Xalq ruhuyla yaşayan müəllimlər... Hadisə

Xalq ruhuyla yaşayan müəllimlər...

İnsanın özünü tanımasında təhsilin əvəzsizliyi ortadadır. Əsl təhsil - insanın mənəvi varlığının yaradıcısı, təminatçısıdır. O təhsil ki, gənc nəslin təlim-tərbiyəsinə də yön vermiş olsun. Gerçəkdir ki, hazırda sovet dövründə tez-tez rastlaşdığımız fanat müəllimlərimiz barmaqla sayılacaq dərəcədə azdır. Digər tərəfdən indi yüksək istedadlı müəllimlər belə zamanın axarında hərəkət edir, repetitorluqla məşğul olur. Bu isə bütün hallarda fədakarlığın yoxa çıxması deməkdir. İndi həmin müəllimlər deyə bilərlər ki, bəs çörəyimiz haradan çıxsın? Məgər bütün günü pulla yaşamaqla gələcəyin fədakarlarını yarada bilərikmi? Axı təhsilin təməli - fədakarlıqdır. Azərbaycanın xüsusən indiki çağında realist olduğu dərəcədə romantik olan, ilk növbədə xəlqi psixologiyanı dərindən bilən, xalq ruhunu təəssübkeşliklə təmsil edən müəllimlər gərəkdir.
Standart müəllimlik heç vaxt uğur gətirmir. Bu, o deməkdir ki, hər bir müəllim ilk növbədə yaradıcı olmalıdır. Sırf metodoloji prinsiplərə əsaslanıb təhsil prosesində uğur qazanmaq mümkün deyil. O deməkdir ki, hər bir müəllim metodoloji prinsiplərdən artıq olmalıdır.
Təhsil sahəsində əvvəlki onillər üçün "adi qeyri-adilik" səviyyəsində qavranılan, qəbul edilən, indi isə qıtlaşan müəllim şəxsiyyətinin varlığının yaradılması yönündə ciddi axtarışlar getməlidir. Yoxsa ki, dünyanın bütün təhsil yeniliklərini Azərbaycana tətbiq etməklə yenə də uğur qazanmayacağıq.
İnsanın mənəvi dünyasının orta məktəblərdə öyrənilməsi ənənələşməlidir. Azərbaycanın milli-mənəvi dəyərlərinin sistemli şəkildə öyrənilməsi bu problemin həllində əsaslı rol oynaya bilər. Əgər Azərbaycanın özünəməxsus təhsil yönü yaranmasa, bu sahədə çabalarımız təəssüf ki, istənilən bəhrəni verməyəcək. Heç bir insan anadan bilikli, kamil doğulmur. Ona görə də hər bir insan məktəb keçir, müəllimlərdən təhsil alır, onda həyat, insani münasibətlər, təbiət, dünya haqqında təsəvvürlər yaranır, möhkəmlənir.
Zaman-zaman dünya filosofları elm, təhsilin əhəmiyyəti, öyrənilməsi qaydaları haqqında fikirlər söyləyiblər. O deməkdir ki, təhsilin mayasında ilk növbədə inam durur. Ümumiyyətlə, inam olmasa, insan addım ata bilməz. İnanırsan ki, yeriyirsən, inanırsan ki, oxuyursan, oxuduğuna inanırsan. Bilik insana məhz insanilik üçün, özünü əvəzsiz, müstəqil varlıq olaraq təsdiq etmək üçün gərəkdir. İnsanilik tələbi insanı Vətənə sevgi üstə kökləyir. Yoxsa ki, əzbərlənmiş, ütülənmiş rahat yollar, titullar, şöhrət üçün yaşanmağa köklənmiş ömürlər nəyə gərəkdir? İndiyə kimi belə "nümunələr" az görmədik.
Bəs təhsilimiz bu problemlərdən qurtulmağımızda nə dərəcədə qolumuzdan tutur? Adına "milli" dediyimiz təhsilimiz üzümüzü özümüzə tutmağımıza kömək edirmi? Bu gün qloballaşma (kürəsəlləşmə) maneəsiz evimizə, ruhumuza daxil olur, dərində, kökdə milli olan nə varsa, onu aradan qaldırmağa çalışır. Özgəliklərin çeşidi çoxdur.
Təhsilin xüsusən uşaqların, gənclərin həyatında rolu təkcə
sistemli bilgi verməkdənmi ibarətdir? Hədən bu gün məktəbə münasibət əvvəlki kimi ehtiraslı deyil? Bu gün hətta ən imkansız ailə belə balasına məktəbli forması, dəftər-kitab alır, qarnını birtəhər doydurur. Ancaq hamı məhz əvvəlki onillərin təhsilini nostalji ilə xatırlayır. Səbəbi hər şeydən əvvəl insan xarakterinin biryolluq köklənməməsi ilə bağlıdır. Əvvəla, adam xarakteri elədir ki, o, daim təzəlik axtarır, habelə yaşanmışları idealizə etmək təzə söhbət deyil. Adamların ömrü bu gün sanki dairədə ilişib qalıb. Təhsil adamlara tam çıxış yolu göstərə bilmir, mənimsənilmiş biliklər insanın yenilməz dünyabaxışının formalaşmasına gərək olmur, dəyişkən əhval biliyə ardıcıl yiyə dura bilmir.
Yenə də əzbərçilik təhsilimizdə davam edir. Bilik çoxluğu səhrada qumun çoxluğundan fərqlənmir. Yəni beləliklə, çox şeyi bilən əslində özünü bilmir. Təhsilimiz insanı anatomik cəhətdən öyrənir, ancaq onun insani-milli-mənəvi dünyasını böyük mənada öyrənməyə cəhd etmir.
Görəsən, Azərbaycanın Zərdüşt, Babək, Dədə Qorqud, Həsimi, Muğam, Saz kimi dəyərləri milli-bəşəri mənəviyyatın təsdiq deyilmi və milli təhsilimiz bu dəyərləri şagirdlərə necə çatdırır? Möhtəşəm Babək yalnız ərəblərə qarşı vuruşan obraz kimi təqdim edilir, Babək ənənəsini yaşatmağın yolları göstərilmir. Həsimi şair kimi təqdim edilir, ömrünün bənzərsizliyi açılmır. Dədə Qorqudun qədimliyi islamdan o yana gedib çıxmır. Baxmayaraq ki, Dədə Qorqudluq hadisəsi çox qədimdir.
İndi neyləməli? Adamların gerçək zamanın özünü mənalandırmasına necə nail olmalı? Təhsilin Azərbaycan insanına əvəzsiz gərəkliyini necə əsaslandırmalı? Harada daha çox çaşmamalı? Təhsil müəssisəsinin indiyədək belə olmayan müqəddəs obrazını necə yaratmalı? Müəllimin ciddi, müqəddəs obrazının yaradılmasını necə gerçəkləşdirməli? Məgər müəllimin maaşı çox qalxanda onun müqəddəs obrazı yaranacaqmı? Bəli, müəllimin maaşı azdır, qoy qalxsın. İnsan normal minimal qayğılarını həll etməlidir. Ancaq bu da problemi kökündən həll etməyəcək. Köklü suallar çoxdur. Deməli, sabahımızın qurulmasında bundan sonra daha ciddi rolu olacaq təhsilimizin problemlərinin çözülməsində hər birimiz dərindən düşünməliyik.

Uğur