Helikopteri vuran çavuş danışdı Hadisə

Helikopteri vuran çavuş danışdı

"Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfləri məhv edək"

"Bilirdik ki, erməni birləşmələri qarşıdakı təpələrin arxasında hərbi təlim keçirlər. Onların uçuş istiqamətini öyrənmişdik. Həmin istiqaməti daim nəzarətdə saxlayırdıq".
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etmiş Ermənistan Ordusuna məxsus Mi-24 döyüş helikopterini məhv etmiş çavuş İlkin Muradov deyib.
İ. Muradov bildirib ki, hadisədən üç gün əvvəl düşmənin bir helikopteri uzaqdan müşahidə edilib. Helikopter qarşıdakı dağın ətəyindən ermənilərin təlim mərkəzinə gedib və sonra qayıdıb. Noyabrın 12-də isə helikopterlər Azərbaycan Ordusunun səngərlərinə yönəlib.
"Mən start mövqeyində hazır vəziyyətdə dayanmışdım. Uzaqdan əvvəlcə düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəf lərin qaraltılarını nöqtə kimi binoklda müşahidə etdik. Gördük ki, iki Mİ-24 tip li helikopter düz üstümüzə gəlir. Dərhal bubarədə komanda məntəqəsinə məlumat verdik. Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfləri məhv edək. Helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq mövqelərimizi atəşə tutdu, postlarımıza zərbə endirdi. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu za man onlar sola istiqamət götürdülər. Mən dərhal arxada uçan helikopteri nişan alıb tətiyi çəkdim", - deyə İ. Murvdov söyləyib.
Qeyd edək ki, noyabrın 12-də Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulmuş Mi-24 döyüş helikopterində Ermənistan HHQ-nin 3 zabiti həlak olub.