Mübariz Qurbanlı Türkiyədə rəsmi görüşlər keçirib Hadisə

Mübariz Qurbanlı Türkiyədə rəsmi görüşlər keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdədir. Səfərin birinci günü nümayəndə heyəti Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez ilə görüşüb.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin dini qurumlara göstərdiyi qayğıdan danışan Mübariz Qurbanlı vicdan azadlığının təmin edilməsi, müxtəlif dini icmalar üçün yaradılan şərait, yeni ibadətgahların tikilməsi haqqında məlumat verib. İslam aləmində baş verən bəzi mənfi hadisələrə toxunan Mehmet Görmez Azərbaycanın müxtəlif dini cərəyanların nümayəndələrinin birgə yaşaması sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edib.
Diyanət İşləri İdarəsinin tərkibindəki təhsil xidmətləri və dini nəşrlər baş idarələrinin rəhbərləri ilə görüşlərdə Azərbaycan nümayəndə heyəti Türkiyədə dini təhsil, din xadimlərinin yetişdirilməsi, eləcə də müvafiq nəşrlərin hazırlanması məsələləri ilə tanış olublar.
Dini İşlər üzrə Ali Qurumun sədri Hüseyn Kayapınarla görüşdə isə Azərbaycan nümayəndə heyətinin üzvlərinə qurumun strukturu və fəaliyyət istiqamətləri haqqında məlumat verilib.
Tərəflər Azərbaycan ilə Türkiyənin dini qurumları arasında təcrübə mübadiləsi, eləcə də mənəvi dəyərlərin qorunması və inkişafı sahəsində əməkdaşlığın önəmini vurğulayıblar.
Mübariz Qurbanlının Türkiyəyə səfəri davam edir.