Seysmik aktivlik ən yüksək səviyyəyə çatıb Hadisə

Seysmik aktivlik ən yüksək səviyyəyə çatıb

"Bu il son 15 ildə ən aktivləşmə və güclü zəlzələlər olan ildir". Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu il ərzində maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib: "Yanvarda Xəzərin şimalında, fevralda isə Hacıqabulda olan zəlzələ həmsərhəd ölkələrdə də hiss olunub. Dərinliyi 46 km olan həmin zəlzələ o bölgədə aktivləşmə gedən bütün zəlzələ ocaqlarını oyadıb. Bu il həm zəlzələlərin sayına, həm də ayrılan enerjinin miqdarına görə seysmiklik cəhətdən ən yüksək dövr olub, ümumilikdə Azərbaycan və sərhəd ərazilərdə 8 mindən çox zəlzələ qeydə alınıb. Bu il baş verən zəlzələlər dərinlikdə olduğuna görə silkələmə əhatəsi böyük olub, amma dağıntısı olmayıb".
Mərkəzin direktoru qeyd edib ki, zəlzələ nə qədər səthə yaxın olsa, onun dağıntıları daha çox olur, nəinki hiss olunması.
Onun sözlərinə görə, 2012-ci ildə Zaqatala və Balakəndə olan zəlzələlər bu il Hacıqabuldakı zəlzələ ilə eyni gücdə idi: "Ancaq Zaqatalada 8 km dərinlikdə, Hacıqabulda isə 46 km dərinlikdə qeydə alınıb. Ona görə də Zaqatalanın dağıntıları daha çox oldu. 8-10-12 km dərinliyində olan zəlzələlərin dağıntı gücü daha çox olur, nəinki daha dərinlikdə olanların".