“İntihar körpüsü, yoxsa “elçi daşı” Hadisə

“İntihar körpüsü, yoxsa “elçi daşı”

Son vaxtlar metronun "Koroğlu" stansiyansının yaxınlığındakı körpülərdən intihar etməyə cəhdlər artıb. Dünən "intihar körpüsü"ndə növbəti belə cəhd baş verib. Qeyd edək ki, bu körpülərdə intihara cəhd hadisələrinin artmasından sonra polis oraya nəzarəti artırıb. Xüsusilə "Koroğlu" stansiyanın yaxınlığındakı asma körpü Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Ümumiyyətlə bu tendensiya nədən xəbər verir?
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Yeniyetməlik dövründə intiharın səbəbləri də müxtəlif olur. Ailədaxili münaqişələr, oxuduğu məktəbdə özünü tapa bilməməsi və diqqəti cəlb etmək üçün göstərişli intiharlar. Psixoloq deyir ki, valideyn məsuliyyətsizliyi də intihara aparan yolu asanlaşdırır. Bəzən uşaqla valideyn arasında kəskin sərhəd, hətta uçurum olur: "Valideynlər uşağın özünə qapanması, ünsiyyətdən qaçması və aqressiv olması hallarına həssas yanaşmalıdırlar. Belə vəziyyətdə valideyn diqqətli olmalıdır. Xüsusən də yeniyetməlik dövründə məsuliyyət ailənin üzərinə düşür. İntihar hadisəsi baş verir, məlum olur ki, ailədə münaqişə var, yaxud uşağın əsəblə bağlı problemi var. Əgər var idisə zamanında niyə tədbir görülmürdü? "
Psixoloq deyir ki, intiharın digər səbəbini ədəbiyyatda axtarmaq lazımdır. Etnopsixologiyamızda sevgi özünü əzab ifadəsində göstərir. Yəni milli ədəbiyyatda sevgi dastanlarının əksəri əzablar üzərində qurulub. Bunlar insanlara şüuraltı təsir göstərir: "Biz sevərkən həmişə əzab çəkmək istəyirik. Şüuraltı olaraq meylli oluruq. Tutaq ki, nələr isə özümüzdə tapırıq və başlayırıq əzab çəkməyə. Bunlar bizim bədii ədəbiyyatımızda var və düşüncələrimizə çox təsir göstərir. Bunlarda da müəyyən bir reforma aparmaq lazımdır. Sevmək əzab çəkmək deyil, sevmək əksinə həyatı sevməkdir".
18-35 yaş arasında olan intiharlar səbəblərinə gəldikdə isə, mütəxəssis səbəbləri cəmiyyətdə axtarır.
Həkim psixitarı Orxan Fərəcli bu intiharların həm psixoloji, həm sosioloji, həm də bioloji səbəbləri olduğunu bildirdi: "Psixoloji səbəb ondan ibarətdir ki, bunlar "verter effekti"nin təsiridir. Hər gün verilən intihar xəbərləri öz təsirini göstərir və bir növ intiharlar adiləşir. Kişilərin intihara daha çox meylli olmağının səbəbi isə onların daha çox sosial problemlərinin olmasıdır. Maddi təminatın aşağı olması, ailədə özünü əksilmiş hiss etməsi intihar səbəblərindən biri ola bilər.
Bioloji səbəblər isə bundan ibarətdir ki, beyində serotenin maddəsinin azalması nəticəsində depressiv əlamətlər ortaya çıxır və bu da intiharı qaçılmaz edir".
Sosioloq Sənubər Heydərova da intiharların müxtəlif səbəblərinin ola biləcəyini dedi: "Bu intiharların müxtəlif səbəbləri var. Bunu ancaq sosial və ya psixoloji səbəblərə bölmək mümkün deyil. Ancaq bütün səbəbləri kənara qoyub başqa bir məsələyə diqqət yetirmək lazımdır. Artıq isbat olunub ki, haqqında mətbuatda çox danışılan hərəkətlər cəmiyyətdə həndəsi silsilə ilə artır. Deməli, bu xəbərləri və açıqlamaları mümkün qədər minimuma endirmək lazımdır. Kişilərin daha çox intihar etməsinin də səbəbi budur ki, kişilər göründüklərinin və cəmiyyətdə olan fikirlərin əksinə fiziki və psixoloji cəhətdən daha zəifdirlər. Qadınlar emosionaldırlar, onların başqalarının yanında ağlamaq, şikayət etmək, zəiflik göstərmək kimi kompleksləri yoxdur. Kişilərsə bütün bunları edə bilmirlər, ətrafdakıların, yaxınlarının onları həmişə güclü görmək gözləntisi var. Buna görə də onlar adətən narahat olduqları məsələləri səsləndirmirlər. Cinayətlərin, intiharların da çoxalmasının əsas səbəblərindən biri yığılan, etiraf edilməyən, gizlədilən qəzəbdir. İntihar və qətl adətən onların "partlayış" anında baş verir. Cəmiyyətə kişilərin üstünə yüklənməmək, onların üzərinə həddən artıq məsuliyyət qoymamaq mesajları vermək lazımdır. Xüsusən bizimki kimi Şərq cəmiyyətlərində kişilərin məsuliyyəti və yükü daha ağırdır".