“Radikal dini cərayanlarla bağlı tədbirlər sərtləşdirilməlidir” Hadisə

“Radikal dini cərayanlarla bağlı tədbirlər sərtləşdirilməlidir”

İlqar Altay: "İctimai sektorun üzərinə də ağır yük düşür"

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində İŞİD və digər qanunsuz silahlı birləşmələrə qoşulmuş 26 nəfər həbs olunub. MTN-in İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, bu insanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştiraketmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchizetmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlbetmə və başqa hüquqazidd əməllərin törədilməsinə görə həbs ediliblər.
Ekspert Arzu Nağıyev bildirdi ki, diqqətlə analiz etdikdə, xüsusən də yerləşdiyimiz ölkələrlə müqayisə aparanda görürük ki, Azərbaycanda həqiqətən də dini tolerantlıq mövcuddur: "Din azadlığı var. İstənilən insanın öz dinini təbliğ etməsi, yayması imkanları var. Ancaq son illərin hadisələri göstərdi ki, artıq bu cür dini fəaliyyətlərin içərisində həm də terrora meylli fəaliyyətlər də cücərib. Doğrudur, bu məsələdə ən böyük təsiri Şimali Qafqazda gedən proseslər qoydu. O dövrdə radikal qruplar Azərbaycanın şimal bölgələrində müəyyən toxumlar səpməyi bacardılar. Burda da müəyyən qruplar meydana gəldi. Kimsə vəhhabiliyə, kimisə başqa radikal cərəyanlara meylləndi. İlk vaxtlarda Azərbaycan hökuməti fərqli dinlərə tolerant yanaşaraq onların fəaliyyətinə maneçilik törətmədi. Lakin sonradan bu qruplar açıq şəkildə radikallaşmağa başlayanda, Azərbaycan dövlətinə, cəmiyyətin əsaslarını sarsıda biləcək bəyanatlar yayanda və fəaliyyətlər həyata keçirəndə bu qrupların təhlükəyə çevrildiyi məlum oldu. Bundan sonra artıq Azərbaycan dövləti bu qruplara qarşı müəyyən addımlar atmağa başladı...". Onun sözlərinə görə, Azərbaycanda bu gün dini ekstremizmlə mübarizə yüksək səviyyədədir: "Sadəcə olaraq bilmək lazımdır ki, bu, mürəkkəb, ağır bir sahədir. İnsanları öyrənmək, araşdırmaq lazımdır və onların hər biri ilə ayrıca iş görülməlidir. Elə bir zamanda yaşayırıq ki, hər gün vəziyyət dəyişə bilir. Bu mənada onların üzərinə böyük bir məsuliyyət düşür. Bu sahədə son vaxtlarda görülən işlər, əldə olunan nəticələr belə görünən işlərin uğurlu olduğunu deməyə əsas verir. Hüquq-mühafizə orqanları bu qruplarla mübarizədə itki verdi. Ancaq əlbəttə, istənilən halda bu cür fəaliyyətlərin qarşısını almaq hüquq-mühafizə və təhlükəsizlik orqanlarının borcudur. Azərbaycanın gələcəyi naminə bu cür hadisələrin qarşısını almalıdır".
İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altayın bildirdi ki, bu əməliyyat gözlənilən idi: "Bu bir faktdır ki, Azərbaycan hüquq-mühafizə sistemi və xüsusi xidmət orqanlarının müsbət fəaliyyəti bütün MDB məkanında seçilir. Neçə illərdir ki, ölkədə dövlət və milli təhlükəsizliyin, ictimai sabitlik və əmin-əmanlığın qorunub saxlanması səviyyəsi buna misaldır. Ancaq zaman isə gostərir ki, ölkəmizdə dini radikalizm və ekstremist dini cərəyanlar məsələsində artıq, müəyyən qabaqlayıcı tədbirlərin görülməsi vacibliyi yaranıb. Xeyli vaxtdır ki, mətbuatda, cəmiyyət içərisində gənclərimizin dini təriqət təbliğatı girovuna çevrilərək vətəni gizlincə tərk edib, müxtəlif qarşıdurma gedən ölkələrdə silahlı qruplaşmalara qoşulması barədə söhbətlər gəzir. Cavanlarımızın orada cinayətlər törətməsi, hətta baş kəsməsi və eləcə də qətlə yetirilərək ölməsi faktları məlum olur. Əvəllər bu xəbərlər "taliban" və "hizbullah" qruplaşmalarından gəlirdisə, son bir il ərzində ən amansız terror təşkilatı İŞİD-dən gəlir". O, əlavə etdi ki, yaxın günlərdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyat tədbiri keçirib, 26 nəfər bu qəbildən olan vətəndaşımızı saxlaması faktı buna konkret misaldır: "Saxlanılanlar içərisində taliban və İŞİD terrorçuları tərkibində fəaliyyət göstərmiş insanlarımız var. Yəqin ki, bu əməliyyat tədbiri birdən birə yaranmayıb, bu barədə çoxdan cinayət işi qaldırılıbmış, ardıcıl iş gedirmiş. Bu cür qanunsuz hərəkətlər Azərbaycan üçün bir sıra ağır fəsadlar verə bilir. Biz bu məsələdə ilk növbədə vətəndaş itiririk. Cavanlarımız bu iyrənc missiyanı yerinə yetirməklə ya qısa müddətdə yırtıcı qatilə çevrilirlər, ya da qətlə yetirilərək onların ölüm xəbəri gəlir. Hər ikisi itkidir. Ölüm xəbəri gələnlərn ailələri faciə yaşayır. Qatilə çevrilib gələnlər ölkəmizdə cəmiyyətdə təhlükəli cani olaraq problemlər yaradırlar. Sivil inkişaf yolu seçmiş, dini tolerantlıq imicinə malik, bütün beynəlxalq terrorizmə qarşı mübarizə tədbirlərinin iştirakçısı olan Azərbaycanın imici üçün bu ekstremist hərəkətlər həddən artıq ziyanlıdır. Özünə, dövlətçiliyinə hörmət edən bütün ölkələr bu cür hərəkətləri törədən vətəndaşlarına qarşı sərt tədbirlər görür". Onun sözlərinə görə, bu gün Almaniya, İngiltərə və bir sıra Avropa dövlətlərində İŞİD tərkibində döyüşmüş insanlar kütləvi surətdə həbs edilir, cinayət işləri başlanılıb: "Biz bir dövlət və cəmiyyət olaraq, ilk növbədə mənfi anti-ictimai prosesin nəticəsilə yox, əsl mənbəyi, kökü ilə mübarizə aparmalıyıq. Çünki, ola bilməz ki, Azərbaycan vətəndaşı birdən-birə hər şeyi atıb xaricə üz tutub azərbaycanlı mentalitetinə qətiyyən uyğun olmayan başkəsmə, qantökmə cinayəti tərədib qayıdıb gəlsin. Bunun üçün çox təsirli təbliğat və psixoloji hazırlıq olmalıdır. Bunun mənbəyi isə, burada, Bakıda, Azərbaycanda müxtəlif məscidlərdə, ictimai binalarda, evlərdə, həyətlərdə dini radikal cərəyanların keçirdiyi "söhbətlərdə", yığıncaqlarda, tədbirlərdədir. Hüquq-mühafizə orqanları bu istiqamətdə xüsusi nəzarət və önləyici tədbirlərini gücləndirməlidirlər. Cəza tədbirləri sərtləşdirilməlidir. Milli Məclis bu istiqamətdə daha mükəmməl qanunlar və ya müvafiq dəyişikliklər etməlidir. İctimai sektorun üzərinə isə daha da az olmayan yük düşür. Bu istiqamətdə QHT-lərin fəaliyyəti güclənməlidir. QHT-lər media mənsublarının dəstəyi ilə bu mənfi əməllər və ziyanlı nəticələri barədə müstəqil araşdırmalar aparıb, faktlar ortaya qoymalıdırlar ki, güclü ictimai qınaq yaransın. Bir də bu problemlə bağlı dini məsələlər üzrə dövlət və qeyri dövlət qurumlarının üzərində yük var, özü də, məsuliyyət yükü dərəcəsində. Gedib yas mərasimində hansı yeməklər verilməsindən daha çox, oralarda radikal dini ekstremizm təbliğatın yayılmasının qarşısı alınmalıdır. Diqqət verilməlidir ki, bu gün artıq bəzi toyları da "dini toy" və ya "müsəlman toyu" adı altında radikal, döyüşkən xarakterli təbliğat mənbəyinə çevirirlər".
