“Azərbaycanda tender problemi var” Hadisə

“Azərbaycanda tender problemi var”

Zahid Oruc nazirliklərin tikinti şirkəti yaratmasının əleyhinə çıxdı

"Azərbaycanda həyata keçirilən tenderlər çox acınacaqlı haldadır. Çünki bu tenderlərin nəticəsində bəzən xeyli ciddi problemlər yaranır".
Gün.Az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu tenderlərin nəticəsini bilmək üçün Allahın göndərdiyi yağış ən böyük testdir: "Elə dünən Azərbaycana, o cümlədən paytaxta yağış yağması nəticəsində bir sıra məktəblərdə, səhiyyə ocaqlarında yaranan problemlər özünü qabarıq şəkildə göstərdi.
Çox təəssüf olsun ki, bu gün bütün nazirliklər az qala tenderə cəlb olunublar və hər nazirlik də az qala öz tikinti şirkətini yaradaraq özlərinə lazım olan obyektlərin tikintisi ilə məşğul olur.
Axı Səhiyyə, Təhsil nazirliklərinin tkinti şirkətlərinə nə aidiyyəti var? Onlar nəyə görə tikinti şirkətləri yaratmalıdırlar? Hesab edirəm ki, həmin nazirliklər tender prosesindən uzaqlaşdırılmalı və tikinti məsələləri, o cümlədən məktəblərin, xəstəxanaların tikintisi ilə aidiyyətli qurumlar daha ciddi məşğul olmalıdırlar".