Nuhla bağlı əfsanələr Mədəniyyət

Nuhla bağlı əfsanələr

...Naxçıvan və ətraf bölgələrdə daha çox yayılıb


III yazı


Sözügedən əfsanələr Nuhun daşqının sonunda Naxçıvana gəlib çıxdığını, burada bir çox dağlara, yaylaqlara, yerlərə ad verdiyini bəyan edir. Mifdə ad vermək yaradılışı simvolizə edir. Əfsanələrin mifik məntiqinə görə, Naxçıvan torpağını Nuh yaradır: buradakı həyata o, başlanğıc verir.
Əfsanədə deyilir ki, Nuh öz gəmisinə 75 günlük ərzaq götürübmüş. Gəmi 75 gün suyun üzərində qalır. Bir gün Nuh bir dağın başının qaraldığıvnı görür. Gəmisini həmin dağa tərəf sürür. Lakin dağın başı qarısqal idi, gəmidəki insan və heyvanları tutmur. Həmin dağın övladı olmadığı üçün ona Qısırdağ deyirmişlər. Dağ Nuhun yanında xəcalət çəkir ki, adamları və heyvanları yerləşdirə bilmir. Bunu görən Nuh deyir:
– Ey Qısırdağ, sən qısır olmayacaqsan. Sənin övladın olacaq.
Həmin gün Qısırdağ hamilə qaldı, az sonra ağrı çəkdi, bir oğlu oldu. O, ağrı çəkdiyi üçün Nuh Nəbi onun adını (dəyişib – S.R.) Ağrıdağ qoydu. Ağrıdağın da oğlunun adını Bala Ağrı qoydular. Bala Ağrı da anasının yanında baş qaldırdı. Gəmidə olanlara yer verdilər, onlara hörmət elədilər. O zamandan Ağrıdağ oğlu Bala Ağrı ilə yan-yana durub göylərə baş qaldırdı. Adları çəkilən dağlar Azərbaycanın qədim diyarı Naxçıvandadır. Beləliklə, daşqından sonrakı bəşəriyyət Naxçıvanda özünə sığınacaq tapır və dünyanın yeni tarixi buradan başlanır. Başqa bir əfsanədə göstərilir ki, Nuh gəmi ilə Məğribdən (qərbdən) Məşriqə (şərqə) tərəf üzürdü. Gəminin altı nəyəsə toxundu. Zərbə güclü oldu. Nuh dildi ki, gəmi dağa toxundu.
– Pəh, nə ağır dağdı! – dedi. Başından heç qarın əskik olmasın.
Odu-budu, dağın adı "Ağrıdağ" qaldı. Başından da qar əskik olmadı.
Bir həftə də keçdi. Gəmi yenə silkələndi. Nuh Nəbi gəmidəkilərə:
– Bu da, inan, dağdı, – dedi.
Bu dağın da adı "İnandağ" (variantı: İlandağ – S.R.) oldu. Zirvəsi də zərbədən iki yerə haçalandı.
Gəmi səfərə davam etdi. Bir az getmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən soruşdu:
– Bu dağ o dağdan kəm ki deyil?!
Dağın adına "Kəmki" dedilər. Gəmi buradan aralandı. Tufan da yavaşıdı…
Rəvayətə görə, Nuh Nəbi oğlanlarıyla Naxçıvanda məskən saldı. Gəmisi də Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı Gəmiqayada qaldı.
Əfsan Nuhun yeni vətəni Naxçıvan torpağını sirli-sehrli, bərəkətli, xoşbəxt bir diyar kimi təqdim edir. "Rəvayətə görə, Nuhun gəmisi Gəmiqayada quruya oturmuşdu. Oğlanları bir gün gördülər ki, uca dağlar od tutub yanır. Gəmi oturan dağ da tüstüsüz alova bürünüb. Özləri də od-alovun içindədilər. Qorxudan bilmədilər, neyləsinlər. Haray-həşir salıb bağırdılar.
– Aman Tanrı! Günahımız nədi ki, indiyədək tufanda qaldıq, indi də od-alova düşmüşük.
Amma bu qorxu uzun çəkmədi. Gördülər ki, od-alov onları yandırmır. Yaşıl çəmənə, gülə, çiçəyə də toxunmur.
– Bu, nə sirdir? – dedilər. – Dağ da yanar?
Onlar atalarının yanına gedib bu sirri soruşdular. Nuh Nəbi dedi:
