“Səhiyyədə islahatlar zəruridir” Hadisə

“Səhiyyədə islahatlar zəruridir”

Zəlimxan Məmmədli: "İlk növbədə əhalinin sağlıq durumuna cavabdeh olan dövlət tibb müəssisələrinin taleyi müəyyən olunmalıdır"

Günün aktual mövzularıdan biri də səhiyyə sistemində islahatlarla bağlıdır. Dəfələrlə səhiyyə sistemində islahatların vacibliyi və dövlət xəstəxanalarının özəlləşdirilməsi ilə bağlı təklif səsləndirilib. Amma vəziyyət hələ də olduğu kimi qalır. Bəs ekspertlər nə düşünürlər?
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, icbari tibbi sığorta ilə bağlı ölkəmizdə bütün zəruri hüquqi-normativ baza yaradılsa da, maliyə mənbələri müəyyən edilməklə müvafiq mexanizm işlənib hazırlansa da, bunlar hamısı "kağız üzərində" qalırdı: "Ona görə ki, hər hansı bir işin bütün detallarını və mexanizmini işləyib hazırlamaq onun hələ, tədbiq olunduğu demək deyil. Bunun üçün əslində, müvafiq şərait lazımdır. Məsələ bundadır ki, bizdə icbari tibbi sığortanın tətbiqi üçün hər cür hüquqi baza yaradılsa da bunun üçün ilk növbədə məhz, iqtisadi şərait yoxdur. Məsələn, qanunla icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üç mənbə - dövlət büdcəsi, işəgötürənlər və işçilərin tərəfindən həyatata keçiriləcək ödənişlər hesabına formalaşacağı nəzərdə tutulur ki,dövlət büdcəsi sarıdan bunun üçün heç bir problem yoxdur. Bəs, işəgötürənlər ilə işçilər üzrə həmin ödənişlər necə həyata keçiriləcək?! Bizdə büdcə təşkilatlarında çalışanların əməkhaqqlarının səviyyəsinə görə, onlardan tutulan fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların kifayət qədər ağır yük təşkil edir. Üstəlik onu da nəzərə almaq vacibdir ki, sosial ayırma üzrə işəgötürən ilə işçilər arasında ödənişin bölünmə nisbəti 22+3 % təşkil etdiyindən və birincilərin yükü daha ağır olduğu üçün işçilərlə əmək müqavilələrinin bağlanması da ciddi problem yaradır. Odur ki, sözügedən mexanizm işə düşdüyü təqdirdə işəgötürənlərin üzərlərinə əlavə olaraq tibbi sığorta ödənişinin də yüklənməsi əməkhaqqların leqalaşdırılması üçün həyata keçirilən tədbirlərə əlavə çətinlik törədə bilər. Sonda onu da deyək ki, bu proses inkişaf etmiş ölkələrin özündə də asan başa gəlməyib... Keçən il ABŞ-da yeni federal büdcənin qəbulu ilə əlaqədar Konqresdə yaranmış vəziyyəti xatırlamaq kifayətdir".
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, icbari tibbi sığortanın 2015-ci ilə kimi tətbiqi planlaşdırılmışdı. Amma bu sahədə bizdə bəzi problemlər var: "Birinci problem ondan ibarətdir ki, hal-hazırda Azərbaycanda səhiyyə sektoru, xəstəxanalar, apteklər və digərləri mərkəzləşdirilmiş bir bazaya və ya idarəetmə sisteminə daxil olmalıdır ki, xəstələr bu xəstəxanalara yönləndirilən zaman onların hamısı mərkəz tərəfindən idarə olunsunlar. İkinci bir məsələ isə ondan ibarətdir ki, bu sahəyə dövlət büdcəsindən kifayət qədər böyük miqdarda pul vəsaiti ayrılmalıdır. Çünki, tibbi sığortanı işləməyənlər, tələbələr və ya müəyyən yaş qrupunda olan insanlar, təqaüdçülər üçün maaliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir. İşləyən əhali isə təbii ki, işlədiyi müəssisə, şirkət tərəfindən maaliyyələşir. Yerdə qalan əhalinin isə digər maaliyyələşdirilmə sistemi var. Bu bir az da infrastruktur məsələsidir. Amma sığorta şirkətləri bu xidməti göstərməyə hazırdır".
