Müasir texnologiyaların ziyanlı tərəfləri Hadisə

Müasir texnologiyaların ziyanlı tərəfləri

Uşaqların kompüter və telefonla vaxt keçirmələri bütövlükdə cəmiyyət üçün təhlükəlidir

The New York Times qəzetinin jurnalisti Nik Bilton Stiv Cobsla müsahibə zamanı ona belə bir sual verir: "Yəqin sizin uşaqlarınız iPad dəlisidirlər". Və belə bir cavab alır: "Onlar demək olar ki, iPad-dən istifadə etmir. Evdə biz uşaqların iPad ilə keçirdiyi vaxtı məhdudlaşdırırıq". Bu cavab jurnalisti heyrətə salır. Ona elə gəlirdi ki, Stiv Cobsun evi nəhəng sensor ekranlarla doludur,
Ümumiyyətlə, texnoloji şirkətlərin rəhbərlərinin və Silikon Vadisi sahibkarlarının əksəriyyəti istər kompüter, smartfon və ya planşet olsun, uşaqlarının ekran qarşısında keçirdikləri vaxta məhdudiyyətlər qoyur. Stiv Cobsun ailəsində qacetlərin gecə və istirahət günləri istifadəsinə qadağa var idi. Texnologiya aləminin digər dahiləri də eyni davranış nümayiş etdirir. Belə görünür ki, İKT nəhənglərinin direktorları sadə insanların bilmədiklərini bilir.
Hazırda 3D Robotics şirkətinin icraçı direktoru, Wired jurnalının keçmiş redaktoru Kris Anderson da ailə üzvlərinin qacetlərdən istifadəsi üçün məhdudiyyətlər qoyub. O hətta cihazları elə qurub ki, ailə üzvləri hər cihazdan sutka ərzində bir neçə saatdan artıq istifadə edə bilməsinlər. "Uşaqlarım məni və həyat yoldaşımı günahlandırırlar ki, guya biz texnologiyaların təsiri barədə həddən artıq təlaşlanırıq. Onlar deyir ki, dostlarından heç birinə qacetlərdən istifadə etməyi qadağan etmirlər". Andersonun 6-17 yaş arası 5 uşağı var və məhdudiyyətlər onların hər birinə şamil olunur: "Çünki mən internetə həddən artıq aludə olmağın təhlükəsini hamıdan yaxşı bilirəm. Özümün hansı problemlərlə üzləşdiyimi bilirəm və istəmirəm ki, bu problemləri mənim uşaqlarım da yaşasınlar". İnternetin "təhlükələri" dedikdə, Anderson qeyri-münasib məzmun və uşaqların bir çox böyüklər kimi yeni texnologiyalardan asılılığa düşmə ehtimalını nəzərdə tutur. Blogger və Twitter şəbəkələrinin əsasını qoymuş Evan Uilyams da 2 oğluna eyni məhdudiyyətləri tətbiq edib. Onların evində yüzlərlə kitab var və uşaqlar istədiyi qədər kitab oxuya bilər.
Araşdırmalar göstərir ki, 10 yaşa qədər uşaqlar yeni texnologiyalara daha həssasdırlar və onlardan asılı hala düşürlər. Odur ki, Stiv Cobs haqlı imiş: tədqiqatçılar bildirir ki, uşaqlara gün ərzində planşetlərdən yarım saatdan artıq, smartfonlardan isə 2 saatdan çox istifadə etməyə icazə verilməməlidir. Bəs uşaqların başını nə ilə qataq? Stiv Cobs barəsində yazılmış kitabın müəllifi deyir ki, Cobs qacetlərlə keçirilən vaxtı uşaqlarla ünsiyyət və onlarla kitabları, tarixi, bir sözlə istənilən mövzuları müzakirə etməklə əvəzləyirdi. Lakin onlardan heç biri atası ilə söhbət etdiyi vaxt iPad və iPhone çıxarmaq istəyində olmurdu. Oyunların smartfon və planşetlərdə olması insanların bu cihazlarla saatlarla oynamasına səbəb olur. Hətta bir çox valideynlər adıçəkilən cihazları sakit durmaları üçün uşaqlara da verirlər.