Politoloq Qabil Hüseynli deyib ki, dini ekstremizm ideyalarına qulluq edən, Azərbaycanın dünyəvi quruluşuna xələl gətirən və onun mövcudluğunu təhlükə altına alan hər şeyə qarşı mübarizə aparılmalıdır: "Uzun saqqal saxlayıb, müəyyən dini cərəyanın formasını geyinərək, küçələrdə gəzən adamlardan soruşulmalıdır ki, axı niyə Azərbaycanın suverenliyinə xələl gətirən addımlar atırsınız? Mənə elə gəlir ki, din və vicdan azadlığına riayət edilməlidir, amma bu, ölkənin suverenliyinə xələl gətirməməlidir. Qaldı, vəhhabinin bu ölkədə nə işi var? Vəhhabilik Səudiyyə Ərəbistanının dövlət ideologiyasıdır. Səudiyyə Ərəbistanı İslam dünyasını özünə tabe etdirmək üçün bu məzhəbi yayır və tabe olanları da maliyyələşdirir. Məgər bunu bilmirlər? Məncə, bu ölkədə vəhhabiliyə heç bir ehtiyac yoxdur və onlar barəsində də lazımı tədbirlər görülməlidir. İŞİD-in tərkibinə qoşulanların çoxu vəhhabi təriqətinə qulluq edən adamlardır. Onlar da, əvvəlcə, vəhhabi şəklində formalaşırlar, sonra silahlanırlar və İŞİD kimi qruplaşmalara qoşulub terrorçu olurlar".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov deyib ki, 26 nəfər saxlanılsa da, Azərbaycan da hələ də İŞİD-i dəstəkləyənlər qalır: "Onların sayı yüzlərlədir. Suriyaya, İraqa gedənlərin sayını nəzərə alsaq, deyə bilərik ki, bu, üzdə olan informasiyalardır. Amma sosial şəbəkələrə nəzər yetirin, orda belə insanları açıq şəkildə görmək mümkündür. Müxtəlif gizli profillər altında İŞİD-in təbliğatını aparırlar. Ola bilsin ki, əksəriyyəti aktiv şəkildə qoşulmaqdan, təbliğ etməkdən çəkinir". Elçin Əsgərov bildirib ki, qanun sərtləşdirildikdən sonra Suriyaya gedənlərin sayı azaldığı kimi, bu cür əməliyyatlar da ümumi mənzərəyə təsir edəcək: "Bunun nəticəsidir ki, son zamanlar radikal, dini ekstrimizmə meylli insanlar azalıb. Buna səbəb qanunların sərtləşdirilməsi və əməliyyatların keçirilməsi ilə yanaşı, İŞİD-ə, Suriya "cihad"ına qarşı fikirlərin dəyişməsidir. Çünki vaxtilə ərəb mediası siyasi məqsədlər üçün İŞİD və digər terror qruplarının insanlara islami qüvvələr kimi təqdim edirdi. Amma sonradan, onlar da bu cür rəy formalaşdırmaqdan çəkindilər. Buna paralel olaraq İŞİD-ə maliyyə və digər formada dəstək verən bir çox ölkələr, qüvvələr də bunu dayandırdı".
Ekspert əlavə edib ki, son 6 ay ərzində İŞİD-ə meyil azalıb. Onun sözlərinə görə, bu, Azərbaycanda da belədir: "Dövlət tərəfindən atılan addımlar, eləcə də radikal meyillərə qarşı aparılan maarifləndirmə siyasəti vəziyyəti bir qədər dəyişdirə bildi. Amma bu, hər şeyin başa çatması demək deyil. Unutmaq lazım deyil ki, İŞİD-i dəstəkləyənlər passiv olaraq hələ də qalır. Onlar hər an aktivləşə bilərlər".

Əli