ABŞ Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar Hadisə

ABŞ  Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

Yanvarın 15-də ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays və Səfirliyin mətbuat katibi Nikolas Barnet Azərbaycan Mətbuat Şurasında olub.
Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. MŞ-nin tərkibi barədə söz açan Ə.Amaşov qurumun sıralarında ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsil olunduğunu diqqətə çatdırıb. Ə.Amaşov Azərbaycanda söz və ifadə azadlığı ilə əlaqədar məsələlərdən də bəhs edib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Şuranın şikayətləri araşdırması təcrübəsi barədə məlumat verib. O, diqqəti şikayətlərdəki spesifik cəhətlərə, həmçinin mediada peşə prinsiplərinin pozulmasındakı xarakterik tendensiyalara çəkib.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Səfirliyin Azərbaycanda azad medianın inkişafında maraqlı olduğunu, bununla bağlı məsələlərə dəstək göstəriləcəyini vurğulayıb. Onlar həmçinin medianın özünütənzimləməsini həyata keçirən Azərbaycan Mətbuat Şurası ilə mövcud sahədəki əməkdaşlığın vacibliyini bildiriblər.
Görüşdə söz və ifadə azadlığının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.