

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin 28 May - Müstəqillik Gününə həsr olunmuş elmi-ifaçılıq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider, müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin müstəqilliyimiz haqqında çıxışının videoyazısı ilə başlayıb.
Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov xalqımızın müstəqillik uğurunda apardığı mübarizədən bəhs edib.
Məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Baxşiyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, klassik musiqinin təbliğinə göstərdiyi böyük diqqət və qayğısı haqqında danışıb və elmi-ifaçılıq konfransların mahiyyətini vurğulayıb. Qeyd edib ki, elmi-ifaçılıq konfransları ilk dəfə məktəb-studiyanın yaradıcısı və rəhbəri mərhum professor Tərlan Seyidov tərəfindən bir layihə kimi irəli sürülüb. Həmin ənənə bu günə qədər məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova tərəfindən qorunub saxlanılır.
Daha sonra məktəbin şagirdləri, gənc məruzəçilər Hüseyn Quliyev (fortepiano), Rauf Bağırzadə (fortepiano), Elşad Məmmədli (truba), Cəlalə İsmayılzadə (fortepiano), Araş Seyfpour (fortepiano), Rasim Əfəndiyev (vokal) elmi-ifaçılıq konfransında çıxışlarında ifa etdikləri dünya klassiklərinin (Edvard Qriq, Friderik Şopen, Viktor Kalinnikov, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və Tofiq Quliyev) əsərlərinin musiqili təhlilini təqdim edərək, müəllimlərin onlara ünvanlanan suallarını cavablandırıblar.
Məktəbin direktoru Sevda Məmmədova, musiqişünas Vəfa Həmidova çıxış edərək şagirdlərə və onları hazırlayan müəllimlərə böyük uğurlar arzulayıb, yaradılan şəraitə görə muzeyin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Sonra iştirakçılara muzeylə yaxından tanış olublar, maestro Niyazinin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat əldə ediblər.
Beləliklə, şagirdlər həm elmi-ifaçılıq konfransda çıxışları ilə özlərinin musiqi biliklərini göstərib, həm də ekskursiya vasitəsilə maarifləniblər.