İnternet asılılığı dünyada ciddi xəstəliyə çevrilməkdədir Hadisə

İnternet asılılığı dünyada ciddi xəstəliyə çevrilməkdədir

Bu elə xəstəlikdir ki, insan buna özü də bilmədən, fərqinə varmadan tutulur

İnternetin hər zaman əlçatan olması, məktəb yaxınlığında, yaşayış məhəllərindəki internet klublar uşaqların internetə qədərindən artıq zaman sərf etməsinə həvəsləndirir. Uşaq həyatdakı bütün maraqlarını yalnız internetdə tapır və həyat onun üçün yalnız internetdən ibarət olur. İnternet istifadəçilərinin 10 nəfərindən birində asılılıq xəstəliyi müşahidə olunur. Belə insanlar internetə o qədər aludə olurlar ki, yeməyi və içməyi unudurlar.
Londonda İmperiya Kollecinin psixiatrı Qenrietta Bouden Cons deyir: "İnternet asılılığı xəstəliyinin ən geniş yayılmış forması internet-geymerdir - bu xəstələr sutkalarla internet oyunları arxasından durmurlar".
Ancaq bu yeni xəstəliyi digərlərindən ayırmaq o qədər də asan deyil. Çünki bir çox insanlar öz peşəkar fəaliyyətlərinə görə kompüter arxasında çox vaxt keçirirlər, asılılıqları barədə isə heç düşünmürlər. İnternet asılılığı dünyada ciddi xəstəliyə çevrilməkdədir. Minlərlə insan klinikalara gedərək internet asılılığından xilas olmaq üçün müalicə alır. İnternet asılılığı elə xəstəlikdir ki, buna insan özü də bilmədən, fərqinə varmadan tutulur. İnternet asılılığına yoluxmağı öyrənmək üçün klinikalarda belə suallar təqdim edilir:
- Davamlı olaraq internet barəsində düşünmək (internet girəndə nə edəcəyəm, nə yazacağam və s.)
- Həzz almaq üçün daha çox internetdən istifadə etməyə ehtiyac hiss etmək.
- İnternetdən istifadəni nəzarət altında saxlamaq; azaltmaq, yaxud tamamilə dayandırmağa yönələn cəhdlərin boşa çıxması.
- İnternetdən istifadəni dayandırdıqda narahatlıq, əsəb gərginliyi keçirmək.
- Planlaşdırdığınızdan daha uzun müddət internetdə qalmaq.
- İnternetdən həddindən artıq istifadəyə görə ailədə, universitetdə, işdə və dostlar arasında problemlər yaşamaq, təhsil, yaxud karyera ilə bağlı hansısa bir fürsəti buna görə təhlükəyə atmaq, yaxud tamamilə itirmək.
- Başqalarına (ailə, dostlar, terapist və s.) internetdə keçirdiyiniz vaxtla bağlı yalan söyləmək.
- İnternetdən problemlərdən uzaqlaşmaq (məsələn, çarəsizlik, günahkarlıq, depressiya, qayğılar) üçün istifadə etmək.
Müsbət cavablar "siz xəstəsiniz" deməkdir. Dünyada internet asılılığını yeniyetmələrin sağlamlığına ən təhlükəli kliniki pozulma kimi müəyyən edən ilk ölkələrdən biri Çindir. Bu ölkədə hökumət internet asılılığından əziyyət çəkən gənclərin artmasına qarşı mübarizə aparmaq məqsədi ilə yeniyetmələr üçün tədris düşərgələri açıb.
Düşərgələrdə gənc çinliləri internet asılılığından sərt intizam və hərbi üsullar tətbiq etməklə müalicə edirlər. Məşğələlər sabiq hərbçilər tərəfindən keçirilir. Onların əsas işi yeniyetmələri normal fiziki formaya gətirməkdir.
Fiziki məşğələlərdən əlavə, yeniyetmələrə ənənəvi çin mədəniyyəti, ev işləri öyrədilir. Müalicənin digər vacib hissəsi isə gənclərin psixoloqlarla söhbətləridir.
Çində belə düşərgələrin sayı 250-dən çoxdur. Gənclər bura əsasən valideynlərinin xahişi ilə yerləşdirilirlər.
Uorçesters Universitetinin tədqiqatçıları "internet asılılığı pozğunluğu" olan gənclərin beynini tədqiq ediblər. Tədqiqat nəicəsində emosiyaya, diqqətli olma və qərar qəbul etmə prosesinə cavabdeh olan sinir uclarını birləşdirən lifin - ağ maddənin zədələnməsi aşkar edilib.
Belə dəyişikliklər alkoqol asılılığı olanlarda və narkomanlarda da müşahidə olunur.