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə hesab edir ki, görüntü yaratmaq, diqqət çəkmək üçün intihara əl atan insanlar mütləq özlərinə yeni "şou" meydanı tapacaq. Odur ki, bu məsələ ciddi şəkildə araşdırılmalı və problem birdəfəlik həll olunmalıdır: "Ərazi artıq polis tərəfindən nəzarətə götürülübsə, intihar etmək istəyən insanların "Koroğlu" metrostansiyası yaxınlığındakı körpüyə çıxma cəhdi baş tutmayacaq. Bizim polislərimiz körpüdən dəfələrlə böyük əraziləri nəzarətə götürüb, qoruyurlar. Bir körpü nədir ki? Təbii ki, bundan sonra artıq "Koroğlu"da heç bir narahatlıq olmayacaq, insanların gediş-gəlişi əngəllənməyəcək. Amma Azərbaycanda bir dənə körpü yoxdur ki? Bütün körpüləri, hündürmərtəbəli binaları eyni vaxta polis nəzarətində saxlamaq isə mümkün deyil. Əslinə qalsa, düzgün də deyil. Ona görə də çalışıb, problemin kökünə varmaq lazımdır ki, bu intiharlar niyə baş verir? Ya da intihar etmək istəyən insanlar niyə məhz bu körpünü hədəfə alır? Adətən, həyatdan bezən insanlar intihar üçün sakit, səssiz yerləri seçir. İndisə, insanlar nümayişkaranə şəkildə intihara cəhd edir. Əslində, intihar etmək üçün körpüyə çıxan insanların böyük əksəriyyətinin canına qəsd etmək fikri yoxdur. Onlar hansısa arzularının həyata keçirilməsi, diqqət çəkmək, uğradıqları ədalətsizlik, haqsızlıqları lazımi orqanlara çatdırmaq üçün körpüyə çıxırlar. Hesab edirəm, cəmiyyət içərisində intihara cəhdin səbəbləri aydınlaşdırılmalı, intihara yalandan cəhd edənlərin məqsədləri öyrənilməli və bunların üzərində işlənilməlidir. Bütün bunlar psixoloji, mənəvi məsələlərdir". Bizim camaatın dəbə meyilli olduğunu deyən İlqar Altayın sözlərinə görə, intiharı da "dəb"lə edirik: "İntihar üçün hər kəsin fərqli səbəbi ola bilər. Hamının dərdi, problemi bir deyil axı! Amma son zamanlar sözügedən körpü "intihar körpüsü" kimi məşhurlaşdığı üçün hamı ora üz tutursa, deməli, burada başqa maraqlar var. Yəni söhbət özünə qəsddən getmir. Bir halda ki, həmin körpüyə dırmaşmağın özü də böyük akrobatlıq tələb edir".
Kriminalistin sözlərinə görə, Azərbaycanda intihar etmək istəyən insanlar da, intihar etmək görüntüsü yaradan insanların da sayı az deyil. "Bir vaxtlar insanların beyninə intihar üçün ən əlverişli yer kimi Qız qalası düşmüşdü. İndi də "Koroğlu"dakı körpü düşüb. Problemi olan insanlar baxır ki, biri çıxdı körpüyə səs-küy saldı. FHN gəldi, başını tumarlayıb, aşağı düşməyə razı saldı. Polis problemini dinləyib, həlli üçün söz verdi. Bunda da artıq maraq yaranır ki, mən niyə elə etməyim? Axı Azərbaycanda bu körpüdən də hündür yerlər var. Sadəcə olaraq, "Koroğlu" körpüsünün insanları niyə cəzb etdiyini aydınlaşdırmaq lazımdır". İlqar Altayın sözlərinə görə, körpüyə çıxaraq intihar görüntüsü yaradanlar cəmiyyət üçün əlavə narahatlıq yaradır. İnsanların əsəbləri ilə oynayır, vaxtlarını alırlar: "Azərbaycan qanunlarında intihara cəhd, yalandan "özümü atacam" deyənlər üçün cinayət məsuliyyəti olmadığından bu cür xoşagəlməz halların sayı artıb. Bir insanın intihar cəhdi ilə körpüyə çıxması dövlət və cəmiyyət üçün həm vaxt, həm də maliyyə itkisidir. Şou yaratmaq, diqqət çəkmək üçün çıxır körpüyə, camaat da stresə düşür. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis cəlb olunur. Yollarda hərəkət məhdudlaşır, insanlar saatlarla tıxacda qalır, benzin itirir, bir sözlə, aləm bir-birinə dəyir. Bir sözlə bu tendensiyanın nədən qaynaqlandığı dərindən araşdırılmalı və problemin kökü həll edilməlidir".

Əli