4 Fevral 2020 13:31
1 911
Fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda 2020-ci ilin yanvar ayında dünyada baş vermiş güclü zəlzələlərlə bağlı ekspress-müzakirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun diqektoru, akademik Akif Əlizadə 2020-ci il yanvarın 24-də Elazığ şəhərində dağıntılar və insan itkisi ilə müşayiət olunan 6,8 bal gücündə zəlzələnin meydana gəldiyini söyləyib. O, təbii fəlakətin başvermə səbəblərinin mütəxəssislər tərəfindən müzakirə edilməsinin və bu istiqamətdə tədqiqatların zənginləşdirilməsinin vacibliyini vurğulayıb.
Akademik Fəxrəddin Qədirov “Yanvar 2020-ci il Elazığ və Malatya (Türkiyə) zəlzələləri: tektonik və geodinamik analiz” mövzusunda məruzə edib.
O, məruzəsində Elazığ zəlzələsinin tektonik və geodinamik analizini təqdim edib. Bildirib ki, 1998-ci ildən etibarən Azərbaycanın da daxil olduğu 26 dövlətin alimlərinin iştirakı ilə Aralıq dənizi ölkələrinin seysmik aktivliyi GPS məlumatları əsasında müşahidə edilir.
Türkiyənin zəlzələ xəritəsini nümayiş etdirən akademik Şərqi Anadolu qırılmasının uzun müddətdir sakit olduğunu, Elazığdakı təbii fəlakətin Malatya və digər yaxın şəhərlərdə güclü hiss edildiyini bildirib. O, aktiv, inkişafda olan qırılmaların bu gün də mövcud olduğunu, hazırda sözügedən ərazilərdə yeraltı təkanların mütəmadi baş verdiyini deyib. Alim Türkiyədə baş verən zəlzələlər haqqında ətraflı məlumat verib.
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli 2020-ci ilin yanvar ayında baş verən zəlzələlər haqqında statistik məlumatları açıqlayıb. O bildirib ki, ötən ay dünyada dağıntılara səbəb olan 165-dən çox zəlzələ baş verib. Azərbaycanda isə son bir ay ərzində 550-dən çox zəlzələ olub. Bu zəlzələlərdən əksəriyyəti 3 bal güçündən aşağı olduğu üçün hiss olunmayıb. Q.Yetirmişli qeyd edib ki, Azərbaycanda bəzən gün ərzində 30-dan çox təkan olur. O, tikinti və şəhərsalma zamanı seysmik ballıq qiymətləndirilməsinin aparılmasının zəruriliyinə də toxunub.
Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.