Sahil Babayev: "Birdəfəlik ödəmə alanlardan 8 faizi 20 yaşa qədər olanlardır" Hadisə

Sahil Babayev: "Birdəfəlik ödəmə alanlardan 8 faizi 20 yaşa qədər olanlardır"

“Aprel ayında 2,3 milyon şəxsə sosial ödənişlər (o cümlədən, 1 milyon 270 min nəfər pensiya, 418 min nəfər müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım) aparılıb. Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz və ya 103 milyon manat çox olmaqla 480 milyon manatdan artıq ödəniş həyata keçirilib”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 154 min nəfər çox insanı, 2,3 milyon vətəndaşı əhatə edib: “2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz və ya 31,74 manat artaraq 2020-ci ilin 1 may tarixinə 295,3 manat təşkil edib. 2020-ci ilin 1 may tarixinə yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manatdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8 faiz artıb. Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir”.
Nazir deyib ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manata çatıb.
Birdəfəlik ödəmə proqramı ilə bağlı danışan nazir qeyd edib ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəmə (190 manat) həyata keçirilib: “Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib. May ayı üzrə ödənişlə bağlı isə vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini alacaqlar. Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, ondan artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib".
Nazir bildirib ki, birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır: “Birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir. Həmçinin onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır”.
Sahil Babayev vurğulayıb ki, məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır: "Artıq DOST İş Mərkəzi vasitəsi ilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır. Özünüməşğulluq proqramı çərçivəsində bu il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır. Bu sahədə Dünya Bankı ilə birgə layihəyə də başlanır və bu layihə üzrə hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz və əlilliyi olan şəxslərin biznesə çıxışına da dəstək verilir".
Nazir həmçinin deyib ki, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi genişləndirilir, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilib və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir: "Hər ailəyə aylıq orta hesabla 224 manat sosial yardım ödənilir. Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, 20 minədək şəxsi əhatə etməsi üçün qanunvericiliyə dəyişikliklər edilir".
Nazir əlavə edib ki, şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib, 2020-ci ildə isə onlara bundan 60,6 faiz çox olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub: "2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin, müharibə əlillərinə avtomobillərin verilməsi işləri davam etdiriləcək".