Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası Hadisə

Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası

Ölənlərdən biri "Türküstan" qəzetinin redaktorudur

Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə sentyabrın 22-də saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.
Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı, "Mercedes" markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 nəfər sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-in Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlər vasitəsilə avtomobili kəsərək orada sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.
Daxili İşlər Nazirliyi (DİN) Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri "Mercedes" markalı avtomobillər toqquşması nəticəsində Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər. Ə. İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Ağır yol qəzasında ölən şəxslərdən biri isə jurnalist olub. Bu barədə APA-ya "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal məlumat verib. A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri - Fuad Abdürrəhmanlı "Türküstan" qəzetinin saytında redaktor vəzifəsində çalışıb.