“Bu günün alimi” inşa-yazı müsabiqəsi Hadisə

“Bu günün alimi” inşa-yazı müsabiqəsi

NASA, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Bu günün alimi” (Scientist for a day) inşa-yazı müsabiqəsinə yekun vurulub. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən bildirilib ki, “Bir alim kimi düşünün və növbəti yerləri araşdırmaq üçün qərar verin!” mövzusunda keçirilən müsabiqədə V-XI sinif şagirdləri iştirak ediblər.
Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş karantin rejimi ilə əlaqədar olaraq müsabiqə qaliblərinin adları onlayn platformada açıqlanıb.
Müsabiqəyə 50 esse göndərilib və onlardan yalnız 38-i ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib. Qiymətləndirmə prosesi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru və Bakı Dövlət Universitetinin Bioekologiya kafedrasının dosenti Firuzə Sultanzadə, Astrofizika kafedrasının dosenti Kəmalə Alışova, RUGİM-in İnnovasiya layihələri bölməsinin müdiri Bahar Əhmədova, Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətai və dosenti Mirnamiq Bəşirov tərəfindən aparılıb.
Yarımfinal mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə onlayn qaydada həyata keçirilib və I, II, III yerlər müəyyənləşdirilib. 56 balla I yerin sahibi - V. Sadıqov adına 214 nömrəli məktəbin 11-ci sinif şagirdi Elvin Elçin oğlu İbrahimov, 51 balla II yerin sahibi - Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Aytac Samir qızı Əsgərova və 46 balla III yerin - sahibi isə Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Sevil Emin qızı Məmmədzadə qalib olub. Birinci yeri qazanan esse növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək. Dünya üzrə və həmçinin Azərbaycandan olan qaliblər NASA alimləri və mühəndisləri ilə birgə telekonfrans və ya video-konfranslarda iştirak etmək şansı qazanıb.