Büdcə gələn həftə təsdiqlənəcək Hadisə

Büdcə gələn həftə təsdiqlənəcək

"Noyabr ayının 28-də Milli Məclisin növbəti plenar iclasının keçirilməsi qərara alınıb. İclasda ilk növbədə 2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərə təsdiq olunmaq üçün yenidən baxılacaq".
Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
O bildirib ki, növbəti iclasın gündəliyinə bundan başqa bir sıra qanunlar və bunlara dəyişikliklər edilməsi də nəzərdə tutulub: "Bunlar "İcbarı sığortalar haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlara, Vergilər Məcəlləsinə və Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdir. Gündəlikdə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi də var".
Noyabrın 18-i, 19-u və 20-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət büdcəsi zərfinə daxil olan bir sıra sənədlər müzakirə olunub. Müzakirələr zamanı Milli Məclisin üzvləri xeyli sayda təkliflər irəli sürüblər. Həmin təkliflərə baxılandan sonra büdcə layihəsi noyabrın 28-də yenidən parlamentdə müzakirə olunacaq.