“Bu layihənin reallaşdırılması dönüş nöqtəsi olacaq” Siyasət

“Bu layihənin reallaşdırılması dönüş nöqtəsi olacaq”

“Beynəlxalq sülh və rifah üçün Tramp marşrutunun siyasi əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamədə qoyulub. Bu layihə 8 avqustda Ağ Evdə ABŞ Prezidentinin ev sahibliyi ilə keçirilən tarixi sülh danışıqları zirvəsinin mühüm tərkib hissəsidir. Həmin bəyannamədə Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirəcək maneəsiz bağlantının yaradılması məsələsi təsbit edilib”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli əlavə edib ki, bundan sonra bu marşruta dair ABŞ və Ermənistan icra çərçivəsi sənədində Tramp layihəsi Ermənistan ərazisində multimodal tranzit layihəsi, həm də Trans-Xəzər ticarət marşrutunun, yəni Orta dəhlizin bir hissəsi kimi rəsmiləşdirilib: “Qeyd etdiyim həmin hüquqi bazalardan çıxış etməklə demək olar ki, Tramp layihəsi mahiyyət etibarı ilə həm aidiyyəti ölkələr, həm ikitərəfli, həm regional, həm də qlobal əhəmiyyət kəbs edən çox mühüm strateji xarakterli bir layihədir. Tramp yolunun açılması ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılmasını təmin etmək baxımından çox böyük, mühüm tarixi əhəmiyyət kəsb edir və bu, həm də ədalətin bərpası deməkdir”.

Deputat bildirib ki, ikincisi, bu, Azərbaycan-Ermənistan əlaqələrinin bərpası prosesini sürətləndirəcək və genişlənməsinə yaxşı əsaslar yaradacaq: “Üçüncüsü, Azərbaycanın Türkiyə ilə birbaşa əlaqələrini təmin edəcək və Türkiyənin regiondakı sülh, sabitlik yaradan rolunu daha da artıracaq. Dördüncüsü, türk dünyasının birləşməsini sürətləndirəcək və əzəmətli bir amilinə çevriləcək. Beşincisi, bu yol Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək və bu əsasda Orta dəhlizin əhəmiyyətini artıracaq. Altıncısı, dünya düzəninin hazırkı mürəkkəb və çox təlatümlü bir dövründə Tramp yolunun açılmasının regional əhəmiyyət kontekstindən qlobal əhəmiyyət kontekstinə keçib daha böyük qlobal yük daşıma qabiliyyətini orta perspektivdə əyani şəkildə özünü göstərməyə başlayacaq. Bu layihənin optimal müddətdə reallaşdırılması regionda yeni tranzit, ticarət, enerji və texnologiya imkanları açan dönüş nöqtəsi olacaq. Bu isə öz növbəsində regional əməkdaşlıq üçün yeni perspektivlər açacaq, əlaqələrin genişlənməsinə, regionda dayanıqlı sabitliyin və sülhün bərqərar olmasına çox ciddi töhfə verə biləcək”.

Röya İsrafilova