Sosioloq Rafiq Təmrazov bildirir ki, texnoloji alətlərdən həddən çox istifadə, asılılıq məsuliyyətsizlik yaradır, faydalı iş əmsalını aşağı salır: "Əslində, texnologiyaların inkişafı müsbət haldır və heç vaxt dünyadan geri qalmaq olmaz. Məlum məsələdir ki, onun səmərəli tərəflərindən istifadə etmək mümkündür. Lakin son vaxtlar planşetlərin, telefonların səmərəli tərəflərindən yararlanmaqdansa, yeniyetmə və gənclərin orda olan oyunlara, müxtəlif proqramlara aşırı dərəcədə meyil eləməsi acınacaqlı haldır. Bu, tək Azərbaycanda yox, bütün dünyada müşahidə olunan bir vəziyyətdir. Mən hesab edirəm ki, bu hal artıq zərərli vərdişləri də ötüb keçib. Çünki yeniyetmə və gənclər bir çox hallarda günlərinin yarıdan çoxunu həmin texnoloji alətlə məşğul olmaqda keçirirlər. Nəzərə almalıyıq ki, indi informasiya dövrüdür və hər şey vaxtla hesablanır. İnsanlarda hər şey çatsa da, vaxt çatmır. Belə olan halda telefona, planşetə ayrılan vaxt itkisini həmin o gəncləri təhsilindən, əməyindən, gündəlik işlərindən uzaqlaşdırır. Nəticədə intizamın pozulması halı baş verir, məsuliyyətsizlik yaranır. Uşaqların, gənclərin təhsildən, işdən yayınmasına gətirib çıxarır.
Bizim vərəmli xəstələrimiz olub ki, onlardan birinin bu xəstəliyə yoluxmasının səbəbi günlərlə kompüter arxasında ac qarına, siqaret çəkərək oturması olmuşdu. Bu, özü bir göstəricidir ki, belə aludəçilik insanlar gündəlik vərdişlərindən uzaqlaşdırır. Saysız-hesabsız yaxşı əməkdaş, yaxşı tələbə, yaxşı şagird var ki, həmin asılılıq onların faydalı iş əmsalının sıfıra endirir. Bu da bütövlükdə cəmiyyət üçün çox təhlükəlidir. O baxımdan ki, müəyyən yerlərdə, tədris, istehsal müəssisələrində əvvəlki əmək intizamının pozulması, vaxtında nəzərdə tutulan nəticələrin əldə edilməməsinə və s. gətirib çıxarır".
Sosioloq hesab edir ki, yaşanan problemin qarşısının alınmasında ən vacib rol valideynlərin üzərinə düşür: "Problemin qarşısını almaq bir qədər çətindir. Xüsusilə də nəzərə alanda ki, bu hallar yeniyetmə və gənclər arasında daha çox müşahidə olunur, bu göstərir ki, çox ciddi nəzarət lazımdır. Burda əsas rol valideynlərin üzərinə düşür. Çünki valideyn elə bir şərait yaratmalıdır ki, uşaq kompüterdən lazım olanda istifadə etsin. Oyun oynamaq məqsədilə, başqa lazımsız vərdişlər üçün istifadə etməsin. Uşaq anlamalıdır ki, kompüter təkcə oyundan ibarət deyil. Ondan səmərəli şəkildə istifadə etmək, hansısa məlumatları toplamaq, hansısa baza yaratmaq mümkündür. Bu sahədə maarifləndirmə işləri də getməlidir. Əsas rol isə, dediyim kimi, valideynlərin üzərinə düşür. Görürsən ki, lap azyaşlı uşaqların əlində planşet var. Halbuki o uşaq heç ordakı proqramlardan xəbərsizdir. Sadəcə, orada oyun oynamağı bildiyi üçün gününü bununla keçirir".
Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahiba Quliyeva uşaqlarda texnoloji alətlərə qarşı yaranan asılılığın onlarln sağlamlığında yol aça biləcəyi problemlərdən danışıb: "Həyatımızı kompütersiz, telefonsuz, internetsiz təsəvvür etmək mümkün deyil. Gün keçdikcə texnologiya sürətlə inkişaf edir. Bir tərəfdən texnologiyanın sürətlə inkişafı işlərimizi asanlaşdırır, lakin digər təfədən isə öz mənfi təsirlərini göstərir. Smartfonların, planşetlərin maraqlı və rəngarəng dünyası uşaqların da diqqətini çəkir. Bunun nəticəsində də demək olar ki, hər bir uşağın əlində bu texnologiyalara rast gəlmək mümkündür. 5 yaşadək uşaqlar daha çox ana-ata qayğısına möhtacdır. Bu yaş qrup uşaqları özlərini və ətraf mühiti kəşf etməyə başlayırlar. Bu yaşdakı uşaqlarla daha çox ünsiyyət qurulmalıdır.Uşağın televizor, telefon, planşet və s.-lə çox vaxt keçirməsi onda ilk olaraq ünsiyyət problemləri yaradır. Uşaq texnikanın sosial həyatına daxil olsa da, real həyatın sosiallığından uzaqlaşır. Ətrafındakı insanlarla çox ünsiyyət qurmur, yaşıdları ilə parka düşüb oynamaq əvəzinə bütün gününü planşetlə keçirir. Bu da uşaqda özünəqapanma, antisosiallıq, yuxusuzluq kimi problemlərə yol açır. 3 yaşadək uşaqlar yetərincə ana-ata qayğısı görmürlərsə, onlarla yetərincə ünsiyyətdə olmurlarsa və hər ağladıqları zaman bu tip texnoloji alətlərlə vaxt keçirmək məcburiyyətində qalırlarsa, bu zaman daha ciddi problemlərin də meydana çıxması qaçılmaz olur. Bu zaman uşaqda nitqiləngimə, pedaqoji ləngimə və s. kimi inkişaf problemləri də meydana çıxa bilər. Bundan başqa, texnologiya istər uşaqlarda, istərsə də böyüklərdə asılılığa gətirib çıxara bilər. Televizor, planşet və smartfonlar uşaqlara müddətli verilməli və uşağın seçdiyi oyunlar nəzarət altında saxlanılmalıdır".
