Tək yol müharibədir Hadisə

Tək yol müharibədir

Arzu Şirinova

Ermənilərin işğal altında saxladıqları Laçında, Kəlbəcərdə, Şuşada məskunlaşdırma siyasəti apardıqları yeni məsələ deyil. Və biz artıq buna qeyri-adi hadisə kimi baxmırıq. Ancaq yenə də fikirləşirik və ümid edirik ki, nə zamansa o torpaqlara dönəcəyik, bununla da ermənilərin məskunlaşma siyasətlərinə son verəcəyik. Düşmənimizin Zəngilanda da at oynadıqları haqqında elə özlərinin xəbər saytlarından bilgimiz olub. Onu da internertdən seyr etmişik ki, erməni qızları Zəngilanda müxtəlif pozalarda şəkillər çəkdirərək bizə göz dağı veriblər. Sözsüz ki, onlar bu yerlərdə də məskunlaşmağı göz önünə alıblar. Artıq düşmənimizin növbəti məskunlaşma hədəfi və məkanı 21 ildir İşğal altında qalan Qubadlıdır. Yəni ermənilər işğaldan sonra İşxanadzor adı verdikləri Qubadlının məşhur Xanlıq kəndinin süni məskunlaşdırılmasını davam etdirirlər. Ermənistan mətbuatı xəbər verir ki, "Artsaxın Milli Lotereyası" layihəsinin rəhbəri Aleksandr Arzumanyan Xanlıq kəndində 37 yaşayış evinin tikintisini nəzərə tutduqlarını bildirib. Onun sözlərinə görə, 10 ev yaxn günlərdə, daha 10 ev isə 2015-ci ildə istifadəyə veriləcək.
Layihəni maliyyələşdirmək üçün erməni tərəfi hər il dekabrın 28-də ümumerməni lotereya oyunu keçirir. Bu il sayca 2-ci dəfə keçiriləcək lotereya üçün 500 min bilet dövriyyəyə buraxlıb. Qiyməti 2 min dram (5 dollar) olan biletləri əsasən Ermənistan və diaspor erməniləri əldə edirlər. Uduş sahibini müxtəlif suvenirlər, xalçalar, 30 litr həcmi olan tut arağı çəlləkləri və Xankəndidə mənzil qazanmaq şansı gözləyir. Dağlıq Qarabağdakı separatçı rejim Xanlıq kəndinin "məskunlaşdırılması"nı strateji hədəfləri elan edib. İşğal latındakı Qubadlı rayonu ərazisində, Həkəri çayı sahilində yerləşən Xanlıq kəndində hazırda 200 nəfər erməni yaşayır. Onların bir hissəsi, təxminən 15-dək ailə Suriyadan qaçmış ermənilərdir. Son bir neçə ildə kənddə orta məktəb, tibb məntəqəsi və maşın-traktor stansiyası fəaliyyət göstərir. Xatırladım ki, Xanlıq kəndi vaxtilə kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılıb.
Xanlıq kəndi – Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olub və öz yüksək keyfiyyəti ilə seçilib. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi. Qubadlıya yolu düşənlər Xanlıq kəndini sözsüz ki, görüblər. Və bu kəndin təkcə Qubadlı deyil, həm də Laçın üçün strateji bir yer olduğunu bilirlər. Eyni zamanda, onu da bilirlər ki, Həkərinin qoynunda yerləşən bu kənd Qubadlının ən böyük tarixi yerlərindəndir. Ermənilərin bu yerdə də məskunlaşdırma siyasəti apardıqlarına inansaq, o zaman Qubadlının da Həkəri çayı boyu kəndlərindən vaz keçməyəcəkləri açıqca görünür. ..
...Nə gizlədim, bir neçə il əvvəl internetdə yerləşdirilən viran qalmış Qubadlının mənzərəsini, o cümlədən böyüdüyüm Nahmudlu kəndinin xarabazarlığını seyr edəndə hardasa içimdə bir arxayınlıq vardı-ermənilər Qubadlının, Zəngilanın, Cəbrayılın, Fizulinin, Ağdamın iddiasında deyillər. Ancaq bu gün başqa fikirdəyəm-ermənilər işğal elədikləri 20 faiz torpaqlarımızın bir qarışından da belə vaz keçmək istəmirlər. Onların istəklərini gözlərində qoymağın tək yolu-müharibədir. Bu yola hazır olmalıyıq-kiçiyindən tutmuş böyüyünə kimi. Ermənistan silahlı qüvvələrinin bir helikopterini məhv edib bunun sevinciylə yaşadığımız yetər. Bizə böyük işlərin sevincini-20 faiz torpaqlarımızın erməni işğalından azad edilməsini yaşamaq lazımdır.
P.S. Əqidə dostum Nərmin belə bir satatus paylaşıb:" Babalarımın ata yurdu, nənələrimin məzarı olan Qarabagı istəyirəm. Geri qayıtsın istəyirəm. O torpaq həsrətində olanların məzarları öz doğma torpagında olsun istəyirəm. Gozləri yolda, həsrətdən bu dünyadan köçməsinlər istəyirəm.