Dünya monodillilik istiqamətində sürətlə irəliləyir Hadisə

Dünya monodillilik istiqamətində sürətlə irəliləyir

Dillərin sıxışdırılması və ləğvi planetimizin zəngin mədəni müxtəlifliyinə ciddi zərbədir

Dünyanın dil xəritəsinə nəzər salsaq görərik ki, bəzi ölkələrdə dil mənzərəsi çox rəngarəngdir. Məsələn, İsveçrədə 4 rəsmi dil var (alman, fransız, italyan və retroroman). Bu axırıncı sərt qışı və nadir coğrafiyası olan şərqdə - St.Mori, Davos və Klosters kimi təcrid olunmuş gözəl yerlərdə işlənir. Retroroman dilinin 5 variantı məlumdur. Sutselvadan olanlar "vagned na qua"(gəl bura) deyirsə, başqa dərədən olanlar həmin ifadəni "vegni neu chen" kimi işlədirlər. Başqa yerlərdə isə eyni cür danışıb katolik və protestant olmasına rəğmən fərqli yazırlar.
Alman dili (Almaniya, Avstriya, İsveçrə, Rumıniya, Fransa, Macarıstan, Rusiya, Qazaxstan, Polşa, Belçika və s.) ədəbi dildən kənar çətin başa düşülən milli dil və dialektləri əhatə edir, onlar fərqli leksikonla və sintaktik strukturlarla səciyyələnir. Hətta bir ölkə daxilində-Almaniyanın Bavariya dialektində /Samstag/ (şənbə), Berlində /Sonnaband/, su borusunu təmir edənə /Spengler/, Berlində isə /Klempner/ deyirlər.
İtalyan dili də çox qəribəliklərlə səciyyələnir. Məlumdur ki, İtaliyada milli dil kimi Florensiya və Tuscan dialektləri formalaşıb. 1979-cu ildə ölkə əhalisinin 5 %-i həmin dialektdə danışırdı. Keçmiş Sovetlər birliyində 149 dil vardı. Əhalinin yarısı öz dilində danışırdı, çoxu heç ruscanı bilmirdi. Vatikanın rəsmi dili latın dilidir.
Hazırda dünya miqyasında dəyərlərin yenidən qymətləndirilməsi, elm və texnikada paradiqmlərin dəyişməsi müşahidə olunur. Bunun da əsas səbəbi dünyada sürətlə gedən qloballaşmanın həyatımızın bütün sahələrinə sirayət etməsidir. Başqa sözlə desək, BMT-nin baş qərargahının yerləşdiyi Nyu Yorkdan tutmuş Şərqin ən ucqar nöqtəsi olan Tokiyoya qədər bütün planetimizdə eyni və ya oxşar ssenariya ilə təkrar olunan siyasi, mədəni, ticari və iqtisadi proseslər gedir. Hər hansı bir yenilik sürətlə bütün dünyaya yayılır və hamının gündəlik işlətdiyi avadanlığa çevrilir. Bu proseslərin əsl daşıyıcısı dildir. Dildə yeni texnologiyalar və onlardan istifadə qaydaları yaranır, özü də bu, bir qayda olaraq ingilis dilində olur, sonra başqa dillərə tərcümə olunur və onlar tezliklə dünyada bütün insanların maddi və mənəvi sərvətinə çevrilir. Bu gün artıq texnoloji yenilikləri başqa dillərə tərcümə etməyə etiyac da qalmır. Yeni kəşflər və ixtiralar bir dildə-ingilis dilində yaranır və bütün dünyaya yayılır. Hətta öz müqavimət gücünə, struktur və sistem xüsusiyyətlərinə görə ingilis dilindən geri qalmayan, bu yaxınlara qədər imperiyaların və superdövlətlərin dili olmuş rus, alman, fransız, ispan və s. dillər də texniki təlimatların və sənədlərin tərcüməsinə ehtiyac duymur.
Dünya monodillilik istiqamətində durmadan sürətlə irəliləyir. Bu gün mədəni olmaq istəyən, başqa xalqların nümayəndələrilə tez və maneəsiz əlaqə yaratmaq istəyən hər kəs ingilis dilində danışmağı üstün tutur. Dünya forumlarının və təşkilatlarının keçirdikləri bütün tədbirlərdə işlək dilin ingilis dili olması arzu edilir. Bəzən etika xatirinə və ya hörmət əlaməti olaraq forum və simpoziumların keçirildiyi ölkənin dilini də işlək dil kimi göstərirlər. Ancaq bu, elə bir səmərə vermir. Çünki hər hansı bir yeni ideyanın dünya miqyasına çıxması üçün həmin ideyanın qlobal dildə şərh olunmasını ehtiva edir. Əks təqdirdə ideya məhəlli sədləri aşıb keçə bilməz.
