Ərzaq Təhlükəsizliyi necə təmin olunur? Hadisə

Ərzaq Təhlükəsizliyi necə təmin olunur?

Eyyub Hüseynov: "Problemin həlli üçün "Qida təhlükəsizliyi haqqında qanun" qəbul olunmalıdır"

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə Bakıda keçirilən Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forumda Azərbaycan Prezident Administrasiyası aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirib ki,
Azərbaycan üçün kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi çox önəmli məsələdir və dövlət aqrar sektora ciddi dəstək verir. Onun sözlərinə görə, bu sahəyə böyük investisiyalar yatırılır: "Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinin 65-70%-i kənd təsərrüfatına yönəldilib. Mineral gübrələrin 50%-i, cins mal-qaranın kəndliyə satılması dövlət tərəfindən həyata keçirilir. Kəndlilərə dövlət tərəfindən subsidiyalar verilir".
Azər Əmiraslanov deyib ki, ölkənin əsas vəzifələrindən biri kənd təsərrüfatı torpaqlarından düzgün istifadə edilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır: "Bu gün aqrar siyasəti həyata keçirən qurumlar qarşısında dövlət başçısının tapşırığı var. Bu işin fundamental tələblərindən biri elektron kənd təsərrüfatının həyata keçirilməsi, kadr potensialının gücləndirilməsidir. Elektron kənd təsərrüfatının yaradılması ilə torpaqların elektron qeydiyyatını həyata keçiriləcək".
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi Azərbaycanda əsas məsələlərdən biridir: "Əsas diqqətimiz ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, qidanın təhlükəsiz olmasıdır ki, bu da bu sahəyə ciddi nəzarətin olmasını, bu isə yeni strategiyanın hazırlanmasını tələb edir".
Azər Əmiraslanov deyib ki, dövlət fermerlərə dəstək verir və bu, humanitar yardım deyil: "Fermerlər yardımın bölüşdürülməsinə görə məsuliyyət daşıyırlar. Məhsul-pul zənciri prinsipini əsas götürürük. Düşünür ki, bu aqrar siyasəti və kənd təsərrüfatının effektivliyini təmin edəcək. Bu gün bütün dünyada kənd təsərrüfatında ərzaq zənciri sahəsində müəyyən problemlər var və heç bir ölkə bu problemi həll edə bilmir".
Şöbə müdiri vurğulayıb ki, bu gün ölkədə ərzaq bazarına birbaşa müdaxilə yoxdur: "Kənd təsərrüfatı məhsullarının satış kanallarında çoxsaylı həlqələr mövcuddur. Düşünürəm ki, bu sahədə müəyyən yeniliklər həyata keçirilməlidir. Aqro-ərzaq zəncirinə kənd təsərrüfatı məhsulunun istehsalı, emalı, satışı və saxlanması prosesləri daxildir. Bu da dövlət tərəfindən tənzimlənməlidir və səmərəlilik təmin olunmalıdır".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki ərzağın təhlükəsizliyi ilə bağlı ölkədə problemlər var: "Avropa İttifaqının dəstəyi ilə 25 fevralda Azərbaycanda ərzağın təhlükəsiliyi ilə bağlı böyük konfrans keçiriləcək. Konfransda ərzağın təhlükəsizliyə dair qanun layihəsinin müzakirə olunması, Prezident yanında ərzağın təhlükəsizliyinə nəzarət edən işçi qrupunun yaradılması kimi məsələlər müzakirə olunacaq. Bu işdən təkcə Avropa İttifaqı deyil, eləcə də, ABŞ-in USAİD inkişaf agentliyi də narahatdır. Onlar 5 ildir Azərbaycanda layihələr həyata keçirirlər. Azad İstehlakçılar Birliyinə treninq keçiblər, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını yerli istehlak müəssisələrinə vermək üçün iş aparıblar. Lakin təhlükəsiz qida istehsal edən yerli istehsalçı tapa bilmirik".
