“Buster” dozanın qəbulu mütləqdir Hadisə

“Buster” dozanın qəbulu mütləqdir

Koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxması, mövsümlə əlaqədar havanın soyuması, epidemiyanın daha geniş yayılması riskinin artması, digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azalması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bütün bunları nəzərə alaraq, xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bu baxımdan Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov "Xalq Cəbhəsi"nə bildirib ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.
Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər.
Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir: "

Qeyd edək ki, koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra müxtəlif ölkələrdə - Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiyaya başlanılıb

Koronavirusun yeni ştamına yoluxanların sayında bütün dünyada artım müşahidə olunur.
Rusiyada hətta uşaqlar arasında da yoluxma sayı kəskin çoxalıb – 2 həftə əvvəl Moskvada COVID-ə yoluxmuş uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. Yəni, 2 həftə ərzində uşaqlar arasında yoluxma sayı 14 dəfə artıb.
Fransada yeni antirekord – sutka ərzində 500 000 yoluxma, gün ərzində 30 min xəstəxanaya yerləşdirilib
Rumıniyada da antirekord qeydə alınıb – sutka ərzidən 20 min yoluxma qeydə alınıb. Ümumiyyətlə, Avropa Korona nın əsirinə çevrilib, desək yanılmarıq.
Azərbaycanda yoluxma sayı bir neçə gün ərzində 3 mini keçib və “Omicron” ştamının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək.
Əsas istiqamət - virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu mənada, “Buster” dozanın vacibliyi qaçılmazdır.
F.Kərimov bildirib ki, "Buster" dozanın qəbulu mütləqdir: "Həm özünüzün, həm də ətrafımızdakıların sağlamlığını qorumalıyıq. Vətəndaşlarımız diqqətli olmalı, ehtiyatı əldən verməməlidirlər. Mütəxəssislər də bu fikirdədirlər ki, koronavirus infeksiyası əleyhinə istifadə edilən “buster” doza ilə vaksinasiya orqanizmdə infeksiya əleyhinə daha dayanıqlı immun cavabın formalaşması üçün tətbiq edilən gücləndirici dozadır. ““Buster” dozanın tətbiq edilməsində məqsəd ilkin peyvəndləmədən sonra yaranan, lakin vaxt keçdikdə azalmağa başlayan anticisimləri artırmaqdır".
Xatırladaq ki, ötən dəfə “Peyvənd sertifikatı”na görə vaksinasiya olunanlar sona qədər gözlədilər və əksəriyyət eyni vaxtda poliklinikalara üz tutdu. Nəticədə növbələr, sıxlıq, bundan irəli gələn problemlər yaşandı. Bu dəfə eyni halın təkrarlanmaması üçün indidən vaksin olunmağa başlamaq lazımdır, çünki cəmi 20 gündən sonra – fevralın 15-dən 2-ci dozadan sonra verilmiş “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
Cavid