14:56
637
“İşğaldan azad olunmuş bölgələrdə icra olunan bütün layihələr ölkənin həm infrastruktur imkanlarını genişləndirir, həm də yeni iqtisadi imkanlar yaradır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.
O bildirib ki, burada həm yeni müəssisələrin açılması, yeni yaşayış binalarının tikilməsi, həmçinin təhsil, səhiyyə ocaqlarının yaradılması bölgənin iqtisadiyyatını inkişaf etdirməsinə, məskunlaşmanın təmin olunmasında və son nəticədə yeni iş yerlərinin açılmasına öz əhəmiyyətli təsirlərini göstərir: “Bu baxımdan işğaldan azad olunmuş bölgələrdə icra olunan layihələr həm də həmin bölgəyə əlavə işçi qüvvəsinin cəlb olunmasına dəstək verir. Bu da digər sektorların da inkişafını təmin edir. Bu sırada yük daşıma, nəqliyyat, logistika, eləcə də xidmət sektorunu da vurğulamaq istəyirəm. Əlbəttə ki, orada görülən hər bir iş iqtisadi inkişafa, inteqrasiyaya, əlavə dəyərin yaradılmasına töhfə verir. Bu da bütün Azərbaycan iqtisadiyyatının ümumdaxili məhsulun artmasına, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və inkişaf etməsinə müsbət təsir göstərir”.
Röya İsrafilova