Dünyada qlobal dil məsələsi iki mühüm etirazla müşayət olunur. Bir tərəfdən bu, dil imperializmi qorxusunu yaradır. Doğrudan da, danimark alimi R. Filipsonun yazdığı kimi, linqvistik imperializm bu gün bəşəriyyət üçün ən ciddi təhlükə törədən bir məsələdir. Bu alimin özü çoxdillidir, özü də ingilis dilinin ikinci dil kimi işləndiyi Danimarkda yaşayır. Lakin onun məşhur "Linqvistik imperializm" kitabı məhz İngiltərədə iki dəfə çapdan çıxıb (Oksford, 1992, 1993). Bu faktın özü onu göstərir ki, dili beynəlxalq dilə çevrilmiş İngiltərənin özü belə linqvistik imperializmin geniş vüsət almasından narahatdır. İkinci etiraz isə milli azlıqların qlobal dil siyasətinə qarşı çıxmaları ilə bağlıdır. Məlum olduğu kimi, Avropada Norveç, İsveç, Danimarka, İsveçrə və s. kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demoqrafik vəziyyət çox ağırdır. Bu ölkələrdə əhalinin artımı yox dərəcəsindədir. Digər tərəfdən, bu ölkələrin gəncləri amerikan və ingilis təsirlərinə məruz qalaraq öz mədəniyyələrini və dillərini unutmaq üzrədirlər. Elə bu qayğının nəticəsi idi ki, 1975-ci ildə Helsinki şəhərində 35 ölkənin toplandığı Avropada Təhlükəsizlik və Əməkdaşlıq forumunun son sənədini yuxarıda adlarını çəkdiyimiz və digər ölkələrin nümayəndələri həmin sənədin onların dilində də tərtib olunmayacağı təqdirdə onu imzalamaqdan imtina etmişdilər. Deməli, bütün Avropa səviyyəsində baş verə biləcək dil qloballaşmasının qarşısı alındı. Qeyd edək ki, dillərin sıxışdırılması və ləğvi planetimizin zəngin mədəni müxtəlifliyinə ciddi zərbədir. Monoillik monomədəniyət deməkdir. Bu isə dünyanın fəlakəti deməkdir.
Beynəlxalq səviyyədə qlobal dil siyasətinə qarşı təkcə sayca az olan millətlərin nümayəndələri mübarizə aparmırlar. Sayca yüz milyonlarla adamların danışdığı alman, fransız, ispan, rus və s. dillərin təmsilçiləri də bu mübarizəyə qoşulduqlarını elan edirlər. Məsələn, Almaniyanın nüfuzlu "Der Spiegel" jurnalı 2011-ci ilin 16 avqust tarixində çıxan sayında Ş.Matiasın həyacan dolu bir məqaləsini çap etmişdi. Müəllif öz məqaləsində alman dilinin amerikanizmlərlə və anqlisizmlərlə dolmasından narahatlığını bildirir və bir misalla öz fikrini sübut etmək istəyir. O yazır ki, 2000-ci ildə dünyada 20,1 milyon adam alman dilini öyrənirdisə, 2005-ci ildə bu rəqəm 16,1 milyon olub.
Oxşar vəziyyəti biz Azərbaycada da müşahidə edirik. Əvvəllər bizim hamımızın rus dilini bilməyimiz tələb olunurdu. Hətta rus dili ikinci ana dilimiz elan olunmuşdu. Müstəqilliyimiz bərpa olunandan sonra bizdə ciddi təbəddülatlar yarandı. Bir qisim vətəndaşımız dini azadlıq əldə etdikdən sonra ərəb dilinə meyl elədi. Onların balaları İranda və ərəb ölkələrində dini təhsil alaraq fars və ərəb dilində oxuyur və yazırlar. Bir qisim Türkiyə türkcəsinə meyil edir, Türkiyə mədəniyyəti dəyərlərini və dilini təbliğ etməyə çalışır. Etiraf edək ki, bu, o qədər də qorxulu bir şey deyil. Çünki bu, kökü və keçmişi bir olan iki qövmü vahid birliyə aparan yoldur. Burada da tam uyuşma deyil, qarşılıqlı faydalanma əsas götürülməlidir. Üçüncü qisim vətəndaşlarımız sovet dönəmində olduğu kimi, rus dilinə sadiq qalaraq bu dildə fəallıq göstərməkdə davam edirlər. Bunu da başa düşmək olar. Çünki cəmiyyətimiz uzun illər əsas informasiyanı rus dili vasitəsilə əldə edib.
Hazırda da çoxları xarici dilləri bilmədiyi üçün yeni informasiyaları yenə rus dilində əldə edir. Dördüncü qisim isə, bunları indi yeni azərbaycanlılar adlandırırlar, ingilis dilinə meyillidir. Axırıncılar idarə olunan dilöyrənmə sahəsində daha müntəzəm müdafiə olunurlar. Nəhayət, əhalinin daha çox hissəsi, biz deyərdik ki, az mütaliə edən qismi öz ana dilində ünsiyyəti üstün tutur. Beləliklə, müasir dövrdə millətlərin qarşılıqlı ünsiyyətində dil faktoru mühüm rol oynayır. Özü də dünya miqyasında xalqlararası mədəni, iqtisadi, ticari və s. əlaqələrin inkişafında qlobal dil problemi çox böyük aktuallıq kəsb edir.

Fəxrəddin Veysəlli,
professor