Alimlər həm də "fantom vibrasiya" effekti olduğunu qeyd ediblər. Belə ki, bu cür xəstələrə elə gəlir ki, smartfonlarına yeni mesaj daxil olub, çünki hər zaman telefon vibrasiyası hiss edirlər.
İnternetdən çox istifadə asılılığın tək göstəricisi deyil. Mühüm olan internetdən çox istifadə etdikcə baş verən davranış dəyişiklikləridir. Uşaqlar üçün ən spesifik göstərici yalan danışmaqdır. Məktəbdən qaçmaq, dərslərə həvəsin azalması, dost-ailə münasibətlərində dəyişikliklərin olması təhlükənin ayaq səsləridir.
Hələ 1995-ci ildə internet asılılığının bir xəstəlik olduğu İvan Qoldberq tərəfindən zarafat şəklində irəli sürülsə də, təəssüf ki, hazırda bu real bir xəstəlik kimi təsdiqini tapıb. Hətta bu gün bəzi ölkələrdə internet asılılığı ilə bağlı klinikalar fəaliyyət göstərir. Həkimlər 10-12 saat boyunca aramsız internetdə olan, oyun oynayan və ya söhbət edən insanların olduğunu və bunun bəzən ciddi nəticələrə yol açdığını bildirirlər. İnternet asılılığı içki, narkotik, dərman istifadəsi və qumar asılılığı daxil olmaqla bu kimi patoloji pozğunluqlara bənzədilir.
Bəzi insanlar ilk vaxtlar internetdən istifadədən sadəcə zövq alsalar da, sonralar bu müddətin uzanması xəstəliyə gətirib çıxarır. Belə insanlar artıq gərgin, yuxusuz olur və tez əzəbləşir, onlarda depressiya, qorxu, yalnızlıq hissləri, mədədə, gözlərdə, kürəkdə, başda şiddətli ağrılar, yemək vaxtının pozulması halları olur. Hətta artıq kompüter başında 72 saat keçirməklə öyünən insanlar da var.
İnternet asılılığına düçar olanların bir qismini gənclər təşkil edir və ilk vaxtlar ailə buna münasibət bildirmir. Sonra övladlarının yemək yemədiyini, yuxusuz qaldığını görüb bunun qarşısını almağa çalışdıqda onların sərt reaksiyası ilə üzləşirlər. Uşaqlarının məktəbə getmədiyini öyrənən və onları internet-klublarda tapan valideynlər də var. Elə internet aludəçiləri var ki, ac qalmağa razı olub, bütün pullarını internetə xərcləyirlər.
İnternet asılılığı vaxt itkisi ilə yanaşı insanları real həyatdan uzaqlaşdıraraq ətraf aləmlə ünsiyyətinə məhdudiyyət yaratması ilə uzun illərdir gündəmdədir. Gənc nəslin informasiya mənbəyi olan sosial şəbəkədən düzgün yararlanmaması, yalnız tanışlıq "çatları"na üstülük verməsi onları özləri də bilmədən internetin əsirinə çevirir. Gənclərin qeyri-ciddi olan virtual tanışlıqların əsirinə çevirilməsi bir çox hallarda onların intihara cəhdi ilə nəticələnir. Buna misal olaraq 2012-ci ilin oktyabrında İngiltərənin paytaxtı Londonda 15 yaşlı qızın qatar stansiyasında intihar etməsini göstərmək olar. Məlum olub ki, gerçək həyatda bir dənə belə yoldaşı olmayan balerina Tallulah Vilsonla internet vasitəsi ilə tanış olub, real həyatda heç bir bağlılığı olmuyıb.
Psixoterapiya Mərkəzinin psixoloqu Təhminə Çələbi internetdən asılılığın tək böyüklər deyil, artıq uşaqlar arasında da geniş yayıldığını deyir: "Zaman keçdikcə internetdən istifadə yaşı da get-gedə kiçilir. Bu gün 3 yaşında uşaq internet qarşısında oturub asanlıqla cizgi filmini izləyə bilər. Burda xüsusilə müxtəlif növ sosial şəbəkələri qeyd etmək olar. Əlbəttə daimi dostların əhatəsində olub, onlarla sevinci, kədəri, hiss ediklərini paylaşmaq, dəstək almaq çox gözəldir. Amma unutmaq olmaz ki, bu insanlar arasında çox böyük ünsiyyət problemi yaradır".
