Şumer inanclarında Azərbaycan ruhuna doğma soraqlar Mədəniyyət

Şumer inanclarında Azərbaycan ruhuna doğma soraqlar

Türk "Yaradılış" dastanı belə başlayır: "Daha heç bir şey yoxkən "Tanrı Qara Xan"la "su" vardı. Qara xandan başqa görən, sudan başqa görünən yoxdu". Bu parça artıq Absu/Xəzər dənizinin göydən ayrıldığı dövrə uyğun gəlir. Lakin hələ dünya yaranmayıb. Qara Xan təklikdən sıxılır. Bu zaman dəniz dalğalanır. Dalğalar arasından Ağ Ana çıxır və Qara Xana "yarat" deyib yenidən suya girir. Şumer mətnlərində Nammu sudan çıxıb oğlu Enkiyə "insanı yarat" deyir. Burada Tanrı Qara xan- Enki və Ağ Ana- Nammu eyniliyi qarşımıza çıxır. Bundan sonra Qara Xan bir "kişi" yaradır. Kişinin kimliyi açılmır. Qara Xanla kişi suyun üstüylə uçurlar. Kişi Qara Xandan yuxarıda uçmaq istəyir, onu sezən Qara Xan kişinin uçmaq qabiliyyətini əlindən alır. İlk insanın sudan yaranması bu dastanda öz ifadəsini tapıb. Lakin hələ o kişi də, onun hansı sudan və necə yaranması da sirr olaraq qalır.
Burada Şumer mətnlərilə yaxından səsləşən və maraq doğuran ciddi mət-ləblərin üstünə işıq salmaq üçün yaxşı ipucu verilib. Şumer mətnlərində tanrıların uçduqları tez-tez vurğulanır. Onlar əksər hallarda qanadlı təsvir olunurlar. Qanad Göyə bağlılığın, səma mənşəli olmağın rəmzidir. Tanrı Qara xan və onun yaratdığı kişi də dənizin üstüylə uçurlar. Görünür, türk "Yaradılış" dastanını düzüb-qoşan və onu yaddaşlarda yaşadan insanlar çox qədim zamanlarda tanrıların və onların yaratdıqları ilk insanların uçduqlarına həqiqətən inanıblar. Nağıllarımızdakı "uçan xalça" da uçmağın sonrakı təsəvvüründən başqa bir şey deyil. Bir qırğız əfsanəsinə görə, Taztağ (Keçəl dağ) dağında qəhrəman Aydagül yaşayırmış. O, yerimir, uçurmuş. Tarixin müəyyən dövründə insanlarda sözün həqiqi anlamında uçmağın mümkünlüyünə şübhə yaranıb və "uçan xalça" obrazı uydurulub. Tanrıların və insanların uçmasının Şumer mətnlərindəki və türk "Yaradılış" dastanındakı təsviri eyni etnik düşüncənin məhsulu sayıla bilər.
Qara Xan dünyanı yaratmaq istəyir. Kişiyə deyir ki, dənizin dibinə enib ordan torpaq çıxarsın. Kişi suyun dibinə enib torpaq çıxararkən gizlincə özü üçün də ağzında torpaq gətirir. Kişi ovcunda gətirdiyi torpağı suyun üzünə səpir, Qara Xan torpağa böyü deyir. Torpaq böyüyür və dünya yaranır. Qara Xanın "böyü" buyruğundan sonra kişinin ağzında gizlətdiyi torpaq da böyüməyə başlayır və az qalır kişini boğub öldürsün. Qara Xan işi başa düşüb ona "tüpür" deyir, kişi tüpürür və bayaqdan dümdüz olan dünyada dağlar, dərələr, təpələr, uçurumlar, yarğanlar əmələ gəlir. XX yüzilliyin ilk illərində Q.K.Zavaritskiy Saratovdan bir mif yazıya alıb. Onun məzmunu türk "Yaradılış" dastanından qətiyyən fərqlənmir. Ona görə də Q.K.Zavaritskinin onu türklərdən yazıya aldığına şübhə yoxdur. Orada da Tanrı suyun üstündə gəzir. Təklikdən darıxır. Tüpürür və "bir canlı varlıq yarat" deyir. Bu tüpürcəkdən bir nəhəng yaranır. Tanrı ona tapşırır ki, suyun altından torpaq gətir. O da ağzında torpaq gizlədir. Az qalır ki, boğulub ölsün. Tanrı ona tüpür deyir. Dağlar, dərələr o cür yaranır.
Mürsəl Həkimovun Qazax rayonunun qocalarından yazıya aldığı "Dünyanın yaranması" əsatirinin məzmunu dünyanın yaranması haqqında Şumer miflərilə yaxından səsləşir: "Yerlə Göy bir-biri ilə göbəkbitişik imiş". Bu, Yerlə Göyün (Şumerdə Anla Kinin) bir-birindən ayrılmadığı çağlara uyğun gəlir: "Qapalı dünyanın göbəyi tən ortadan partlayır. Qapalı dünya iki yerə bölünür". Bu da Enlilin Yeri və Göyü (Anla Kini) bir-birindən ayırıb dünyanı yaratmasilə üst-üstə düşür. Bu mifdə Göy (An) ata, Yer (Ki) ana, Enlil onların oğludur. Şumer və türk törəyiş