çap etdirdiyi “Azərbaycan tarixi” dərsliyinin girişindən olduğu kimi köçürülmüş, lakin müəllifin adı ədəbiyyat siyahısında göstərilməmişdir. “Dərsliklərdə” bu cür hallara daha çox rast gəlmək mümkündür) “ərsəyə” gətirmiş olduğu dərsliyi ciddi elmi müzakirədən keçirmədən verir nəşriyyata. Nəşriyyatların da, demək olar ki, böyük bir qismi həmin dərsliyi həvəslə çap edirlər... Kitabın içində yazılanlar isə çox vaxt onları maraqlandırmır. Soruşanda da deyirlər ona müəllif çavabdehdir.

Mövzu ətrafında çox danışmaq və yazmaq olar, amma burada fikrimi hələlik tamamlamaq istəyirəm.

Bununla belə, indiyə kimi çap olunmuş “Azərbaycan tarixi” dərsliklərin bir qisminin ilkin təhlilinin ümumi nətəcələrini, həmçinin təkliflərimi oxucuların diqqətinə çatdırmaq istəyirəm:

Tariximizin müxtəlif dövrləri üzrə tanınmış tarixçi alimlərimizin birgə əməyi nəticəsində yazılmış dərsliklərdən və ya elmi-tədqiqat əsərlərindən böyük həcmdə köçürmələr və həmin materialları öz adlarına çıxma hallarına rast gəlinir;

Dərsliklərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə fərqli yanaşmalar özünü göstərməkdədir. Bu cür yanaşmalar tələbə və oxucularda çaşqınlıq yaradır.

Ali məktəblərin tələbələri üçün yazılmış “Azərbaycan tarixi” dərsliklərin hər biri ciddi təhlil olunduqdan sonra çapına icazə verilməlidir.

“Azərbaycan tarixi” dərsliyinin yazılmasında bir özbaşınalıq hökm sürməkdədir. Bunun qarşısını almaq üçün fikrimizcə, aidiyyəti qurumlar tərəfindən ciddi ölçü götürülməli və “Azərbaycan tarixi” dərsliyinin yazılması ilə əlaqədar müəyyən qaydalar hazırlanmalıdır. Tariximizin neçə gəldi yazılmasına imkan verilməməlidir.

Yalnız müəyyən olunmuş qurumun ekspert qrupunun razılığı olduqdan sonra dərsliklərin nəşriyyatlar tərəfindən çapna razılıq verilməlidir.

Sonda Ali məktəblərin tələbələri üçün yazılmış “Azərbaycan tarixi” dərsliklərin bir qismini oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm.

Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Ziya Bünyadovun və Yusif Yusifovun redaktorluğu ilə. Bakı, 1994, 2005.

Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Süleyman Əliyarlının redaktorluğu ilə. Bakı, 1996.

XX əsr Azərbaycan tarixi. Yusif Yusifov və Tofiq Vəliyevin birgə redaktorluğu ilə. Bakı, 2004.

İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

Qəzənfər Rəcəbli. Azərbaycan tarixi. Bakı: “Elm və təhsil”, 2013, 544 s.

Tofiq Nəcəfli və Bilal Dədəyev. Azərbaycan tarixi. Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün dərs vəsaiti. Bakı, 2013, 287 s.

İradə Nuriyeva. Azərbaycan tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün dərslik. Bakı: Mütərcim, 2015, 336 s.

Azərbaycan tarixi. Dərslik. Mehman Abdullayevin redaktorluğu ilə. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2016,412 s.

İkram Ağasiyev və Şirxan Səlimov. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı: 2017, 584 s.

Həsən Qəniyev. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı: 2019, “Elm və Təhsil” nəşriyyatı, 499 s.

Vaqif ŞİRİNOĞLU

Tarix üzrə elmlər doktoru