BAXCP sədrindən bayram təbriki Hadisə

BAXCP sədrindən bayram təbriki

"Ordumuz işğal altında olan torpaqlarımızı azad etməli, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazmalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə əsgər və zabitlərə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Əziz həmvətənlər,
Milli Ordumuzun dəyərli əsgər və zabitləri!

Sizi Azərbaycan Milli Ordusunun yaranmasının 97-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm!
97 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir vaxt sonra, erməni-rus işğalçılarına qarşı ağır döyüşlərdə Qafqaz İslam Ordusu adı altında yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli bir yol keçmişdir. Böyük imperiyalarla qeyri-bərabər mücadilədə məğlubiyyət acısını dadsaq da, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun şərəfli tarixi xalqımızın döyüş ruhunu ölməyə qoymamış, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsi qan yaddaşımıza hopmuşdur.
Azərbaycan Milli Ordusu Azərbaycan dövləti ilə birgə - səngərlərdə, döyüş meydanlarında doğulub. Bu baxımdan Milli Ordumuz dövlətçiliyimiz ilə yaşıddır. Azərbaycan Ordusu - Azərbaycan dövləti, Azərbaycan dövləti - Azərbaycan ordusu deməkdir!
Bu gün hər bir vətəndaşımızın və Milli Ordumuzun dəyanətli əsgər və zabitlərinin üzərinə ağır bir vəzifə düşür. Milli Ordumuz işğal altında olan torpaqlarımızı azad etməli, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazmalıdır. Biz bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə məhkumuq! Mən qüdrətli Azərbaycan Ordususunun millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığımla inanır və o müqəddəs günü səbirsizliklə gözləyirəm.
Sizi bir daha bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və mübarizə əzmi arzulayıram".