Erməni əsirliyində olmuş şəxs: "Lüdvik Mkrtiçyan şəxsən mənə işgəncə verib, armaturla döyüb" Hadisə

Erməni əsirliyində olmuş şəxs: "Lüdvik Mkrtiçyan şəxsən mənə işgəncə verib, armaturla döyüb"

"1999-cu ildə əsir düşmüşən. Mkrtiçyan Lüdvik Mkrtiçoviç əsirlikdə şəxsən mənə işgəncə verib".

Bunu APA-ya açıqlamasında azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlarının cinayət işində zərərçəkən kimi tanınan Qərib Rövşənoğlu deyib.

O bildirib ki, Mkrtiçyan Lüdvik istintaq zamanı onu tanıyıb: "O biz əsir olan zaman həm tərcüməçilik edirdi, həm də bizə işgəncələr verirdi. Azərbaycan dilini yaxşı bilir. Bizi armaturla döyürdü, daha ağır işgəncə verirdi".

Qeyd edək ki, bu gün birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 9-na təyin edilib.