“Gənclik nurlu səhərdir, qocalıq qərib axşam...” Mədəniyyət

“Gənclik nurlu səhərdir, qocalıq qərib axşam...”

İnsan oğlunun 40 yaşdan sonra yorğunluqla müdrikliyin bir-birinə uymadığını hiss etdiyi üçün qocalıq deyilən bir məfhuma dərin fəlsəfi məna verərək, bu pəncərədən dünyaya baxıb qüssələndiyi bir həqiqətdir. Böyük söz sərrafları, müdrik insanlar, filosoflar həsəd qarışıq bir arzu ilə gəncliyin möcüzəsinin əlçatmaz bir zirvədə qaldığını görür, bəzən də müdrikliklə bu zirvənin fəth edilməyəcəyini dərk edən fəlsəfi düşüncələrə gəlirlər. Qələm əhli isə bu düşüncəsini misralara tökərək bədiiləşdirir. İstər folklorda, istərsə də yazılı ədəbiyyatda "yaşlanma", "qocalma", "ixtiyar" məfhumuna dərin fəlsəfi anlam verilib. Bir xalq bayatısında deyilir:

Mən aşıq qar altıdı,
Bu yerlər qar altıdı.
Can uçub, cəsəd qalıb
Baxıram, qaraltıdı.

İgid Koroğlu da:

Titrəyir əllərim, tor görür gözüm.
Mənmi qocalmışam, ya zəmanəmi? – deyir.

Böyük Nizami Gəncəvi qocalığı qərib bir axşama bənzədir:

Gənclik nurlu səhərdir, qocalıq qərib axşam,
Biri parlaq günəşdi, biri öləziyən şam.

Başqa bir şeirində isə:

Cavanlığı yola saldım, nə gəzirsən? – soruşsan,
Belim əyri, cavanlığı axtarıram hər zaman.
…İtən gənclik soraqilə qocalar yer süründükcə,
Büküldü bel, bu mümkünmü ömür daim cavan keçsin?

– deyərək qocalmanın insanoğlunun yaşlanması ilə bağlı yaratdığı mənzərənin bədii tablosunu çəkir.
Bəşəri narahatçılıq olan qocalmadan təşvişə düşmək düşüncəsini Xaqani Şirvani:

Gənclik bir qızıldır, ömrün əlindən,
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsiylə həmin qızılı,
Torpağı yuyuram göz yaşımla mən

– şəklində poetikləşdirib.
Şərqin müdrik nəsihət kitablarından olan "Qabusnamə"də "Qocalıq və cavanlıq qaydaları" haqqında deyilir: "Qocalıq elə bir xəstəlikdir ki, heç kəs onu yoxlamağa gəlməz, elə bir dərddir ki, ölümdən başqa heç bir həkim onu sağalda bilməz… Hər xəstəlikdə yaxşılaşmaq ümidi var, qocalıqdan başqa".
Kitabın eyni fəslində ifadə edilən bir nəsihət də yenə qocalıqda insanın ehtiyatlı olmağı haqqında nəsihətdir: "Qocalıqda səfərə çıxmaq yaxşı iş deyil, xüsusilə yoxsul üçün. Çünki həm qocalıq düşməndir, həm yoxsulluq. İki düşmənlə yola çıxmaq isə ağıllı adama yaraşmaz".
Başdan-ayağa qədər həyati məsələlərə, yaşayış normalarına həsr edilmiş bu kitabda "saç-saqqalına çəkilmiş ağ xətlərin ölüm fərmanı" olduğunu dərk edən müdrik bir ata oğluna nəsihət edir ki, "Beş şey insana üz verdikdə dərhal onun simasını dəyişdirər: biri gözlənilməyən şadlıq, biri qəflətən baş vermiş bədbəxtlik, biri qəzəb, biri yuxu, biri sərxoşluqdur. Altıncı qocalıqdır. İnsan qocaldıqda onun siması dəyişilər, amma bu, başqa növ dəyişmədir".
Yenə "Qabusnamə"də aşağıdakı fikir də diqqətçəkicidir: "Bir qoca kişi deyib ki, cavanlığımda yaman fikir çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər. İndi qocalmışam, mən özüm onları istəmirəm".
Göründüyü kimi, "çarəsiz bir axşam olan" qocalıqdan təşvişə düşmək insana məxsus bir narahatçılıqdır.
Bu narahatçılığı Saib Təbrizi aşağıdakı şəkildə poetikləşdirir:

Qocalıq gəldi, bu da özgə aləm oldu,
Əyilən qamətimiz körpü kimi xəm oldu.

İstədi göz yaşımız laləni sirab eləsin,
Göz yaşı sel ki deyil, adicə şəbnəm oldu.

M.P.Vidadi:
Puç olsun qocalıq gördün ki, necə,
Bir pulca xublara gəlməzmiş vecə.