– Gördüyünüz elə-belə od deyil. Sirli, möcüzəli oddur. Bu torpağın mayası oddan yoğrulub. Burda hər şey öz qidasını oddan-alovdan alır. Yanan dağların biri – Gəmiyqaya, biri – İlandağ, biri – Ağrı dağıdır. Bu arada yurd salın. Dediyim üç dağ sizə qüvvət, bərəkət verəcək. Bərkdə şərdən, yağıdan qoruyacaq.
Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar, adına da "Nuhdaban" dedilər.
M.Cəfərlinin yazdığı kimi, beləliklə, ulu Naxçıvanın ulu keçmişi olan Gəmiqaya dağ adının türk, islam mifologiyası ilə əlaqələnməsi bu torpaqda yaşayan etnosun şüurundakı xronotop /məkan-zaman/ parametrlərinin çox əskiliyindən soraq verir. Etnos Gəmiqayanı orta əsrlər, yaxud yaxın keçmişin əlaqədar hadisələri ilə yox, məhz ilkinliklə, mifoloji keçmişlə bağlayır. Bu isə təsadüfi olmayıb, Naxçıvanda yaşayan türk etnosunun bu torpaqdakı ulu keçmişinə şəhadət verir. Etnik tarixin bu torpaqda uzun bir prosesi gerçəkləşdirməsi, burada insanların şüurunda bu torpaqla bağlı çox əzəmətli bir tarix "arxetipinin" olması buranın insanlarını öz yurdlarına, tarixi keçmişlərinə bütün hallarda ululuq prizmasından baxmağa çağırıb".
Sözügedən əfsanələrdə bəşəriyyətin Nuhla başlanan yeni tarixi türk etnosunun mifoloji tarixi ilə birləşdirilir. Mətnlərdən birində deyilir ki, tufan dayanandan sonra Nuh peyğəmbərin oğlanlarından olan Türk adlı birisi atasının məsləhəti ilə qoyunla qoç götürüb bir çəzirəyə düşür. Hər tərəf su olduğundan Türk adadan çıxa bilmir. Günlərin bir günü Türk görür ki, bir heyvanı parçalayıb yeyiblər. Öz-özünə fikirləşir ki, axı bu çəzirədə qoyundan başqa heç bir heyvan yoxdur. Bəs bunu nə yeyib? Türk çox təəccüblənir. Gecəni yatmır və güdür. Bir də baxır ki, uzaqdan suyun içilə bir qaraltı gəlir. Qaraltı yaxınlaşanda Türk görür ki, bu, boz rəngli bir qurddur. Qurd adaya çıxan kimi cumur bir heyvanın üstünə. Türk bu yandan çıxır qurdun qabağına. Boz qurd onu görən kimi başlayır gəldiyi yolla qayıtmağa, Türk də düşür bunun arxasına. Xeyli gedirlər. Türk baxır ki, qurdun getdiyi yerlərdə su heç topuğa qədər də qalxmır. Bir az gedəndən sonra quruya çıxırlar. Bununla da Türk xilas olur. Həmin yolla qayıdıb adaya gəlir. Buradakı heyvanları da həmin yolla sudan keçirib quruya çıxarır.
Türk fikirləşir ki, bu boz qurd məni xilas elədi. Gərək mən də onun şəklini çəkəm bayrağıma. Belə də edir. Sonra Türkün nəsli çoxalanda o, nəslinə deyir ki, boz qurd bizim xilaskarımızdır. Əgər o, yol göstərməsə idi, nə mən olardım, nə də siz. Ona görə də gərək həmişə boz qurda inanasınız. Onun şəklini bayrağınıza çəkəsiniz. Çətinə düşəndə onu çağırasınız. Göründüyü kimi, "Nuh və Türk obrazlarının bir mətn çevrəsində mövcüdluğuna baxmayaraq, yuxarıdakı mifoloji mətndə Nuh və Türklə bağlı müstəqil süjetlərin bir-birinə calanması (kontaminasiyası) aydın boy verir. İkinci tərəfdən Türk Boz qurd obrazı ilə bağlı kontekstə salınır. Bu, təsadüfi deyil. Hər iki obraz türk mifologiyasının ağır yüklü obrazlarındandır və bunların eyni mətn içərisində funksionallaşma keçirmələri tam təbiidir. Beləliklə, bir mətn çevrəsində Nuh, Türk və Boz qurd obrazları eyni sırada dururlar".