Eyyub Hüseynov deyir ki, Azərbaycana gələn mallar gömrükdə yoxlanılır. Lakin məhsullarda elə parametrlər və xəstəliklər ola bilər ki, həmin vaxt aşkar etmək mümkün olmasın: "Böyük miqdarda məhsulun müəyyən hissəsi yoxlanılır. Hamısını bir-bir yoxlamaq mümkün deyil. Mallar qarışıq olur və onların içində sağlamlığa zərər vuranı da ola bilər. Belə bir malların gəlməsi istisna olunmur. Amma birmənalı şəkildə demək də olmaz ki, sağlamlıq üçün təhlükəli məhsullar gətirilir. Məsələn xəstə kartoflar Gürcüstanda da ola bilər, Azərbaycanda da".
Ekspert onu da bildirib ki, problemin həlli üçün "Qida təhlükəsizliyi haqqında qanun" qəbul olunmalıdır: "İkincisi qidanın təhlükəsizliyinə nəzarət edən dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının koordinasiya olunmuş fəaliyyəti mövcud olmalıdır. Ayrı-ayrı qurumlar, ayrı-ayrı sahələrə nəzarət edir, bəzən bir-birini təkrarlayır. Avropa İttifaqının təşəbbüsündə bu məsələlər də qaldırılıb ki, təkrarlanmalara son qoyulsun. Ölkədə təhlükəli qidanın qarşısını alan qabaqlama mexanizmi olmalıdır. Bu gün istehlakçı hardasa təhlükəli məhsulun olduğunu bilsə və hansısa quruma xəbər versə belə, dövlətin heç bir qrumunun gedib onun qarşısını almağa icazəsi yoxdur. Gərək ki, istehlakçı dövlət orqanlarını məlumatlandırsın, həmin idarənin VÖEN-ini, ünvanını onlara versin. Onlar da öz növbələrində Ədliyyə Nazirliyinə təqdim etsinlər. Bunun müqabilində isə Ədliyyə Nazirliyi onlara çıxarış verməlidir. Yalnız bu prosedurdan sonra yoxlamalar aparılır. Ölkəmizdə cəld reaksiya mexanizmi yoxdur. Bundan sonra minimal tələblər gəlir. Müstəqil laboratoriyanın olması, sertifikatlaşdırma orqanının müstəqil olması kimi məsələlər var. Bütün bu kompleks məsələlər həll olunandan sonra vəziyyət dəyişəcək".
Texnika elmləri üzrə fəlsəfə doktoru Köçəri İmanov isə bildirib ki, "kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 221 nömrəli sərəncamı ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün yaxşı hüquqi baza yaradıb.
Onun fikrincə, dünya üzrə demoqrafik artım dinamikası beynəlxalq bazarda ərzaq məhsullarına tələbatı kəskin surətdə artırmışdır: "Lakin ərzaq məhsullarına olan tələbat ilə istehsal resurslarının tərs mütənasibliyi qlobal miqyasda bu sahədə vəziyyətin heç də qənaətbəxş olmadığını göstərir. Tələbatın getdikcə artmasına rəğmən ərzaq istehsalı üçün zəruri olan resursların təbii və antropogen səbəblərdən azalması dünya əhalisinin təhlükəsiz və keyfiyyətli ərzaqla yetərli səviyyədə, o cümlədən balanslaşdırılmış təminatında ciddi çətinliklər yaradır. Bir sıra ölkələrdə, xüsusən də Afrika, Şərqi Asiya və Cənub-Şərqi Asiya ölkələrində insanların kifayət dərəcədə ərzaq ilə təminatında böyük sıxıntılar yaşanır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məlumatlarına əsasən, dünyada hələ də 827 milyondan çox insan aclıqdan əziyyət çəkir".
O, əlavə edib ki, ərzaq məhsullarına olan yüksək tələbat bazara heç də həmişə təhlükəsiz, insan sağlamlığı üçün zərərli olmayan ərzaq məhsullarının daxil olmasına təminat vermir: "Tələbatın yüksək olması səbəbindən insan sağlamlığı üçün ciddi təhlükə yaradan ərzaq məhsullarının dövriyyəsi də daim artmaqdadır. Belə məhsullar nəinki inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrin, o cümlədən inkişaf etmiş ölkələrin də bazarlarında geniş yer alaraq, istehlakçıların həyat və sağlamlığı üçün ciddi təhlükələr törədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, ərzaq mənşəli xəstəliklər dünyada sürətlə yayılmaqdadır və onlar geniş spektrli təhlükəli xəstəliklər olmaqla ağır fəsadlarla nəticələnir".