Qasım bəy Zakir:
Ah kim, aldı mənim əqlü-kamalım qocalıq,
Eylədi misli xəzan çöhreyi-alım qocalıq.

Heyran xanım:
Ox tək yaydan çıxdı ömrümün varı,
Başıma yığıbdır qocalıq qarı.

M.Ə.Sabir:
Əfsus qocaldım,
ağacım düşdü əlimdən,
səd heyf cavanlıq.

B.Vahabzadə:
Cavanlıqda –
Əllər uzun, dillər qısa,
Qocalıqda –
Dillər uzun, əllər qısa.
Cavanlıqda –
Günlər qısa, illər uzun,
Qocalıqda –
Günlər uzun, illər qısa

– deyərək cavanlıq-qocalıq məfhumunu fəlsəfi şəkildə mənalandırırlar.
Aşıq Alı:

Axtarıb tapdı məni,
Bilmirəm hardan qocalıq.
Ağlımı aldı əlimdən,
Huşumu sərdən qocalıq.
Müxtəsər qoydu məni,
Xeyirdən-şərdən qocalıq

– deyərək ömrünün qüruba yaxınlaşmasının ilk səbəbini qocalıqda görməsi onu göstərir ki, söz sərraflarını yaşlanma, qocalma düşüncəsi az məşğul etməyib. Onlar insan oğlunun yaşlanması ilə bağlı yaratdığı duyğu və düşüncələrini bədiiləşdiriblər.
Yunan filosofu Aristoteldən soruşurlar ki, ağıl qüvvəti haradan alır? Cavab verir ki, hamı qüvvəti yeməkdən alır. Ağılın yeməyi isə hikmətdir.
Hikmət sahibləri də qocalığa çox zaman fəlsəfi bir don geydirərək, öz ağrı-acılarını çox vaxt qocalığa ünvanlayaraq, təsəlli tapmağa çalışırlar. Elə ulu Şəhriyarımız kimi. O, qocalığı bir xəstəlik kimi poetikləşdirir:

Naxoşluq da qocalıqla əlbirdir,
Qoymaz qoca dolandıra başını.

Ağız-burun zinə verir çeşmə tək,
Siləmmirəm gözlərimin yaşını.

Şəhriyar həyat yoldaşının, iki qızının vəfatından sonra çox məyusluğa düçar olduğunu, zəmanənin onu nehrə kimi çalxaladığını, payızlaşmış zəmiyə döndərdiyini, qocalıqla taleyin ona gətirdiyi əzab-əziyyətlərin bir-birinə tuş gəldiyini, bu dərd-sərdən yetim tək üz-gözünü neybət basdığını, səliqə-səhmanının qarışdığını şeirin dili ilə ifadə edərək, acı-acı şikayətlənir:

…Qışın qərə qeyidi alıb mənim canımı,
Xortdan deyib qocalıq, kəsib mənim yanımı.

…Eldən məni qocalıq azğın salıb, salacaq,
İtirdi Təbrizimi, ulduzdu Tehranımı.

Bizim də çayxanamız çay tökərək qonağa,
Doldurdu zərdab ilə mənim də fincanımı.