Həkim-oftalmoloq Kəmalə Abbasova bildirir ki, insanların bu tip cihazlardan çox istifadə etməsi onların sağlamlığını ciddi təhlükəyə atır. Əsasən də, smartfonlar və planşetlərin rəngli və parlaq işıqlı olması gözlərdə qızarma, yanma, yorğunluq, quruluq, bulanıq görmə, bir əşyanı iki görmə kimi simptomlara səbəb olur: "3-4 saatdan çox onlarla dayanmadan işləyən şəxslərin çoxunda bu tip problemlərlə tez-tez rastlaşırıq. Normalda insan, dəqiqədə 14-18 dəfə gözünü qırpmalıdır. Ancaq bu cihazlarla işləyən zaman bu say 6-7 dəfəyə qədər azalır. Gözlər bir nöqtəyə zilləndiyi üçün göz qapaqlarında qırpma azalır, onlarda zamanla quruma baş verir və gözlərdə iti görmə qabiliyyəti pozulur. Buna bağlı olaraq görmə vasitələrində yanma, batma kimi şikayətlər ola bilər. Ekrana, gözlər qırpmadan davamlı baxmaq baş ağrılarının yaranmasına da səbəb olur". Oftalmoloq tövsiyə edir ki, bu vasitələrdən istifadə edərkən onları 50 sm məsafədən yaxına qoymaq olmaz. Bu cihazlar göz bərabərindən yuxarıda olmamalıdır. Ən əsası isə gecə saatlarında və qaranlıq otaqda onlardan istifadə etmək daha ciddi fəsadlar verə bilər. Çünki bu zaman gözlər daha tez yorulur. Bu yorğunluğun qarşısını almaq üçün isə gözlərə dinclik verilməli və bir neçə dəqiqə uzaq məsafəyə baxmaq lazımdır.
Həkim-nevropatoloq Leyla Vəliyevanın dediyinə görə, bu tip cihazlarla uzun müddət işləyənlərdə əsəblər oyaq olur. Onlarda aqressivlik hiss olunur. Bir növ asılılıq yaranır, yuxu pozğunluğu əmələ gəlir ki, bu da nevrozla nəticələnir. Belə insanlar özlərinə qapanır, heç kimlə ünsiyyət qurmaq istəmirlər. Bu cihazlarda, əsasən, parlaq göy rəng xüsusi zərərlidir. Belə ki, orqanizmin istirahəti üçün vacib və yuxu üçün önəmli olan melatonin hormonun ifrazı azalır. Həmçinin sinir sisteminin dincliyi pozulur.Belə problemlərlə üzləşməmək üçün iş rejimində dəyişiklik etmək lazımdır. Tez-tez fasilə vermək məsləhətdir. Otağın işıqlandırma və havalandırma sistemi normal olmalıdır.
Nevropatoloq bildirir ki, smartfon, planşet, tablet və mobil telefonlara alüdəçilik daha çox orta məktəb şagirdləri və tələbələr arasında geniş yayılıb: "Alüdəçilik o həddə çatıb ki, onlar hətta yolu keçərkən bütün diqqətlərini bu cihazlardan ayıra bilmirlər və həyatlarını təhlükə qarşısında qoyurlar. Qeyd edim ki, artıq bu cihazlara asılılığın artmasını nəzərə alaraq İngiltərədə problemi aradan qaldırmaq üçün klinika yaradılıb. Əsasən, gəncləri bu asılılıqdan qurtarmaq məqsədi ilə Londonda xəstəxanaların birində xüsusi proqramlar həyata keçirilir. Burada xəstələrin fiziki sağlamlığının yaxşılaşdırlması ilə yanaşı, onlara necə qidalanacaqları öyrədilir və cəmiyyətə adaptasiya olmalarına köməklik göstərilir".

Ülviyyə Tahirqızı