dastanlarında dünyanın yaranması yalnız xaosdan kosmosa keçid nəticəsində reallaşıb. Digər xalqların mifologiyasında rast gəlinən dünyanın üçlü modelinin də ilkin qaynağı Şumer mətnləri olub. Həmin modelin ilkin sxemini belə təsvir etmək olar: An (Yuxarı dünya, Göy); Enlil (Orta dünya, Yerlə Göyün arası); Enki (Aşağı dünya, Yer). Göründüyü kimi, Şumer və türk törəyiş dastanlarında dünyanın yaranma modeli tamamilə bir-birinin eynidir. Avropa alimləri bu həqiqəti dönə-dönə yazıbar ki, dünyanın yaranması haqqındakı miflərin və modelin ilkin vətəni İki-çayarası olub. Yuxarıda deyilənlər şumer və türk xalqlarının kosmoqonik-mifoloji, epik-poetik düşüncəsinin eyni olduğunu göstərir. İndi böyük inamla demək olar ki, bu model ilk dəfə şumer-türk epik düşüncəsinin məhsulu kimi yaranmış, sonra şumer-türk qaynağından Bibliyaya keçib, nəhayət, digər xalqlar, o cümlədən hind-avropa xalqları tərəfindən mənimsənilib.
Türk "Yaradılış" dastanında Kişinin pis niyyətləri Qara Xana xoş gəlmir və onu ərlig (şeytan) eləyib işıqlı dünyadan qovur. Sonra Qara Xan doqquz budaqlı ağacın hər budağından bir insan yaradıb. "Yaradılış" dastanına görə, Tanrı Qara Xan insanı yaradandan sonra göyün on yeddinci qatına qalxıb dünyanı ordan idarə edir. Yeddinci qatda Gün ana, altıncı qatda Ay Ata oturub. Buradan aydın olur ki, türk kosmoqoniyasında ilk insanı Tanrı Qara Xan yaradıb. Şumer qaynaqlarında da ilk insanı tanrıların yaratdığından söhbət gedir. Hazırda insanın və dünyanın yaranmasıyla bağlı Şumer dilində bir neçə mətn tapılmışdır. Onlardan üçü daha qədimdir və ilkin variant hesab olunur. Hətta onların üçünün də e.ə.III minillikdə yazıya alındığı ehtimal edilir. Bu üç qədim mətndən ikisi ABŞ-ın Filadelfiya universitetində, biri isə Parisin Luvr muzeyində saxlanır.
Bu qədim mətnlərin sonrakı mətnlərlə həm oxşar, həm də fərqli cəhətləri var. Bütün mətnlərdə insanları yaratmaqda məqsəd eynidir: Tanrılar özləri ağır işlər görürlər, onların öhdəsindən gələ bilmirlər, çox əzab-əziyyət çəkirlər. İnsanı yaradırlar ki, bütün bu ağır işləri onlara tapşırsınlar.
Qədim mətnlərdə ağır iş görən mələklər tanrı Enkiyə müraciət edirlər. O dərin yuxuya gedib heç kəsi eşitmir. Bu zaman bütün tanrıların və Enkinin anası Nammu öz oğlunu oyadıb ondan xahiş edir ki, mələkləri bu ağır yüklərdən azad etmək üçün insanları yaratsın. Enki onun sözünə qulaq asır və insanı yaratmağa razılıq verir. Tanrıların anası Nammu və Yerin tanrısı Ninmax insanı yaratmağa başlayırlar, Enki özü də onlara kömək edir. Sonrakı mətnlərdən fərqli olaraq burada insanın yaranmasında Anın, Enlilin, Mamanın, Nintinin adları çəkilmir.
Başqa bir mətndə isə ilk insanı tanrı Arurunun yaratdığından söhbət açılır. Bu artıq Şumerə qədərki dövrə aiddir. Bu mətn sözsüz ki, ən qədim motivləri qoruyub saxlasa da, sonralar üzü köçürülərkən güclü şəkildə təhrif olunmuşdur. Bu mətnə görə, guya yeri Xıdır (Marduk) yaratmışdır. Halbuki şumerlər dövründə Xıdır (Marduk) böyük tanrı olmayıb. O yalnız Babil dövründə böyük ad qazanıb. Mətn də həmin dövrə uyğunlaşdırılıb. Ümumiyyətlə, babillilər bütün Şumer mətnlərini mənimsəyib, onları yenidən işləmişlər. Şumer tanrılar panteonunu babillilər olduğu kimi götürüb, tanrıların funksiya və vəzifələrini saxlamış, yalnız adlarını dəyişdiriblər. Nəhayət, ən böyük mətn bir poema şəklində olub, "Atraxasis haqqında nəğmə" adlanır. Burada əsas motivlər eyni olsa da, süjet bir qədər başqadır. Tanrılar dünyanı yaradandan sonra mələklər ağır işlərə qatlaşır və əziyyət çəkirlər. Bu ağır işləri görmək onları heç cür razı salmır:

Bir vaxt tanrılar insan
kimi yaşayırdılar,
Ağır işlər görərək,
zənbil daşıyırdılar.