İnsan oğlu dərk edir ki, niyə min illərlə yaşayan, daim bərqərar olan dağ-daşı yaşadan zaman qocalmır, zamanın yetişdirdiyi insan isə göz görə-görə qocalır. Balinaların 200, qarğaların hətta 300 il yaşadığı haqda alimlər məlumat verirlər. İnsan ömrü isə nə az, nə çox, orta hesabla təxminən 100 ildir. Planetin yaşı 100-ü ötüb keçən sakinlərinin sayı azdır. Yer üzündə yaşı qeydə alınıb qorunan neçə-neçə çoxəsrlik yaşı olan ağaclar var. Amma çoxəsrlik yaşı olan bir nəfər insan belə qeydə alınmayıb.
Ağdaş rayonundakı yol kənarında çayxana yanındakı bir çinar ağacının tarixinin 1495-ci il olduğu, Zaqatalada dövlət qoruğunun şah əsəri olan təbiət abidəsi ağacın gövdəsində "700 il" yazılıb. Hələ Azərbaycanın və bütün dünyanın bizə məlum və məlum olmayan neçə-neçə belə şah əsəri mövcuddur. İnsan ömrü bu təbiət möcüzələrinin qarşısında ancaq həsəd çəkə bilir, bacarsa, ancaq qibtə edə bilir. Alimlər hesab ediblər ki, insan 500 il yaşaya bilər. Ancaq planetimizdə belə uzunömürlü insanı nə görən olub, nə də haqqında bir məlumat bilən var. Olsa-olsa, 120-130 yaşdan yuxarı yaşlı insan haqqında ara-sıra yazılara rast gəlinir.
Dövrü mətbuatda, televiziya verilişlərində ara-sıra dünyada yaşı 100-ü keçmiş sakinlərdən söhbət açılır. Türkiyənin Şanlı Urfadan olan 113 yaşlı Məhmət Aslan Dədə (SOW TV kanalı 1.02.2011), I Dünya müharibəsinin son iki ingilis əsgərindən biri olan Henry Allinghamın 113 yaşında öldüyü, ABŞ-ın ən yaşlı adamı Walter Breuningin 112 yaşında öldüyü (bax: "Hürriyət" qəzeti,19 iyul 2009) yazılır.
Son zamanlar bəzi elmi fərziyyələr də var ki, 20 il sonra dünyaya gələnlər 1000 il yaşayacaq. 2011-ci ildə türk qəzetlərinin birində İngiltərədəki Cambridge Universitetinin biomedikal gerontoloq (yaşlılıq xəstəlikləri doktoru Aubrey De Grey super insanın 20 il içində dünyaya gələcəyini və bu insanın 150 yaşını görəcəyini söyləmişdi. Grey 1000 il yaşayacaq insanın da gələcək 20 il ərzində doğulacağını iddia edir. Grey yaxın gələcəkdə bütün xəstəliklərə çarə olacağı üçün insan ömrünün min ilə qədər uzanacağını iddia edir, yaşlanmanın 25 il içində kontrol altına alınacağını söyləyir. O zaman insanlar doktorlara xəstələnmədən gen və kök hücrə terapisi kimi medikal kontrollar üçün gedəcəyini deyir (bax: "Hürriyet". 8 Temmuz (iyul) 2001, səh. 7).
İngilis alimi Aurbey De Grey insanın yaşlanmasına səbəb olan 7 əsas amilin aşağıdakılar olduğunu iddia edir:
1. Hüceyrə itkisi. Nəticə: qəlb, beyin və əzələ rahatsızlığı.
2. İstənməyən hüceyrələrin artması. Nəticə: yağ hüceyrəsinin yaranması və şəkər xəstəliyi.
3. Hüceyrədəki genetik dəyişmə. Nəticə: xərçəng.
4. Hüceyrələrin illər ərzində enerjisinin azalması. Nəticə: hüceyrə ölümü.
5. Hüceyrələrin içində birikmə. Nəticə: korluq.
6. Hüceyrələr xaricindəki birikmə. Nəticə: beyin funksiyasının pozulması.
7. İstənilməyən protein bağının yaranması. Nəticə: damar divarlarında çöküntü nəticəsində qan təzyiqinin artması.
Əlbəttə, avaz çox yaxşıdır. Kaş ki, tibb bu yüksək zirvəni fəth edə bilsin. Amma insan oğlu 1000 il yaşasa belə yenə bu dünyadan doymaq istəməz. Bir xalq bayatısında deyildiyi kimi:

Mərmər qaya oyulmaz,
Çil balası soyulmaz,
Yüz deyil, min yaşasan,
Bu dünyadan doyulmaz.

İstər tibbin optimist məlumatları, istərsə də ədəbiyyatda bədii bir salnamə təşkil edən fikirlər düşündürücü fəlsəfi ümumiləşdimələrlə insan oğluna dünyanın iki bucağını – gənclik və qocalıq bucağını göstərərək, insanın yaşlanma ilə yaranan duyğu və düşüncəsinin tablosunu göz önünə sərir. Müdriklər deyiblər ki, cavanlıq da dəliliyin bir növüdür. Ona görə cavana dəliqanlı deyirlər. Cavanlıqdan – dəliqanlılıqdan müdrikliyə gedən yol isə kamilləşmə yoludur. Təbiətin insana rəva gördüyü bu yol - insan oğlunun ömür yoludur.
Hər doğan sabahın bir axşamı olduğu kimi, hər gəncliyin bir ixtiyar çağı olduğunu söz sərrafları özləri nə gözəl ifadə və etiraf ediblər. Sənət adamlarının, müdrik insanların qocalığın sonunun nəhayət ölüm olduğunu dərk edən "gəlimli-gedimli, bir ucu ölümlü" dünyaya mesajlarını söylədiklərini gənclik-qocalıq pəncərəsindən baxıb şərh etməyə çalışdıq və bu mövzunu B.Vahabzadənin aşağıdakı şeiri ilə yekunlaşdırmaq istədik:

Qocalığın bir əlacı var ancaq,
Gəncliyində qatı düşmən bildiyi,
Hər şey ilə barışmaq.
Qəlbindəki giley ilə barışmaq,
Qoyma dişlə,
Ləng yerişlə,
barışmaq,
Zəif görən gözüylə də
barışmaq.
Lap ölümün özüylə də barışmaq!



Maarifə Hacıyeva
professor