Gələn ay beynəlxalq ucuşların bərpası gözlənilir Hadisə

Gələn ay beynəlxalq ucuşların bərpası gözlənilir

Yaxın günlərdə ucuşların bərpası və sərhədlərin açılması gözlənilmir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, amma beynəlxalq ucuşların açılması müzakirə edilir:
"Burada bir sıra məsələlər nəzərə alınır. Qonşu ölkələrdəki və ölkəmizdəki epidemioloji vəziyyət xarici aviaşirkətlərin yürüdəcəyi siyasətdən asılıdır. İyunun 15-dən bəlkə də bu, mümkün olar. Yaxın coğrafi əlaqələri olan ölkələrlə müəyyən üsulla ucuşları bərpa etmək olar".
Ramin Bayramlı deyib ki, iyunda kütləvi tədbirlərin, o cümlədən toyların keçirilməsi məqsədəuyğun deyil.
Onun sözlərinə görə, iyun ayında belə tədbirləri keçirmək tövsiyə edilmir: "Amma iyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması barədə qərar qəbul edilə bilər. Çimərliklərin açılmasında da bir problem görmürük. Çimərlik sahələrində ən önəmli məsələ sosial məsafənin gözlənilməsidir".
Ramin Bayramlı idman tədbirləri ilə bağlı məsələnin müzakirə olunduğunu bildirib: "1 iyun tarixindən tədbirlərin keçirilməsinə icazənin verilməsi gündəmdədir və yəqin ki, müvafiq qərar veriləcək".
Ramin Bayramlı qeyd edib ki, ağırlaşma və ölüm hallarının çoxu evdə özünü müalicə ilə bağlıdır.
Onun sözlərinə görə, son zamanlar COVİD-19-a oxşar digər hallar müşahidə edilir:
“Bu hallar da bizi narahat edir. Bütün bunları araşdırmaq lazımdır ki, bu koronavirusdur, ya başqa ağırlaşmalardır”.
Ramin Bayramlı qeyd edib ki, ölkəyə xaricdən gələnlər arasında yoluxma halları 20 faiz təşkil edib: “Bir təyyarə reysində gələn arasında yoluxma göstəricisi 30 faiz olub. Bu halda bütün təyyarə ekipajı karantinə göndərilir”.
Ramin Bayramlı deyib ki, tibbi maska və sosial məsafənin - ən az 1,5 metr məsafənin qorunması vacibdir: “Qapalı məkanlarda bu qaydalara tam riayət edilmədir. Açıq məkanlarda isə növbələr zamanı həm maska taxılması, həm də sosial məsafə gözlənilməlimdir. Əgər yoluxma səviyyəsi artsa, yenidən sərt karantin rejiminə gedə bilərik”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, tibbi bölmə tərəfindən həftə sonları küçəyə çıxmanın məhdudlaşdırılması barədə qaydalar hazırlanıb: “Bu həftə buna getmədik. Ancaq epidemioloji vəziyyət dəyişərsə, bu məhdudlaşmanın tətbiqi önümüzdəki həftə yenə müzakirə oluna bilər. Bir çox ölkədən fərqli olaraq, həftə sonu hərəkətə qadağan tətbiq olunmur və vətəndaşlarımız da anlayışlı olmalıdırlar”.