Bu gün od çərşənbəsidir Hadisə

Bu gün od çərşənbəsidir

Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Mütəxəssimslərin fikrincə, Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub. Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk miflologiyasından qaynaqlandığını sübut edir. Odun türk mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdilər. Mifoloji görüşlərə görə bir-biri ilə ziddiyyət təşkil edən anlayışlar, xüsusən qadın və kişi başlanğıcı türk xalqlarında Ülgen və Erlik obrazlarında əks olunub. İki ziddiyyətin vəhdətindən insan yaranır. Türkün əcdad statusunda bu zidd tərəflərdən biri kimi qadın statusunda qurd çıxış edir. Qurddan törənişlə bağlı məşhur mifik görüşlər bunu sübut edir. Qurd isə türk mifik görüşlərində günəşlə, odla əlaqəlidir. Bir sıra türk xalqlarında soyun atasının göy qurd şəklində göydən şüanın içindən yerə endiyi bildirilir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yer bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Yazda torpağın oyanması mifik kökləri etibarı ilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Od çərşənbəsi Mirəli Seyidovun tədqiqatlarında da öz əksini tapıb. Qam-Şaman mərasimindən söz açan alimin araşdırmalarına görə, Hovruz mərasimlərində ocağın çevrəsində oturanlar gündoğandan günbatana dəfi dığırladırdılar. Dəfin gündoğandan günbatana doğru hərəkəti sözsüz ki, günəşə inamla bağlıdır. Qamlar dəfə yaranışın simvolu kimi baxırdılar. Miflərə görə, Günəş-Od-Atəş tapılmasının ilk nümunəsi, daha doğrusu mənbəyi Ağacın gövdəsində yatan istiliklə bağlı idi. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac gövdəsinin dibindən əldə ediblər. Hələ qədimdən xalqımızın Günəşə, oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq adətə çevrilib. Qədimlərdə ocağın, odun əldə edilməsi ilə ailənin təməlinin qoyulmasına, insanların ev tikməyi öyrənməsinə inamı böyük olub.
Atəşpərəst etiqadlarına görə, "Müqəddəs od"u insana ağac vermişdi. Ulu babalarımız bunun şərəfinə şənliklər keçirərdilər. İnsan bədənində və təbiəti özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunurdu. Elə bu istiliyi qoruyub saxlamaq şərəfinə şənliklər yaranmışdı. Odla istinin əsas mənbəsi isə Günəş hesab olunurdu. Onu çağıran Qodu (Hodu) nəğmələri xalq arasında geniş yayılar, günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənirdi.
İndi şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə üç dəfə alovun üstündən tullanarlar. Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır", "Od düşdüyü yeri yandırar" və s. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.

Uğur