Onun sözlərinə görə, Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət bir neçə dövlət orqanı - Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir: "Ancaq məlumdur ki, bu orqanların hər birinin sahəvi xüsusiyyətləri və həmin xüsusiyyətlərə müvafiq əsas vəzifə və funksiyaları var. O da məlumdur ki, bu dövlət orqanları arasında ərzaq məsələləri ilə yaxından məşğul olan və bilavasitə ölkənin ərzaq təhlükəsizliyinə cavabdeh olan məhz Kənd Təsərrüfatı Nazirliyidir. Odur ki, ərzaq məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi göstərilən digər orqanlar üçün bir növ ikinci dərəcəli, əlavə funksiya mahiyyətini daşıyır. Aydın məsələdir ki, hər bir dövlət orqanı üçün onun fəaliyyətinin əsas istiqaməti birinci dərəcəli, təbii ki, əlavə funksiyalar isə ikinci dərəcəli əhəmiyyət kəsb edir. Belə olan halda, əlbəttə, ikinci dərəcəli, qeyri-sahəvi məsələlər üzrə görülən işlər heç də həmişə yüksək peşəkarlıqla icra oluna bilmir və qarşıda duran tələblərə cavab vermir.
Başqa vacib bir məsələ ərzaq məhsullarının təhlükəsizliyinin bitki və heyvan sağlamlığı ilə sıx bağlı olmasıdır. Ərzağa nəzarət tədbirlərinin səmərəli olması üçün onların fitosanitar və baytarlıq nəzarəti tədbirləri ilə eyni kontekstdə baxılması, eyni mərkəzədən planlaşdırılması və idarə olunması olduqca önəmlidir. Ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin institusional baxımdan təkmilləşdirilməsi üçün bu xüsusiyyətlər, o cümlədən məsələnin spesifikliyi mütləq nəzərə alınmalı, mərkəzi icra hakimiyyətinin qolları arasında vəzifə və funksiyaların bölgüsü prinsipi əsas götürülməlidir".
Onun fikrincə, FAO-nun yuxarıda qeyd olunan layihəsi çərçivəsində beynəlxalq ekspertlər ilə birlikdə tərəfimizdən aparılmış araşdırmalar və təhlillər göstərir ki, Azərbaycan üçün ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə inteqrə edilmiş vahid dövlət orqanı tərəfindən nəzarət sisteminin qurulması ən optimal yanaşmadır: "Mövcud paralelliyin və təkrarçılığın, habelə izafi xərclərin aradan qaldırılması və səmərəli işlək bir mexanizmin yaradılması üçün yuxarıda göstərilənlər nəzərə alınmalı və ərzağa nəzarət üzrə bütün funksiyalar Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməlidir. Digər dövlət orqanlarında bu funksiyalara xitam verilməsi həm təşkilati, institusional, iqtisadi, həm də nəzarət fəaliyyətlərinin səmərəliliyi baxımından dövlət üçün daha məqbuldur.
Ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət funksiyaları geniş spektrli və spesifik xarakterlidir. Ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət üzrə modern sistem qurmaq, bu sahədə operativliyi və peşəkarlığı təmin etmək, eyni zamanda bütün ərzaq zənciri boyunca beynəlxalq tələblərə cavab verən nəzarət mexanizmi yaratmaq və çevik nəzarətedici dövlət orqanının olmasını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Ərzağa Nəzarət üzrə Dövlət Agentliyinin (ƏNDA) təsis edilməsi məqsədəmüvafiq olardı. Ancaq burada vacib bir incəlik də unudulmamalıdır. Dövlət Baytarlıq Xidməti (DBX), Dövlət Fitosanitar Nəzarət Xidməti (DFNX) və əgər yaradılmış olarsa, ƏNDA arasında əmək bölgüsü prinsipinə əsaslanan vəzifə və funksiyalar dəqiq müəyyən edilməlidir. DBX heyvan sağlamlığı, onların mühafizəsi və saxlanma şəraitinin müasir tələblərə uyğunlaşdırılması, DFNX bitki mühafizəsi, bitki sağlamlığı və ətraf mühit məsələləri, ƏNDA isə ərzaq
məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məsələləri ilə məşğul olmalıdır".

Əli