Azərbaycan folklorunda Nuh peyğəmbərlə bağlı əfsanələr özündə təkcə Azərbaycan-türk etnosunun yaranış haqqındakı ilkin fəlsəfi-kosmoqonik konsepsiyasını yox, eyni zamanda bütün dünyanın yaranış ssenarisini əks etdirir. Bu, Azərbaycan folklor təfəkkürünün bədii-cağrafi hüdudlarının genişliyini, tematik zənginliyini, etnokosmik universalizmini göstərməklə yanaşı, qədim türk epik düşüncəsinin dünya epos yaradıcılığının bir qolu olduğunu da təsdiq edir.
Qədim oğuz epik-mifoloji şəcərələrində Nuh peyğəmbərin oğuz-türk milli etnik düşüncəsindəki yeri insanlığın ilahi yaradılışının universal sxemi daxilində təqdim olunur. Bu sxemlərdə də Nuh peyğəmbər daşqınsonrası tarixin başlanğıcıdır. Oğuz şəcərələrində azərbaycanlıların ulu babaları olan Türk və Oğuz xan birbaşa Nuh peyğəmbərə bağlanır. Bu yanaşma Nuh peyğəmbərin oğuz-türk mifoloji-epik ənənəsinin üzvi struktur elementinə çevrilməsinin əsasında durur.
Nuh haqqında "Quran"da və digər səmavi kitablarda olan obraz və motivlər dəyişik şəkillərlə Azərbaycan əfsanələrində müşahidə olunsa da, bu mətnlər təkcə "Quran" hekayələrinin folklorlaşmış variantı deyil. Həmin əfsanələr strukturu baxımından Nuh haqqında dini məlumatlarla qədim türk komoqonik (yaradılış) və esxatoloji (dünyanın sonu) təsəvvürlərinin sintezindən ibarətdir. Onlarda arxaik mifoloji görüşlərlə dini görüşlər biri-birinə qarışaraq vahid poetik forma halına gəlib. Nuhla bağlı Azərbaycan əfsanələri vahid obraz-süjet kompleksini təşkil edir. Bu kompleksdə bəşəriyyətin Nuhla başlanan yeni tarixi türk etnosunun mifoloji tarixi ilə birləşdirilir.
Nuhun gəmisindəki heyvanların və quşların bir çoxunun daşqından sonra yeni görkəm, yeni xasiyyət və yeni davranış qazanması Nuhun daşqınının dünyanın, həyatın, yaradılışın bir mərhələsi ilə o biri mərhələsi arasında sərhəd, epoxal körpü, mənşəyində inisiasiya ritualı duran keçid rejimi olduğunu göstərir. Daşqından sonra hər şey yenidən yaranır. Azərbaycan əfsanələri yaradılışın səmavi versiyası ilə mifik versiyasını bir-biri ilə qovuşduraraq vahid hala gətirib.
Əfsanələrdə Nuhun daşqının sonunda Azərbaycana – Naxçıvana gəlib çıxması, burada bir çox dağlara, yaylaqlara, yerlərə ad verməsi Azərbaycan etnokosmik düşüncəsinin sistem universalizmini nümayiş etdirir. Nuh peyğəmbərlə başlanan dünya bütün bəşəriyyətin yeni tarixidir. Azərbaycan bu tarixə özünün milli-mənəvi dəyərləri ilə qoşulub. Azərbaycan əfsanələrində səmavi dinlərin müqəddəs hökmləri ilə mifik inancların sintezi Nuhun məlum hekayətini bəşər humanizminin yeni səhifəsinə çevirib. Əfsanələrdə Nuhun Azərbaycana gəlib çıxması, bəşəriyyətin yeni tarixinin buradan başlanması təsadüfi olmayıb, xalqımızın milli xarakterinin fövqəlhumanizmini əks etdirir. Nuhun tarixi bir xalqın yox, bütün xalqların tarixidir. Azərbaycan da qədimdən qonaqpərvər, humanist xalq olub. O, bir mehriban ana kimi müxtəlif xalqları öz ağuşuna alıb. Bu torpağın ən qədim etnosu olan Azərbaycan-türk xalqı bu yurdda mehribancasına yaşayan bir çox azsaylı xalqlarla birlikdə dünyanın Nuhdan başlanan humanizm tarixini göz bəbəyi kimi qoruyur və müqəddəs irs olaraq yaşadır.


Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru