
Azad Rəhimov: "Bütün Avropa Olimpiya Komitələri Bakıya inandılar və biz də o etimadı doğrultduq"
"Bağlanış mərasimi göstərdi ki, insanlarımızın ürəkləri sevinclə doludu, biz bütün dünyaya yaxınıq". Bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BAOƏK) baş icraçı-direktoru Azad Rəhimov deyib. Gənclər və idman naziri Birinci Avropa Oyunlarının yekunu ilə bağlı dünən "Hilton" oteldə keçirilən mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: "Bu müddət ərzində çox gözəl ifadə xatırlamaq istərdim. Xaricdən gələn mütəxəssislər bir söz işlədiblər. Bu, axırıncı, amma sonuncu konfrans deyil. Çünki gələcəkdə yenə böyük tədbirlərimiz olacaq. Media bu günlərdə bizmlə bir yerdə oldu. Bu möhtəşəm tədbiri geniş şəkildə işıqlandırdınız. Buna görə, sizə təşəkkür edirəm. Bu günlərdə Azərbaycanı, xalqı, idmanı sevən insanlar kövrəlirlər. Çünki son gündü. Minlərlə qonaqlar ölkəni tərk edir. Aeroportdan da zəng vurub, təşəkkür edirlər. Təyyarəyə minən anda belə, zəng vururlar. Bu, hamımızın əməyinin nəticəsidir. Bütün dünyaya Azərbaycanı gözəl ölkə kimi təqdim edə bildik. Bu, idmanın, ölkənin, xalqın böyük təntənəsi idi. Komandamız misilisiz nailiyyətlər qazandı. Mən gözləmirdim ki, komandamız bu Oyunlarda 56 medalla, 21 "qızıl"la ikinci yeri tutacaq. Ölkə prezindenti cənab İlham Əliyev bütün idmançıları, məşqçiləri təbrik etdi, onlara mükafatlar təqdim etdi. Ən böyük mükafat isə bizim liderimiz Mehriban xanım Əliyevanın təltif olunması idi. Cənab Saymon Kleq də dostluq ordeni ilə təltif edildi. 17 gün ərzində hər gün medalla xalqımızı sevindirdik. Bakı sakinləri də bu səyləri yüksək qiymətləndirdilər. Bütün zallarımız yarışlar boyu tamaşaçılarla dolu oldu. Bu da bizi çox sevindirdi. Bütün Avropa Olimpiya Komitələri Bakıya inandılar və biz də o etimadı doğrultduq. Bu gün bayram bitir. Çox istərdik ki, Azərbaycan belə bayramları tez-tez yaşasın".
Daha sonra nazir jurnalistlərin suallarını cavablandırıb:
- Qərb mətbuatı Azərbaycanın nailiyyətini bəzi ölkələrin əsas idmançılarla yarışa qatılmaması əlaqələndirib. Bu iddia nə dərəcədə əsaslıdır.
- Su idman növlərində güclü idmançı gəlməmişdi Azərbaycana. Amma gənclər arasında dünya rekordu yenilənib. Yəni zəif idmançı dünya rekordu qıra bilməz. 16 idman növündən 12-si lisenziya xarakterli idi. Bu fürsətdən heç bir idmançı imtina etməz. 12 idman növündə ən güclülər gəlmişdi. 100-dən artıq Olimpiya və dünya çempionu bu Oyunlarda iştirak etdi. Təəssüf ki, Mingəçevirdə bir gümüş medal qazandıq. Amma həmin yarışda 21 dünya və Olimpiya çempionu iştirak edib. Bunu deyənlər bəlkə də, heç bir dəfə də yarışa baxmayıb. Bu yarışa baxan belə fikirdə olmaz. Bəzi qüvvələr bu Oyunların səviyyəsini alçaltmağa, baykot etməyə, saytlarımızı sındırmağa, açılış mərasimi zamanı saytı dağıtmağa çalışdılar. Normal insan bunlara cəhd etməz.
- Azarkeşlərin I Avropa Oyunlarında marağını yetərli hesab edirsiniz?
- Bütün yarışlardakı tamaşaçı sayı göstərir ki, burda idmana maraq var. Bizdə yeni mədəniyyət əmələ gəlib. Tamaşaçılar bilet alırdılar. Bu da sevindirici haldı. Şəxsən mən bəzən yaxınlarıma bilet tapa bilmirdim.
- Hansı idman növündə uğurlu çıxış etdik?
- Ən yüksək nailiyyət güləş, boks və karatedə oldu. Badminton, kamandan oxatma, triatlonda çıxışı uğurlu sayıram. Gimnastikanı qeyd etmək istərdim.
- Avropa Oyunlarının ərsəyə gəlməsinə nə qədər vəsait xərcləndi?
- Müxtəlif rəqəmlər yerləşdirilir bu barədə. Açılış və bağlanış mərasiminə büdcədən 100 milyon manat vəsait nəzərdə tutulub. Bu iş bir neçə mərhələdə formalaşır. Bəzi məsələlər var ki, onların da hesablamaları aparılır. Düşünürəm ki, 100 milyondan aşağı məbləğ olacaq. Ümumilikdə 960 milyon manat Bakı-2015-in büdcəsi idi. Bura hər şey daxildi. Açılış, bağlanış mərasimi, işçilərin maaşı, müxtəlif müvəqqəti qurumların tikilməsi... O büdcədən bir manat da kənara çıxmamışıq. Biz mümkün qədər qənaət etdik.
- Bir sıra qüvvələr bu Oyunları siyasiləşdirməyə çalışdılar?
- İdmanı siyasətlə qarışdırmaq olmaz. Pekində, Afinada, Londonda siyasiləşmə olmuşdu. Müxtəlif cür olur bunlar. Amma Azərbaycanda əsas ölkələrin prezidentlərinin Bakıya gəlməsi sübut edir ki, idmanın inkişafını düşünən insanlar idmanı siyasətə qatmırlar. Bütün Avropanın gözü Bakıda idi. Bəzi ölkələr çalışdı ki, bəzi məsələlərə toxunsun. Amma biz buna imkan vermədik. Əksəriyyət pozitiv fikirdə oldu.
- Olimpiya stadionunun bundan sonrakı aqibəti necə olacaq?
- Stadion böyük müəssisədi. Onun saxlanılmasına, ətrafındakı parkın saxlanılmasına böyük vəsait tələb olunub. Ola bilər ki, ordakı bəzi ofisləri kirayə verdik, konsertlər təşkil etdik. Kifayət qədər maliyyə toplanmasa, dövlətin büdcəsinə müraciət edəcəyik.