Mediasiya prosesində bağlanmış sazişin təsdiqinə dair işlər üzrə icraat proseduru müəyyənləşir Hadisə

Mediasiya prosesində bağlanmış sazişin təsdiqinə dair işlər üzrə icraat proseduru müəyyənləşir

Mülki Prosessual Məcəlləyə yeni - 40-7-ci fəsil (Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat) əlavə olunur.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən, “Mediasiya haqqında” qanunda müəyyən olunmuş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barış sazişinin könüllü icrasından imtina olunduqda, ərizəsi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər.

Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurum) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanı olduğu yer üzrə məhkəməyə verilir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” qanunda müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəməyə ərizəyə baxarkən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq olunmasından imtina edilməsi hallarının olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:

- barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

- barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlandıqda.

Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.