Mələklər düz iki min beş yüz il bu ağır işlərə birtəhər dözürlər, lakin palçıqda, bataqlıqda, tozda, torpaqda işləməkdən bezirlər. Yavaş-yavaş Enlildən şikayətlənirlər, onun vəzifəyə düzgün qoyulmadığını dilə gətirirlər, onu dəyişmək tələbləri səslənir. Külünglərini sındırıb, bellərindən tonqal çatıb, zənbillərini oda atıb Enlilin məbədinin qapısına yığışırlar. Mələklər burda əməlli-başlı üsyan qaldırırlar. Enlil yubanmadan böyük tanrıları yanına çağırır. An, Enki, Ninurta, Nerqal gəlirlər. Hətta böyük tanrıların söhbətlərindən bəlli olur ki, mələklər Enlilin öz oğlanlarıdı. Enlilin məsləhətçisi Nusku Enlilə deyir ki, "sən öz oğlanlarından niyə qorxursan?"
Mələklər bir-birini qardaş sayırdılar. Ağır işlər görüb bezdikdə mələklərin ağsaqqalı yoldaşlarına "qardaşlarım" deyə üz tutmuşdur. Bu məqamları ona görə xatırladıram ki, onlarda insanın yaranmasının sirləri gizlənib. Enlil mələkləri öldürmək istəyir, An da, Enki də onunla razılaşmırlar. Mələklərə doğrudan da ağır işlər tapşırdıqlarını etiraf edirlər. Axı mələklər çox zərif, çox incə varlıqlardı, onların gördükləri işlər mələk işi deyil. An və Enki mələklərin işinin ağır və dözülməz olduğunu təsdiqləyirlər. İnsanın yaranması fikri ilk dəfə burada ortaya çıxır. Ata tanrı An insanın ulu nənəsini yada salır. Deməli, insanı yaratmaq problemi yoxdur. Onun ulu nənəsi var, qadın var, ana var. Əsərdə həmin "ulu nənə", insanı yaradacaq ana Nintidir. Onu çağırır və insanı yaratmağı tapşırırlar. Ninti insanı yaratmağa razı olur, ancaq onu təkbaşına yox, "yalnız Enki ilə birlikdə yarada biləcəyini" vurğualyır. Maraqlıdır ki, Ninti niyə bir başqa qadını yox, Enkini seçib? Bir mətndə deyilir ki, həyat toxumu Günəş sisteminə uzaq kosmosdan gətirilib. Həmin toxum Enki və Nintidir. Ninti qadındı-anadır Enki kişidi-atadır. Deməli, insan bic deyil, anası da var, atası da.
Doğrudur, poemanın sonrakı parçalarında insanın gildən-palçıqdan yaradıldığı vurğulanır, ancaq orda çox gizli, örtülü saxlanmış bir mətləb də var. Bu da ondan ibarətdir ki, Ninti tanrılardan birinin qanını gillə yoğurur və insanın mayası tanrı qanı ilə gildən qoyulur. Tanrı qanı geni bildirir: İnsan tanrı qanından, tanrı genindəndi. Bir çox alimlər gil sözünün müstəqim anlamını əsas götürdüklərinə görə, onunla kodlaşdırılmış həqiqəti aça bilməyiblər. Halbuki "gil" və "tanrı qanı" poetik kodlardır. Onları başa düşmək üçün həm bütün Şumer epik mətnləri ilə tanış olmaq, həm də mətnləri duymaq lazımdır. Bunların hər ikisi eyni dərəcədə önəmlidir. Gil ana bətnini ifadə eləyir. Bunu poemanın son parçalarında aydın görmək olur. Burada gilin bircə sirri var. Onu açmaq üçün əsərin mətninə diqqət yetirmək kifayətdir.
Poemanın başlanğıcında mələklər Enlilə qarşı qiyam qaldırırlar. Mələklər tanrıların öz övladlarıdır, onlar ağır işlərə, əzab-əziyyətlərə dözməyib öz atalarından- Enlildən intiqam almağa qalxırlar. İndi həmin ağır işlər, əzab-əziyyətlər boyunduruq kimi insanların boynuna taxılacaq. İnsan tanrı övladı olduğunu bilsə, o da sabah qiyama qalxacaq. Bax bu qiyamın baş verməməsi üçün tanrılar insanın tanrı övladı olduğunu gizlədiblər. Onların guya gildən yarandığını uydurublar. Lakin poemada təkcə o gildən yoğrulma səhnəsini bir kənara qoysaq, insanın elə bu gün bizim bildiyimiz qaydada ana bətnində mayalanmağından tutmuş doğuluşuna qədər hər şeyi aydın şəkildə təsvir edilmişdir. Gildən yoğrulma ana bətnində mayalanmanın obrazlı, poetik ifadəsindən başqa bir şey deyil.

İslam Sadıq
araşdırmaçı