Dilarə Kazımova “Eurovision-2014”ün finalına çıxıb Mədəniyyət

Dilarə Kazımova “Eurovision-2014”ün finalına çıxıb

Danimarkanın paytaxtı Kopenhagenin "B and V" arenanın səhnəsində "Eurovision-2014" mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. APA-nın məlumatına görə, "Eurovision-2014" şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra "Eurovision-2013" mahnı müsabiqəsinin qalibi olmuş Emmelie de Forest ona qələbə qazandıran "Only teardrops" mahnısını uşaqlarla birgə təqdim edib. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.
16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Ermənistan təmsilçisi Aram MP3, daha sonra Latviyanın "Arzemnieki" qrupu, Estoniyanın istedadlı müğənnisi Tanja, İsveçdən Sanne Nielsen, İslandiyadan "Pollapönk" qrupu, Albaniyadan Hersi Matmuja, Rusiyadan "Tolmaçova bacıları", Azərbaycan təmsilçisi Dilarə Kazımova, ukraynalı Mariya Yeremçuk, Belçikadan Aksel Hirsoks, moldovalı Kristina Skarlat, San Marinodan Valentina Monetta, portuqaliyalı Suzi, Niderlanddan "Kommon Linnets" qrupu, Monteneqronun Sergey Çetkoviç, Macarıstandan Andras Kallay Saunders öz ifalarını təqdim ediblər.
Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Danimarkanın müxtəlif guşələrinin görüntüləri olub. Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb. Bunlar Azərbaycan, Rusiya, Ermənistan, Monteneqro, Macarıstan, San Marino, Ukrayna, İsveç, Hollandiya və İslandiyadır. Müsabiqənin birinci yarımfinalı dünyanın 45-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Müsabiqənin II yarımfinal mərhələsi mayın 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.