17:01
840
“Azad edilmiş ərazilərdə həyata keçirilən bu layihələrin uzunmüddətli iqtisadi təsiri bir neçə istiqamətdə özünü göstərə bilər. İnfrastruktur baxımından yol, enerji, su təchizatı və kommunikasiya şəbəkələrinin bərpası hər hansı iqtisadi fəaliyyətin əsasını təşkil edir. Bu olmadan nə biznes qurmaq, nə əhali yerləşdirmək, nə də kənd təsərrüfatını bərpa etmək mümkündür. Düzgün qurulmuş infrastruktur onilliklər ərzində gəlir gətirən iqtisadi fəaliyyətin zəminini hazırlayır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib.
O bildirib ki, əhalinin geri qayıdışı baxımından layihələrin sürəti və keyfiyyəti birbaşa olaraq köçkünlərin doğma yurdlarına nə vaxt qayıda biləcəyini müəyyən edir: “İnsan kapitalının bu ərazilərə qayıdışı isə yerli bazarı canlandırır, vergi gəlirlərini artırır və demoqrafik balansı bərpa edir. Boş ərazinin iqtisadi dəyəri isə əhalisiz ərazinin dəyərindən qat-qat yüksəkdir. Kənd təsərrüfatı və turizm baxımından Qarabağın münbit torpaqları və tarixi abidələri böyük potensial daşıyır. Ərazinin bərpası bu sektorlarda investisiyalar üçün şərait yaradır. Lakin bu potensialın reallaşması üçün yalnız fiziki bərpa deyil, hüquqi çərçivə, mülkiyyət hüquqlarının aydınlığı və biznes mühitinin formalaşması da tələb olunur”.
A.Nəsirli əlavə edib ki, risklər baxımından isə bir neçə amil uzunmüddətli inkişafı ləngidir bilər: “Layihələrin yalnız inşaat mərhələsini əhatə etməsi kifayət deyil - davamlı texniki xidmət, idarəetmə tutumu və yerli iqtisadi fəallıq olmadan infrastruktur tədricən dağıla bilər. Bundan başqa, maliyyənin böyük hissəsinin neft gəlirlərindən gəlməsi bu bərpa prosesinin enerji qiymətlərindən asılılığını artırır. Ümumilikdə, 268 layihənin yalnız bir rüb ərzində icra edilməsi sürətin yüksək olduğunu göstərir. Lakin əsl uğur meyarı bu ərazilərdə on il sonra özünü dolandıran, dayanıqlı iqtisadi həyatın mövcud olub-olmaması olacaq”.
Röya İsrafilova