Psixoloq ziyanlı vərdişlər sırasına daxil olan internet asılılığını aradan qaldırmaq üçün isə sosial şəbəkənin istifadəsinə zamanla məhdudiyyət qoymağı məsləhət gördü: "İnsanlar artıq bir növ virtual həyatda yaşayır, hətta bəzən öz real həyatlarını təmamən unudanlar da olur. Belə hallar baş verməsin deyə internet istifadəçiləri özlərinə vaxt məhdudiyyəti qoymalıdırlar. Sosial şəbəkələrdən, internetdən qədərində istifadə etsək, həm dəyərli məlumatlar əldə etmiş olarıq, həm də beynimizi əlavə lazımsız informasiyalardan qoruyarıq".
Konsultasiya Mərkəzinin rəhbəri-psixoloq Narınc Rüstəmova bildirir ki, kompüter oyunlarına həddindən artıq düşkünlük ailədaxili ciddi problemlərin yaranmasına səbəb ola bilir: "İnsanlar yoldaşları ilə film izləmək, söhbət etmək yerinə vaxtını bu oyunlarla keçirir. Beləliklə, ər-arvad arasında problemlər yaranır ki, bu da boşanmaya səbəb ola bilir. Kompüter oyunları daha çox kişilərin marağına səbəb olur. Oyun asılılığı olan kişi işə getmir, uşaqlarla maraqlanmır, evin bütün işləri qadının öhdəsinə düşür". Ancaq mütəxəssislər belə hallarla qarşılaşan qadınların həyat yoldaşına dəstək olmasını məsləhət bilir. Oyun asılılığı sadəcə kişilərin problemi deyil. Belə hal hər kəsin başına gələ bilər. Psixoloq Narınc Rüstəmova oyun asılılığı problemi ilə ona müraciət edən qadınları misal çəkir: "Mənə iki xanım müraciət etmişdi. Onların ikisi də facebook sosial şəbəkəsində populyar olan ferma oyununu oynayırdılar. Ancaq iş o yerə gəlib çatmışdı ki, onlar uşaqlarına vaxt ayırmır, gündəlik işlərinə adaptasiya ola bilmirdilər. Hətta onlar boşanma məqamına gəlib çıxmışdılar".
Ümumiyyətlə, dünya təcrübəsində də psixoloqlar belə məsləhət bilirlər ki, boşanmaq yerinə həmin şəxsi bu problemdən xilas etmək üçün müəyyən tədbirlərə əl atılmalıdır. İnternet asılılığının artıq bir cox ölkələrdə xəstəlik kimi təsdiqləndiyini deyən psixoloq Tariyel Faziloğlu deyir ki, Avropanın bir cox ölkələrində kilinik şəraitdə müalicə aparılır: "Bu asılılıq hər bir yaş qrupunda eyni təsirə malikdir. Yəni hər bir yaşda bu bağlılığa tutulmaq olar. Bu o deməkdir ki, hər yaş qrupunda olan insan internetdən aşırı istifadə etsə, onda virtual dünyaya bağlılıq artır və o insan real həyatdan tədricən uzaqlaşır. Ona artıq virtual aləm real dünyadan daha maraqlıdır. Bunun da bir çox səbəbləri var. Məsələn, virtual aləmdə sərhəd, qadağalar, olmazlar - bir sözlə, "yox" yoxdur. Bu isə insanlara virtual aləmi daha cəlbedici edir. Bunun nəticəsində insan real aləmdən qopur, virtuallaşır və passiv həyat keçirməyə başlayır. Nəticədə insan real həyatda, məsələn, ailədə, dostlar əhatəsində özünü narahat hiss edir, depressiya, stres keçirir, əsəb sistemi gərginləşir. Nəticədə bir çox sinir xəstəliyinin yaranması riski artır".
Psixoloqun fikrincə, onlara ciddi psixoloq nəzarətində uzunmuddətli kurs lazımdır. Amma eyni zamanda onların maraqlarını yönəltməyə çalışmaq lazımdır. İnternet asılılığı olan insan her şeyi internetlə həll etməyə başlayır ki, bir müddətdən sonra isə heç nəyə ehtiyacı olmasa belə özü özünə ehtiyac yaradır ki, virtual aləmdə gəzinməyə səbəbi olsun.
İnternet asılılığının bütün yükünü də gənclərin üzərinə yıxmaq olmaz. Çünki onların sırasında kifayət qədər müxtəlif yaşlı insanlar da yer alır. Məsələn, kosmetikaya marağı olan qadınlardan birinin ehtiyacı olan məhsulları ucuz qiymətə internetdə axtarması onun uzun müddət burada qalmasına səbəb olub ki, artıq ehtiyacı olmayan məhsulları belə almağa başlayıb. Beləcə, bu, asılılığa çevrilib. Sonra isə belə adamlar həkimə müraciət etmək məcburiyyətində qalırlar.

Ülviyyə Tahirqızı