Həkim-stomatoloq, "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə diqqətə çatdırdı ki, səhiyyədə ciddi islahatlara ehtiyac var. O, həmçinin "32 illik həkimlik fəaliyyətim əsasında deyə bilərəm ki, sovet poliklinika və stasionar sistemindən heç bir irəliləyiş müşahidə etmirəm",- deyə vurğuladı: "Belə ki, müasir avadanlıqlar çox azdır, labaratoriyalar müasir avadanlıq bə retgentlərlə təchiz edilməyib, tibb işçiləri ən az maaş alanlar koteqoriyasına aid olaraq qalır. İdarəetmə də eynilə. Həkimlər 150-200 manat və materal təchizi olmayan şəraitdə dolqnmanın alternativ, qanundan kənar yolunu axtarırlar ki, bu da mən də daxil onların müqəddəs peşəsinin imicini zədələməkdədir. Özəl səhiyyə müəssisələri isə daha yüksək müayinə və müalicə imkanlrına malik olduğu üçün xəstələr ora, orada nəticə olmadıqda isə xaricə üz tuturlar. Bu da səhiyyəmizin imicini zədələyən amildir. Bu və ya digər faktorları əsas gətirərək səhiyyədə radikal islahatların aparılmasını zəruri hesab edirəm. İslahatın fəlsəfəsi "daha sağlam nəsil, daha güvənli səhiyyə sistemi, daha sosial müdafiəli tibb işçisi" olmalıdır. İlk növbədə əhalinin təqribən 80-90 faizinin sağlıq durumuna cvabdeh olan dövlət tibb müəssisələrinin taleyinin müəyyən olunmasına yönəlməlidir. Pulsuz səhiyyənin tətbiq sərhədləri (kimə və nə üçün) müəyyənləşdirilməli, həmin müəssisələr yüksək səviyyəli xidmət üçün dövlət himayəsinə götürülməlidir. Gürcüstan təcrübəsi bu məsələdə nümunə ola bilər. Eyni zamanda əhalinin indiki sosial durumunu nəzərə alaraq əhali kütləvi şəkildə dövlət tərəfindən sığortalanmalıdır. Məsələn, ürək əməliyyatı üçün hər kəs özəl müəssisədə 6000-10000 manat arası ödəniş etmək imkanlna malik deyil. Dövlət sığortası olarsa bu məbləğin 60-90 faizini dövlət ödəyə bilər ki, bu daha çox insanımızın daha uzun ömür yaşamasına gətirib çıxara bilər. İndiki halda mən şəxsən dövlət tibb müəssisələrinin özəlləşdirilməsinin əleyhinəyəm. İnsanlarımızən orta əmək haqqı 1000 manatdan yuxarı olması təmin olunandan sonra bunu fikirləşmək olar. Vətəndaşların azad şəkildə özlərinin sağlığını sığortalamaq problemi məncə yoxdur. Sığortaya uyğun olan orqanlar və ya tam bədəni sığorta etdirmək olar. Sadəcə sığortaya etimad yüksəldilməli, prosedur sadələşdirilməlidir. Mənim bu sos siqnalımın səhiyyə nazirliyi və hökumət tərəfindən ciddiyə alınmasını istərdim. Bunun müxalifətə-zada aidiyyəti yoxdur. Bu bir profesionalın utanc gətirən indiki durumun dəyişməsinə çağırışdır. Həkimləri, tibb personalını dilənçi vəziyyətindən xilas etməli, onların resurslarını əhalinin (xüsusilə dövlət müəssisələrində) sağlamlığının qorunmasına yönəltmək ümdə vəzifə olmalıdır".

Əli