

Nürnberq, Ruanda, keçmiş Yuqoslaviya məhkəmələrinin nizamnamələrinə uyğun olaraq, Ermənistan dövləti tərəfindən törədilmiş terror aktı da hərbi cinayət hesab olunmalı, beynəlxalq ədalət məhkəməsi tərəfindən öz hüquqi qiymətini almalıdır.
Trend-in məlumatına görə, bu, AMEA Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycanın xarici ölkələrdə yerləşən səfirliklərinə, dünya dövlətlərinin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə, eyni zamanda dünya ölkələrində İnstitutumuzun tərəfdaşı olan elmi və pedoqoj müəssisə və təşkilatlara Gəncə terroru ilə bağlı ünvanladığı müraciətdə qeyd edilib.
Müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3, 5, 12 və 28-ci maddələrini rəhbər tutaraq Azərbaycan ordusunun məqsədi hərbi obyektləri və hərbi texnikanın zərərləşdirilməsi məqsədi ilə zərbələr endirilməsini və işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan dinc əhaliyə yönəlmədiyini dəfələrlə səsləndirmişdir. Bunun nəticəsi olaraq silahlı qüvvələrimiz yalnız hərbi obyektləri və texnikanı hədəf almışdır. Bunlara baxmayaraq Ermənistan tərəfi məqsədyönlü olaraq əhali arasında panika yaratmaq məqsədilə və bütün beynəlxalq konvensiyalara, xüsusən Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycan Respublikasının bütün təmas boyunca yerləşən yaşayış məntəqələrini hədəf almışdır:
"Ermənistan silahlı güvvələrinin Gəncəyə növbəti raket atəşi daha iri çaplı raketdəndən atılaraq sıx və çox sayda yaşayan dinc əhalinin yerləşdiyi binaya yönəlmişdir. Raket zərbəsi nəticəsində 35 nəfər xəsarət almış və 9 nəfər həlak olmuşdur. Bu da onu bir daha sübut edir ki, Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır və dinc əhalinin məhv olunmasına, eyni zamanda Azərbaycanlılara qarşı soyqırım aktı törədilməsinə yönəlmişdir. Ermənistanın beynəlxalq humanitar hüquq normalarına və ümumiyyətlə insanlığa zidd olan bu hərəkətlərini AMEA Hüquq və İnsan Haqları İnstitutu olaraq pisləyir, dünyadakı tərəfdaşlarımıza bizə dəstək göstərməsi üçün müraciət edirik".